Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:57

Aİ Rusiya neftinə qismən embarqo qoyur


Macarıstanın Baş naziri Viktor Orban (ortada) və Fransa Prezidenti Emmanuel Makron (sağda) Brüssel sammitində
Macarıstanın Baş naziri Viktor Orban (ortada) və Fransa Prezidenti Emmanuel Makron (sağda) Brüssel sammitində

Embarqo yalnız dənizlə daşınan Rusiya neftinə aiddir, kəmərlə idxal olunan neftə sanksiyalar müvəqqəti şamil olunmur

Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel deyir ki, blokun Rusiyadan neft idxalına embarqosu Moskvanın nefti üçün istədiyi qiyməti ucuzlaşdıracaq, eyni zamanda xaricə satdığı neftin həcminə təsir göstərəcək.

“Biz Rusiya üçün ən vacib müştəriyik. Məqsəd Rusiyanın hərbi maşınını yedizdirən maliyyə resurslarını azaltmaqdır”, – Borrel mayın 31-də deyib.

Bu gün Brüsseldə Aİ sammitinin ikinci günüdür. Aİ neft idxalına qadağanı bir ay öncə təklif edib. Amma neftinin üçdə ikisini kəmərlər vasitəsilə Rusiyadan idxal edən Budapeştin dirənişi sanksiyaların son raundunun yubanmasına səbəb olub.

“Ədalətli kompromisdir... ən yaxşı variantı əldə edə bildik”, – Estoniyanın Baş naziri Kaya Kallas deyib.

Macarıstanın Baş naziri Viktor Orban Facebook-a yerləşdirdiyi videoda bir daha qeyd edib ki, tam embarqo ölkəsinin iqtisadiyyatı üçün “atom bombası” olardı.

***

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsi Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı razılığa gəliblər. Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel mayın 30-da bildirib.

Embarqo yalnız dənizlə daşınan Rusiya neftinə aiddir, kəmərlə idxal olunan neftə sanksiyalar müvəqqəti şamil olunmur. Bu isə əsasən Macarıstanın müqavimətilə bağlıdır.

Ancaq Mişel deyib ki, Brüssel sammitində əldə olunan kompromis razılaşması Rusiyanın “hərb maşınına maliyyənin nəhəng mənbəyini” kəsir.

Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyenin sözlərinə görə, kəmərlə daşınan neftin sanksiyalardan müvəqqəti azad edilməsinə baxmayaraq, qadağanın daha böyük təsiri olacaq. Çünki Almaniya və Polşa ilin sonunadək kəmərlə idxalı azaltmağa könüllü razılaşıblar.

Yeni sanksiya paketində Rusiyanın ən böyük bankı Sberbank-ın SWIFT sistemindən çıxarılması, Rusiyanın üç dövlət telekanalına qadağa, hərbi cinayətlər üçün məsuliyyət daşıyan fərdlərə sanksiyalar da daxildir.

Ukrayna Prezidenti Volodimir Zelenski sammitə müraciətində deyib ki, Aİ liderləri altıncı sanksiya paketini razılaşdırmalı, oraya neft də salınmalıdır. “Rusiya Ukraynaya və bütünlükdə Avropaya qarşı elədiklərinin bədəlini hiss etməli, siz Rusiyanın enerji silahından tamamilə müstəqil olmalısınız”, – Zelenski vurğulayıb.

***

Avropa İttifaqının Rusiyaya qarşı 6-cı sanksiyalar paketi Macarıstanın Rusiya neftindən imtina etməməsi ilə bloklanıb.

Rusiya nefti Macarıstana hələ sovet vaxtı tikilmiş Drujba kəməri ilə nəql olunur.

Reuters agentliyinin tanış olduğu qərar mətninin layihəsindən məlum olur ki, Aİ rəhbərləri arasında Rusiyaya qarşı neft embarqosu məsələsində razılıq prinsipcə hələ də əldə oluna bilər.

Aİ liderlərinin fikrincə, Rusiya neftinə embarqo mərhələli şəkildə qoyula bilər. Başqa sözlərlə əvvəlcə tankerlərlə daşınan, daha sonra isə kəmərlərlə nəql edilən Rusiya neftinə qadağan qoyula bilər.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mayın 30-da etiraf edib ki, bu məsələdə razılaşma əldə etmək mümkün olmayıb.

