Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:40

Astarada son illər Aşura mərasimləri fərqli keçirilir


Astarada Aşura günü
Astarada Aşura günü

Astara rayonundakı məscidlərdə Aşura günü indi 4-5 il əvvəllə müqayisədə fərqli qeyd edilir. Son illər olduğu kimi bu il də rəsmi qurumlardan məscidlərə xəbərdarlıq edildiyi bildirilir. Məscidlərə gəlib-gedən insanlarıın verdiyi məlumatlara görə, xəbərdarlıqlarda yürüş keçirtməmək, səsgücləndirici vasitələrdən istifadə etməmək tövsiyə edilib.

Üstəlik, məscidlərə azyaşlıları da buraxmırlar.

Qapıda duran polislər...

Astara Qum məscidinin küçə qapısnda 5-6 nəfər polis durmuşdu. Onlar azyaşlıları geri qaytarırdılar. Adətən əvvəlki illərdə Aşura günü məscidlərin həyətində çadır qurulur, ehsan verilirdi. Bu dəfə çadır yox idi. Məscidin həyətində az sayda adam var idi. Məscidin icərisində mərsiyə deyib, sinə döyürdülər.

Bakıda Aşura
Bakıda Aşura

"Məsciddə kamera var..."

Adının çəkilməsini istəməyən bir rayon sakininin dediyinə görə, məsciddə kamera var, gələnlərin hər addımı izlənir:

“Sovetlərdə 70 il bizə dini qadağan etdilər. Amma onda küçəyə çıxıb yürüş keçirdirdik. İndi yox. Adamlar qorxur...”

Astarada Aşura
Astarada Aşura

"Mağazaların əksəriyyəti bağlıdır"

Həmin şəxs danışdıqca ətrafa baxır. Hiss olunur ki, ehtiyat edir. Digər sakin isə bildirir ki, səhər təndir çörəyi ala bilməyib:

“Aşura günüə görə təndir şörəyi bu gün bişirməyiblər. Mağazaların əksəriyyəti bağlıdır”.

Amma yaşlı bir sakin də Aşura ilə bağlı görülən tədbirləri müsbət hesab edir:

“Aşura günlərində məscidlərimizə İran mollaları gələrdi. Mərasimi keçirdərdilər. Kim məscidə gedərdi, onu İranın adamı hesab edərdilər. 2020-ci ildə koronavirus pandemiyası elan olundu, ölkənin quru sərhədində gediş-gəliş məhdudlaşdırıldı. Onların ayağı burdan kəsildi. İndi belə hallar yoxdur. Məscidin qapısnda polisin durmasına yaxşı baxmıram. Ancaq nə etsinlər? Yəqin nə isə bilirlər ki, bu tədbirləri görürlər”.

"...Pul paylayırlar"

Məscidin həyətinə girənlər qapınn ağzında duran yoxsul sayılan insanlara pul paylayırlar. Burda kimsə su, kimsə cay ehsanı verir. Astara şəhərinin çayxanaları Aşura günü pulsuz işləyir.

Rayonun Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyə məscidində də eyni mənzərə ilə rastlaşdıq. Orada da polislər məscidə yeniyetmələri buraxmırdılar.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa uygun qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmi qurumlar bundan öncə məscidlərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini deyiblər.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən bir çox müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində (milad təqvimi ilə 10 oktyabr 680-ci ildə) orada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır. Məhərrəmlik mərasimi ümumilikdə hicri təqvimi ilə Məhərrəm və Səfər aylarında davam edir ("Aşura" ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir. Qətliam da Məhərrəm ayının 10-da baş verdiyindən "Aşura" adı verilib.

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Qafqaz Müsəlmanları İdarəsi də Azərbaycanda möminlərə tövsiyə edib ki, Aşura mərasimlərində bədənə zəncir vurmaqdansa, qanvermə kampaniyasına qoşulsunlar. Bu il Aşura günü milad təqvimi ilə iyulun 28-nə təsadüf edib.

XS
SM
MD
LG