Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Nizami Gəncəvi. Leyli və Məcnun (71)


əvvəli

BAĞDADLI SƏLAMIN MƏCNUNUN
QÖRÜŞÜNƏ GETMƏSİ


Deyir söz ustası, onu dinlə sən:
Bağdad şəhərinin əhalisindən
Vardı səxavətli, gözəl bir insan,
Camal sahibiydi o aşiq oğlan.
Bəlalər seylinə düşüb dünyada,
Eşqin silləsini dadmışdı o da.
Başından aşsa da məhəbbət dərdi,
Hər dərdə qatlaşıb qəmə dözərdi.
Dünya söyləyirdi adına Səlam,
Bəxt isə vermişdi o gəncə səlam.
O, eşq aləmində mərd dayanardı,
Şer oxumağa çox eşqi vardı.
Qeysin inci saçan o şerləri
Aləmə yayılıb düşəndən bəri
"Dərd əhli" deyirdi ona insanlar,
Onun pak təbinə heyran olanlar.
Dərdlilər eşitcək onun səsini,
Sürərdi yanına öz dəvəsini.
Ad qoydu Məcnunun eşqi dünyada,
Şəhərlər dolaşıb çatdı Bağdada.
Onun hər şerini gözəllər belə,
Deyirdi səs-səsə aşiqlər ilə.
Səlam düşündü ki, Bağdaddan getsin,
O qəmgin aşiqi ziyarət etsin.
Dəvəni yükləyib yola düzəldi,
Çaparaq bir ucsuz səhraya gəldi.
Qovdu dəvəsini bir neçə ağac,
Axtardı aşiqi o yamac-yamac.
Səlam yol uzunu soraq alaraq,
Məcnunu bir yerdə tapdı çıl-çılpaq.
Yenə dörd yanında vəhşi durmuşdu,
Boyunbağı kimi halqa vurmuşdu,
Şövq ilə inləyən o zəifbədən
Əsirlik duyurdu haman həlqədən.
Məcnun hiss etdi ki, o gözəl cavan
Yanına gəlmişdir uzaq bir yoldan,
Verdi vəhşilərə belə bir qərar:
Bütün qılıncları qına qoysunlar.
Səlam da aşiqi gördüyü zaman
Ona səlam verdi ürəkdən, candan.
Xoş gəldi səlamı onun Məcnuna,
Ürəkdən yaxınlıq göstərdi ona.
Onu cavabıyla xoşhal eylədi,
Hardan gəldiyini sual eylədi.
Gənc dedi: "Səninçin dolaşıram mən,
Çölə düşməyimin səbəbi sənsən.
Bağdad şəhərindən bura gəlmişəm,
Ta görüb üzünü şadlanım bir dəm.
Bağdadda rahətcə yaşardım, düzü,
Heç vaxt görməmişdim mən səfər üzü.
Gözəl sözlərinə çox həvəsim var,
Onunçün qürbəti etdim ixtiyar.
Dünya işıq alır camalından, ah,
Səni görməyimə yol verdi allah.
Bu qalan ömrümü, ey qərib həmdəm,
Səndən başqasıyla sürməyəcəyəm.
Ayaq torpağını öpə-öpə mən
Boyun qaçırmaram heç bir əmrindən.
Sənsiz çıxmayacaq mənim nəfəsim,
Yanından gələcək daima səsim.
Yazdığın hər şeri oxuyub müdam,
Əzbərdən öyrənib yadda saxlaram.
Gözəl sözlərini dedikcə əzbər,
Könlümün qəmləri dağılıb gedər.
Mən də çəkinmərəm heç bir bəladən,
Məni öz könlünlə tanış eylə sən,
Oxu sözlərindən, dinləyim hərdən,
Hesab et məni də bu vəhşilərdən.
Mən kimi bir gəncin qul olmağından
Sənə heç bir zərər toxunmaz, inan.
Sövda qəfəsində dustaq bir quşam,
Eşqin ağrısını mən də duymuşam".
Gülüb hilal kimi onun üzünə,
Məcnun cavab verdi onun sözünə:
"Ey nazla, nemətlə bəslənmiş insan,
Bu yol qorxuludur, qayıt bu yoldan.
