Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:29

A.Qeybulla: 'Aprel ayında çoxsaylı xəstələr üzə çıxsa,...'


Bakı yaşlıları evdə oturmur?
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Bakı yaşlıları evdə oturmur?

Hazırda dünyanın aparıcı ölkələri koronavirus pandemiyası ilə mübarizədə mümkün qədər çox test keçirərək virusa yaxalanan şəxsləri sağlam əhalidən ayırmağa çalışırlar. Daha sonra onların müalicəsinə başlanır. Bəzi ekspertlərin fikrincə, məhz Cənubu Koreya kimi ölkələr sürətli testlər aparmaqla koronavirusla mübarizədə ciddi uğurlar əldə ediblər.

Hələlik, rəsmi qurumlardan Azərbaycanda indiyə qədər yeni koronavirus şübhəsi ilə bağlı neçə nəfərin testdən keçirildiyini dəqiqləşdirmək mümkün olmayıb. Hərçənd, bəzi yerlı saytlarda yer alan məlumatlara görə,10 minə yaxın şəxs indiyə kimi belə testdən keçirilib.

F.Mustafa
F.Mustafa

«Bizdə isə insanlar...»

Deputat Fazil Mustafa da hesab edir ki, əhalinin testdən keçirilməsi vacib məsələdir. Onun fikrincə, bu da geniş imkanlar, personal tələb edir: «Amma burada belə cəhət var ki, bizim cəmiyyət xəstəliyini çox vaxt açıqlamağı sevməyən, yalnız səhhəti ağırlaşandan sonra həkimə müraciət edən cəmiyyətdir. Avropada insanlar könüllü müayinəni ilk profilaktika olaraq görürlər. Bizdə isə insanlar xəstəliyin simptomları üzə çıxdıqdan sonra onu müalicə etməyə daha çox meyl göstərirlər».

Deputatın deməsinə görə, vətəndaş müəyyən olunmuş yerlərdə bunu həll etmək imkanına sahibdir, amma bu problemi ev-ev gəzərək çözmək çətindir.

Tibb sahəsi üzrə professor Adil Qeybullanın AzadlıqRadiosuna deməsinə görə isə, bəzən bu virusun aşkarlanmasında kart-testlərdən istifadə edilir ki, bəzən bu, xəstəliyi dəqiq göstərmir. Onun fikrincə, Çin və bəzi ölkələrin təcrübəsi çox böyük texniki imkanlar hesabına prosesi lokallaşdırmağın mümkün olduğunu göstərib. Professorun da vurğulamasına görə, hansı ölkələr ki, bu imkanları yüksək səviyyədə həyata keçirə bilirsə, orada proses tez lokallaşır:

A.Qeybulla
A.Qeybulla

«İndi biz aprel ayını gözləyirik»

«İndi biz aprel ayını gözləyirik. Çünki bizdə bu virusa yoluxanların da gizli dövrü mart-aprel ayı üzə çıxa bilər. Əgər aprel ayında hər şey yaxşı olsa, deyə bilərik ki, təhlükə sovuşub. Yox, aprel ayında çoxsaylı xəstələnənlər üzə çıxsa, əlbəttə, bir müddət bu problemi yaşamalı olacağıq».

A.Qeybulla qeyd edib ki, bütün bunlarla yanaşı, dövlət müəyyən tədbirlər görür, ən mühüm tədbirlərdən biri də təmasların məhdudlaşdırılmasıdır: «İnsanlar qaydaları pozurlar, məsələni ciddi qəbul etmirlər, təkcə hökumətin gördüyü tədbirlər yetərli deyil. İnsanlar özləri də diqqətli olmalıdırlar».

Xatırlama

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 19 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 87 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləridir. Dünən - martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

XS
SM
MD
LG