Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:51

AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləmədi


AŞPA (Arxiv fotosu)
AŞPA (Arxiv fotosu)

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyət məsələsi müzakirə olunurdu.

Müzakirələrdən sonra Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

Müzakirə zamanı çıxışçılar Azərbaycanda media azadlığına təzyiqlərdən, AbzasMedia jurnalistlərinin həbsindən danışıblar. Korrupsiya araşdırmaları ilə tanınan AbzasMedia jurnalistləri qaçaqmalçılıqda ittiham olunsalar da, özləri həbslərini peşə fəaliyyətləri ilə izah edirlər.

Müzakirə zamanı “Tərtər işgəncələri” xüsusi qeyd edilib. İqtisadçı professor Qubad İbadoğlunun hazırda universitetdə dərs deməli olduğu halda, Azərbaycanda həbsdə olduğu vurğulanıb.

Bu da vurğulanıb ki, Azərbaycanda QHT-lər fəaliyyət göstərə bilmirlər.

Çıxışçılar bildiriblər ki, son 20 ildə AŞPA-da Azərbaycanın ünvanına səslənən iradlara məhəl qoyulmur və əslində ildən-ilə eyni tənqidlər təkrar olunur.

Bu da xüsusilə vurğulanıb ki, Azərbaycan nümayəndə heyəti AŞPA məruzəçilərinin bu ölkəyə səfərlərinin təşkilinə dəstək verməyiblər.

Çıxış edənlərdən bir çoxu AŞPA-nın bir təsisat kimi nüfuzunu saxlamaq naminə Azərbaycana dair sərt qətnamənin qəbul edilməsinə çağırıblar.

Müzakirələr zamanı yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyən qətnaməyə səs verməməyə çağırıblar.

Onlar dialoq və plüralizm qapısının açıq saxlanmalı olduğunu vurğulayıblar.

Buna baxmayaraq qətnamə 76 leyhinə, 10 əleyhinə, 4 bitərəf nisbəti ilə qəbul edilib.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətini ratifikasiya etməmək təklifi məhz bu qurumla əməkdaşlığın olmaması ilə izah edilib.

Beləliklə 15898 nömrəli qətnaməyə uyğun olaraq Azərbaycan nümayəndə heyəti AŞPA-nın 2025-ci il yanvar sessiyasınadək səsvermə hüququndan məhrum edilib.

Qətnamə müəllifləri bildirirlər ki, Azərbaycan AŞPA-dan xaric edilməyib və ondan öhdəliklərinin yerinə yetirilməsi istiqamətində konkret addımların atılması gözlənir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırır

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bu barədə nümayəndə heyəti yanvarın 24-də bəyanatında bildirib.

Bəyanatda deyilir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan 2020-ci ilə qədər - 19 il ərzində işğalçı dövləti - Ermənistanı qınamayıb. Ancaq Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra “qarayaxma kampaniyası” ilə üzləşib.

O da vurğulanır ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Nümayəndə heyəti AŞPA-dakı etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu “çirkin kampaniyanın tərkib hissəsi” kimi dəyərləndirib.

+++

Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə deputatlar "təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

AŞPA-nın saytında deyilir ki, bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib.

O, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini bildirib.

Şvabe 2023-cü ildə Azərbaycanın AŞPA məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də xatırladıb.

Bu da xəbər verilir ki, təklif Assambleyanın azı beş milli nümayəndə heyətinin azı 30 üzvü tərəfindən dəstəklənib. Bunu təklifin qəbul olunması üçün Qaydalar tələb edir.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Üç mümkün variantdan biri

İclasa sədrlik edən Emmanuelis Singeris deyib ki, bu təklifin qiymətləndirilməsilə AŞPA-nın Monitorinq Komitəsi məşğul olacaq.

Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra AŞPA bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.

Qeyd olunur ki, bu Qaydalara görə üç variantdan birinə səs veriləcək: nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənəcək, təsdiqlənməyəcək və ya müəyyən şərtlərlə təsdiqlənəcək.

Məsələn Azərbaycan nümayəndə heyətinin Assambleya və onun qurumlarının iştirakında bəzi hüquqları ləğv oluna bilər.

Beləliklə Assambleya qərar qəbul edənədək Azərbaycan nümayəndə heyəti başqa nümayəndə heyətləri ilə yanaşı iclaslarda iştirak edə bilər.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti öz səlahiyyətlərinə dair məsələnin müzakirəsi və səsverməsində iştirak edə bilməz.

Azərbaycan hələlik, AŞPA-da səslənən təklifə rəsmi münasibət açıqlamayıb. Ancaq bu xəbər yayılandan sonra yerli hökumətyönlü mediada baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı “qisas cəhdi” adlandırılır, Azərbaycanın “hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacının olmadığı” deyilir.

Ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından çıxması variantının da gündəmə gələ biləcəyi bildirilir.

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Laçın dəhlizi 2022-ci ilin iyunundan bağlı idi. Azərbaycan bildirirdi ki, Laçın postunu bu dəhlizlə Qarabağa qanunsuz yüklərin daşınmasının qarşısını almaq üçün bağlayıb. 2023-cü ilin sentaybrda Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa edib.

Son həftələrdə Azərbaycanda bir sıra müstəqil jurnalistlər və fəallar saxlanıb və ya həbs edilib. Azərbaycan beynəlxalq tənqidlərə baxmayaraq heç kəsin siyasi baxışlarına görə həbs olunmadığında israr edir. Rəsmi Bakı bildirir ki, ölkədə siyasi məhbuslar yoxdur və insan haqlarına riayət edilir.

AŞPA bundan əvvəl məhdudlaşdırıcı tədbirləri Ukraynaya hərbi müdaxilə etmiş Rusiyaya tətbiq edib.

XS
SM
MD
LG