Kişi olsan belə, tayım deyilsən,
Yüzdə bir qəmimi yeməmisən sən.
Yalnız vəhşilərdir könlümə həmdəm,
Mən öz qeydimə də qalan deyiləm.
Bəsdir bu səhrada düşdüyüm dara,
Yaramın üstündən gəl vurma yara.
Bil ki, bambaşqadır bizim dərdimiz,
Uyuşa bilmərik səninlə hərgiz.
Sənə söhbətimin nə faydası var?
Mənim söhbətimdən divlər də qaçar.
Hər gün bir mənzildə yatıb qalıram,
Hər gecə bir yerdə mən yurd salıram.
Mən artıq vəhşiyəm, sən isə insan,
Xoşdur öz cinsini gəzib tapasan.
Bil ki, dəmir kimi olsan da möhkəm,
Səni də əridər ahımdakı qəm.
Su kimi canımı oxşasan da sən,
Yanğıma bir gecə dözə bilməzsən.
Görürsən əliboş müflisəm bu dəm,
Qonaq qalmağını rəva görmürəm.
Yazıqlıq səsidir cahanda səsim,
Bir mənəm, bir də ki, sövda nəfəsim.
Olmazsan mənimlə bu yerdə həmdəm,
Sən sevdiyin cana mən qəsd edirəm.
Öz paltar bəndimi boşaltdıqca mən,
Sən öz kəmərini düzəltməkdəsən.
Şələmi çiynimdən atıram bu an,
Sənsə başqasıyla qucaqlaşırsan.
Mənə dost olmaqdan ümidini kəs,
Mən büt sındıranam, sənsə bütpərəst.
Get, mənim məskənim xarabalıqdır,
Məndən dost nəfəsi ummaq artıqdır.
Bilirəm, yol gəlib zəhmət çəkmisən.
Sənin qulun olum, zillət çəkmisən.
Indi ki, sən məni gördün pərişan,
Allaha tapşırıb qayıt bu başdan.
Xoşluqla getməsən bu yerdən əgər,
Zorla qaçırdacaq səni zillətlər".
O sözlər etmədi Səlama əsər,
Qəbula keçmədi o nəsihətlər.
Dedi: "Yalvarıram, halıma bir yan,
Gəl suyu gizlətmə susuz qalandan.
Izin ver, qiblənə baş əyim bir az,
Məhəbbət adlansın qıldığım namaz.
Yolum səhv olarsa səcdədə bir dəm,
Yenə səcdə qılıb üzür istərəm".
Səlam çox yalvarıb yaxardı yenə,
Məcnun razılaşdı onun əhdinə.
Səlam süfrəsini açıb tökərək,
Çıxardı qarşıya halvayla çörək.
Dedi ki: "Dostluğa göstərək həvəs,
Gəl mehriban olaq çörəyimi kəs.
Qəlb açan olsa da bu yeməməyin,
Bu bir-iki löqmə lazımdır yəqin.
Hərçəndi kişinin kişiliyi var,
Canının qüvvəti yeməklə olar".
Məcnun cavab verdi: "Öz bədənimdən
Yemək yeyənləri öldürmüşəm mən.
Kim ki, öz canının qeydinə qalır,
Çörəklə halvadan o, qüvvət alır.
Mən öz varlığımdan düşmüşəm uzaq,
Məni öldürəmməz bu ac yaşamaq".
Səlam anladı ki, o talei kəm
Yeməksiz, yuxusuz dolaşıb hər dəm,
Hər yana üz tutub gəzir fərari,
Bir yerdə durmayır səbri, qərari.
Qəlbi inciməsin, sınmasın deyə,
Dedi: "Sür ömrünü qəm yeyə-yeyə.
Fələyin dövranı bir yerdə qalmaz,
Ürəyin daima pərişan olmaz.
Hər anda bir varaq açıb bükərək.
Çox iti fırlanır bu çərxi-fələk.
Cahanda göz yumub açana qədər
Yuz nəcat qapısı açıla bilər.
