Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:53

ABŞ Ukraynaya 1.7 milyard dollarlıq iki yardım paketi açıqlayır 


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar iyulun 29-da Ukraynaya 1.7 milyard dollarlıq iki yardım paketi açıqlayıb.

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) deyib ki, 200 milyon dollarlıq prezident paketinə havadan müdafiə sistemləri, HIMARS sistemləri üçün sursatlar, artilleriya və minaatan mərmiləri, Javelin və digər antitank raketləri daxildir.

ABŞ Müdafiə Departamenti isə Ukraynanın təhlüksizliyinə yardım təşəbbüsü (USAI) çərçivəsində 1.5 milyard dollarlıq paket açıqlayıb.

Bu resursların “Ukraynanın hava müdafiəsini” uzaq məsafəli atəş qabiliyyəti və antitank silahları vasitəsilə gücləndirəcəyi bildirilir. Körbi qeyd edib ki, həmçinin Birləşmiş Ştatların daha öncəki ianələrini saxlamaq üçün avadanlıq verilir.

Con Körbi
Con Körbi

Ukraynaya yardımın yaratdığı baxış fərqi

“Pew” tədqiqat mərkəzinin iyulun 29-da açıqladığı hesabata görə, amerikalıların yarıdan çoxu Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalın uzanmasından və ayrılan yardımla bağlı xərclərindən narahatdır.

Konqresdəki hər iki partiyanın Ukraynaya yardımı dəstəkləməsimə baxmayaraq, ABŞ ictimaiyyəti Vaşinqtonun göstərməli olduğu dəstəyin səviyyəsi barədə fərqli fikirdədir. Bunu da “Pew” tədqiqat mərkəzinin sorğusu üzə çıxarıb.

Mərkəz qeyd edir ki, amerikalıların 48 faizi Birləşmiş Ştatların Ukraynaya kömək etmək üçün məsuliyyət daşıdığına inanır, 49 faiz isə bununla razılaşmır.

Respublikaçıların mövqeyi

Son vaxtlar Konqresdəki respublikaçılar arasında Ukraynaya dəstəyi gücləndirməklə bağlı kampaniyalar aparılır. Ancaq “Pew” yazır ki, respublikaçıların təxminən yarısının fikrincə, Vaşinqton Ukraynaya həddən artıq yardım ayırır. Ümumilikdə amerikalılar üzrə bu göstərici 29 faizdir. Cəmi 19 faiz amerikalı ABŞ-ın yetərincə dəstək göstərmədiyini deyib.

Respublikaçılardan prezidentliyə namizəd və keçmiş prezident Donald Tramp (Donald Trump) iddia edir ki, seçilərsə, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalını 24 saatın içində dayandıra bilər. Ancaq amerikalıların cəmi 34 faizi bu müharibəni ABŞ-ın maraqlarına “böyük təhdid” sayır, hesabatda belə deyilir.

“Pew” onu da üzə çıxarıb ki, Rusiyanın Ukraynanı tutaraq Avropada digər ölkələri də işğal edəcəyi ehtimalı demokratları respublikaçılardan daha çox narahat edir.

Yardıma qarşı müxalif mövqeyə baxmayaraq, Rusiyaya “sərt iqtisadi sanksiyaların saxlanmasına geniş ictimai dəstək” var, “Pew” tədqiqat mərkəzinin iyulun əvvəlində 9 min 500 nəfər arasında keçirdiyi sorğu bunu da ortaya qoyub.

XS
SM
MD
LG