Lakin o əmin olduğunu bildirib ki, Rusiya neftinə tam embarqo qoyulması hələ də mümkündür.

Estoniyanın xarici işlər naziri Kaya Kallas deyib ki, embarqo barəsində razılaşmanın əldə olunması Aİ-nin 23-24 iyunda keçirəcəyi sammitdə həll oluna bilər.

Rusiya neftinə embarqo qouyulmaması xəbəri rəsmi Kiyevi və onun ittifaq daxilindəki dəstəkçilərini qəzəbləndirib.

Latviyanın baş naziri Krisyanis Karins deyib:

"Söhbət yalnız pul söhbətidir. Ukraynalılar bu pula görə öz qanlarını axıdırlar. Biz onları dəstəkləyə bilərik və dəstəkləməliyik. Çünki yalnız Rusiya məğlub olduqdan sonra biz Avropada rahat nəfərs ala bilərik”.

Bu sammitdən əvvəl Almaniyanın iqtisadiyyat naziri Robert Habek demişdi ki, Aİ-nin həmrəyliyi dağılmaq üzrədir.

***

Avropa İttifaqı (Aİ) diplomatları Rusiyadan neft idxalına sanksiyalarla bağlı kompromisə gəlməyə çalışırlar. Blok bu gün başlanan sammitində Rusiya təcavüzünə qarşı dayanan Ukraynaya dəstəyi gücləndirmək niyyətindədir.

Mayın 29-da kəmərlə daşınan Rusiya neftini sanksiyalardan azad etmək təklifi üzrə razılıq əldə olunmayıb, Macarıstanın buna qarşı çıxdığı bildirilir. Bundan sonra diplomatlar səylərini sammit öncəsi Aİ üzvləri arasında potensial fikir ayrılığını aradan qaldırmağa yönəldiblər.

Təchizatın qəfil kəsilməsi hallarında həmrəylik

Sammitin yekununa dair bəyanat layihəsinə görə, blokun 27 üzvü sanksiyaların növbəti raunduna razılaşırlar, Aİ-yə kəmərlə daşınan Rusiya nefti sanksiyalardan müvəqqəti azad edilir.

AzadlıqRadiosunun əldə etdiyi mətnə düzəlişlər oluna bilər.

Rusiyadan 4 min km-lik Drujba kəmərilə neft alan Macarıstan, Slovakiya və Çex Respublikası indilik nefti almağa davam edəcək. Amma təchizata müəyyən məqamda sanksiya qoyula bilər.

Bəyanata görə, Aİ üzvləri ilin sonunadək dənizlə çatdırılan Rusiya neftini qadağan etmək üzrə daha böyük təklifə razılaşacaq. Sənəd üzv ölkələri “təchizatın qəfil kəsilməsi hallarında həmrəyliyə” çağırır.

Macarıstanın neft təchizatının 65 faizi Drujba kəmərilə gəlir. Bu ölkənin ilkin mərhələdə sanksiyalardan müvəqqəti azadolmaya açıq olduğu deyilirdi, sonradan əlavə güzəştlər tələb etməyə başladı.

Ukrayna Prezidenti Volodimir Zelenski Aİ sammitinə videoəlaqə ilə qoşularaq Rusiyaya cəza tədbirlərini gücləndirməyə çağıracaq.

Yardım

Aİ-nin bəyanat layihəsində Rusiyanın Ukraynaya qarşı təcavüz aktı “qətiyyətlə pislənilir”, blok Rusiyanı “dinc sakinlərə və mülki infrastruktura fərq qoymadan hücumları dərhal dayandırmağa, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki bütün ərazisindən qoşunlarını və hərbi avadanlığını dərhal və qeyd-şərtsiz çıxarmağa” çağırır.

Ukraynada törədildiyi bildirilən hərbi cinayətlərin araşdırılması üçün Kiyevlə birgə komandanın yaradılması alqışlanır. “Rusiya, Belarus, məsuliyyət daşıyanların hamısı hərəkətlərinə görə beynəlxalq hüquqa uyğun cavab verəcəklər”, – sənəddə vurğulanır.

Layihədə o da qeyd edilir ki, Avropa ittifaqı Ukraynaya 9 milyard avroyadək (9.7 milyard dollar) qrant ayırmağa hazırdır.

Fevralın 25-də Ukraynaya təcavüzə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG