Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:43

Apti Alaudinov Kurskda beş 'Axmat' döyüşçüsünün əsir düşdüyünü etiraf etdi


 Apti Alaudinov
Apti Alaudinov

Çeçenistan sakinlərindən səfərbər edilən “Axmat” xüsusi təyinatlı dəstəsinin komandanı Apti Alaudinov “Axmat Çeçnya” alayının beş döyüşçüsünün Ukrayna hərbçilərinin Kursk vilayətindəki əməliyyatı zamanı əsir düşdüklərini təsdiq edib.

Alaudinov bundan əvvəl onun dəstəsindən kiminsə əsir düşdüyünə dair xəbərləri təkzib etmiş və demişdi ki, “əsir düşən çeçen artıq kadırovçu deyil”.

Əsirlər barəsində buna bənzər fikirləri bundan əvvəl Çeçenistanın başçısı Ramzan Kadırov da dilə gətirib.

“Axmat” alayından əsirləri əks etdirən video avqustun 11-də “Xoçu jit” Ukrayna dövlət layihəsinin teleqram kanalında dərc olunmuşdu. Bu layihə könüllü olaraq əsir düşmək istəyən rusiyalı hərbçilər üçün yaradılıb.

Videoda 20-dən az olmayaraq rusiyalı əsir görünür. Onlardan üçü operatora deyir ki, Qroznıda yaşayırlar və “Axmat” alayında xidmət edirlər.

Onların üzləri bağlıdır və kimlikləri məlum olmur. Bu barədə habelə Ukraynanın DeepState araşdırma layihəsi məlumat vermişdi.

Daha sonra Ukrayna ordusu yeni video yayıb. Bu videoda kimliyi naməlum olan əsgər Aida bölməsində xidmət etdiyini deyir. “Axmat” alayının məhz Aida bölümü Kursk vilayətinə göndərilmişdi.

Avqustun 12-də Ukrayna silahlı qüvvələrinin Kurskda döyüşən 225-ci əlahiddə hücum batalyonu Ukrayna ordusunun “Axmat” alayı bölməsini darmadağın etdiyini göstərən fotolar dərc edib.

“Qudermes universiteti”

Çeçenistanda döyüşçülərin əsir düşdüyünə dair xəbərləri indiyədək təkzib edirdilər. Xüsusi təyinatlı “Axmat” alayının komandanı Apti Alaudinov avqustun 12-də bəyan etmişdi ki, onun döyüşçülərindən heç kim əsir düşməyib. O əsirlər barədə məlumatları saxta adlandırırdı.

“Sever-Axmat” alayı da “Axmat-Çeçnya” kimi Çeçenistan sakinlərindən və bütün ölkədən olan “könüllülərdən” təşkil olunur. Onlar Qudermes şəhərindəki “Rusiya xüsusi təyinatlılar universitetində” qısa hazırlıq keçdikdən sonra cəbhəyə göndərilirlər.

Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin ərazisinə avqustun 6-da müdaxilə edib. Həmin vaxtdan bəri regionda döyüşlər davam edir. Kursk, Bryansk və Belqorod vilayətlərinin hakimiyyət orqanları antiterror əməliyyatı rejimi elan ediblər.

Son məlumatlara görə Kurskda onlarca yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarəti altındadır.

Kurskda döyüşlər başlanandan bəri 12 nəfər həlak olub, daha 120 nəfər yaralanıb.

Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrini 120 mindən çox sakin tərk edib.

XS
SM
MD
LG