Heç də qəmgin olma çəkdiyin qəmdən,
Taki yer tapdağı olmayasan sən.
Indiki dərdinin sonu xoş olar,
Bir gün ağlamağın gülməyi də var.
Mən də sənin kimi ürəyim dağlı.
Könüldən xəstəydim, ayaqdan bağlı,
Allahın köməyi sayəsində mən
Qurtardım canımı o dərddən, qəmdən.
Nəhayət bir sükut qaplayar səni,
Sən də unudarsan bu vaqiəni.
Bu sövda şöləsi nə mehribandır,
Gənclik atəşinin alovundandır.
Kişidən cavanlıq gəlib keçəcək,
Bu odlu kürənin odu sönəcək".
Məcnun o aqili dinləyib qəlbən,
Yerdən durmadısa, oynadı yerdən.
Dedi: "Zənn etmə ki, mən bir sərxoşam,
Ya hava-həvəsə məftun olmuşam.
Eşqin şahənşahı mənəm cahanda,
Xəcalət çəkmirəm bundan bir an da.
Qüsl ilə canımı təmizlədim mən,
Torpağın, şəhvətin bəhanəsindən.
Nəfsin çirkabından can qurtararaq,
Həvəs bazarını dağıtmışam, bax.
Ömrümün mənası eşqdir müdam,
Məhəbbət bir oddur, mənsə bir "ud"am.
Məhəbbət evimi tutduğu zaman
Mən də öz köçümü çəkdim ortadan.
Ömrümü hesaba alanmı vardır!
Mən yoxam, var olan yalnız o yardır.
Nə vaxt ki, göylərdən ulduz azalar,
Mənim də eşqimin qəmi az olar.
Çöllərin qumları sayılsa əgər,
Mənim də könlümün eşqi silinər.
Indi ki, həmsöhbət oldun mənimlə,
Gəl, ayıb sözünü gətirmə dilə.
Boyuna, halına nəzər sal da sən,
Gəl əl çək vurduğun bu tənələrdən.
Çəkdi o sərkərdə yaxşı bir məsəl;
Saxla öz işinin ölçüsünü gəl.
Bil ki, qızışaram soyuqluq etsən,
Yalnız qisas alıb yumşalaram mən.
Sən məni dilinlə incitsən əgər
Getməz dostluğumuz axıra qədər.
Könül qəzəbindən qızışan zaman
Həya da, ismət də qalxar ortadan".
Məcnun, bu sözləri ədəblə dedi.
Hərifə astaca tənbeh eylədi.
Hərif də Məcnunu tanıdı əlan
Xəta çıxarmadı bir də ağzından.
Heç kəslə qaydasız danışma ki, sən,
Axırda utanıb üzr istəyəsən.
Kamanın boşsa da, bərksə də əgər,
Ehtiyatsız çəksən bəla gətirər.
Boş olsa məlamət gətirər kaman,
Bərk olsa xəcalət gətirər kaman.
Bağlı bir qıfılı açmaq istəsən,
Əvvəlcə sınaqdan keçir onu sən.
Harda quyu varsa, ipsiz iş olmaz,
Ayaqsız bir yol da başa vurulmaz.
Məcnun ilə Səlam bağlayıb ilqar,
Bir neçə günlüyə yoldaş oldular,
Şirin qəzəllərin axırdı səsi -
Məcnunun qonağa buydu töhfəsi.
Məcnun şerləri dedikcə bənd-bənd,
Onları döşünə yığırdı o mərd.
Çox zəif düşmüşdü Məcnun bu zaman,
Büsbütün qalmışdı yeyib yatmaqdan.
Səlamsa bunlara heç dözməyirdi,
Yeməkdən yatmaqdan əl üzməyirdi.
Elə ki, buxçası boşaldı, yenə
Qayıtmaq istədi o öz evinə.
Axır vidalaşıb atdı Məcnunu,
Vəhşilər içində tək qoydu onu.
Bağdada üz tutub yola düzəldi,
Yadında bir neçə qəsidə gəldi.
Harda bir qəsidə çıxsa ağzından,
Bütün dinləyənlər olurdu heyran.

davamı
XS
SM
MD
LG