Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:51

ABŞ dövlət katibinin köməkçisi sülh müqaviləsinin tezliklə imzalanmasına çağırıb


ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Yerevanda
ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Yerevanda

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi təkcə uzun müddətdir davam edən münaqişəyə son qoymayacaq, həm də regiona Rusiyanın təsirini azaldacaq və Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət yolu açacaq.

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində bunu da deyib ki, Birləşmiş Ştatlar məhz buna görə iki qonşu ölkəni “belə bir müqaviləni qarşıdan gələn həftələr və aylar ərzində imzalamağa çağırır”:

“Bizim nəzərimizdə Mərkəzi Asiyadan Aralıq dənizinədək ərazidə yeni ticarət yolunun yaradılması üçün nəsildə, bəlkə də bir neçə nəsildə bir dəfə ələ düşən imkan var. Bu yalnız Ermənistan və Azərbaycan arasında sülh olarsa, baş tuta bilər. Bu, təkcə sadəcə olaraq ticarətə deyil, həm də bütün yol boyunca yeni sənayelərin açılmasına imkan verəcək”.

Ceyms O’Brayen bunu da vurğulayıb ki, o sözü gedən yol boyunca ölkələrin daha az Rusiya təsiri istəməsini görür.

ABŞ dövlət katibinin köməkçisi deyib ki, sözü gedən ticarət yolu Azərbaycandan keçərək Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahilinədək mövcud nəqliyyat xətlərini də gücləndirəcək:

“Bu iki marşrut Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara ilk dəfə olaraq Rusiyadan və ya Çindən asılı olmayan çıxış verəcək”.

Rusiyanın Ukraynada “ilişib qaldığı” bir vaxtda

Azatutyun yazır ki, sülh müqaviləsinin imzalanması həm də Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvana Yerevanın yurisdiksiyasında olmayacaq dəhliz tələb etməsinə görə əngəllənir.

Azatutyun qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə Bakı və Ankaranın “Zəngəzur dəhlizi” adlandırdıqları bu yol Türkiyə ilə Mərkəzi Asiyanın türkdilli dövlətləri arasında əlaqə yaradacaq.

Bakının tələbinə Vaşinqtonun münasibəti barədə suala cavab verən O’Brayen deyib:

“Biz adətən ticarət marşrutunu nəzərdə tuturuq. Bu, əslində Ermənistanın “Sülhün yol kəsişməsi” ideyasına da bənzəyir. Yəni bir növ yol mənasında başa düşülməlidir”.

ABŞ diplomatı ümidvar olduğunu bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasının əlavə “dividentlərini” başa düşür:

“Rusiya Ukraynada qalib gəlmir və yəni Qafqaza uzun illər olduğu bir şəkildə qayıtmayacaq. Odur ki, xüsusilə də Ermənistan vətəndaşlarının bunu deməsi mühümdür: “biz qərara gəlmişik ki, irəliyə doğru gedək, biz geri qayıtmaq istəmirik”. İndi isə Rusiyanın Ukraynada ilişib qalmasına görə irəliyə getmək imkanı var”.

Moskvanı qəzəbləndirən siyasət

Azatutyun yazır ki, Ermənistan hökuməti bir müddətdir xarici və təhlükəsizlik siyasətini Qərb istiqamətinə çevirib və bunun nəticəsində Moskva və Yerevan arasında misli görünməmiş gərginlik yaranıb.

Moskva Yerevanı Birləşmiş Ştatlar və Avropa İttifaqının nəfinə Rusiya-Ermənistan münasibətlərini sistemli olaraq dağıtmaqda ittiham edir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ötən həftə iddia etmişdi ki, Qərb ölkələri Ermənistanın Rusiya ilə müttəfiqliyinə “realist alternativ” təklif etmirlər.

Azatuyun yazır ki, Moskva habelə Qərbin Azərbaycan-Ermənistan münaqişəsinin çözümünə yönəlik səylərinə son dərəcə tənqidi yanaşır.

Rusiya rəsmiləri iddia edirlər ki, ABŞ və Aİ-nin əsas məqsədi Rusiyanı sıxışdıraraq regiondan çıxartmaqdır.

Azatutyun bunu da vurğulayır ki, baş nazir Nikol Paşinyanın Azərbaycana yönəlik siyasəti ölkə daxilində də tənqidlərə səbəb olur.

Paşinyanın demarkasiya çərçivəsində sərhəd zonasındakı dörd kəndin Azərbaycana qaytarılmasına dair qərarı Yerevanın küçələrində hiddətli etiraz aksiyalarına səbəb olub.

Buna baxmayaraq O’Brayen iki ölkə arasındakı sərhəd razılaşmasını alqışlayıb və bunu “növbəti addımlar üçün konstruktiv təməl” adlandırıb.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər.

Onlar demarkasiya işlərinə mane olmaq üçün Yerevan-Tbilisi magistral avtomobil yolunun Kirants kəndi yaxınlığından keçən hissəsini bağlamışdılar. Bu hissə razılaşmaya görə Azərbaycanın nəzarətinə düşür.

Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdular.

Qalstanyan mayın əvvəllərində bir neçə yüz tərəfdarı ilə Tavuşdan Yerevana yürüş etdiyini bəyan etmişdi. Lakin hərəkata demarkasiyaya qarşı etirazla başlayan Tavuş arxiyepiskopu Yerevanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi.

Hazırda keşiş Qalstanyanın çağırışı ilə küçə etirazları davam edir. İqtidar Paşinyan və hökumətinin istefasına dair tələbləri rədd edir və antihökumət etirazlarının getdikcə zəiflədiyini deyir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG