Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib


Cənub rayonlarında çayları daşdıran səbəblər
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Cənub rayonlarında çayları daşdıran səbəblər

«Deyirlər, hələlik körpünün dağılan hissələrini bərpa etməyə imkan yoxdur. Bizsə tələsirik, istəyirik, bu işlər tez olsun. Həm də körpünün digər hissələrində bərkitmə işləri aparılsın. Yoxsa daha bir yağış körpünü yerli-dibli yox edə bilər».

Bu narahatçılıq Astaranın Ovala kənd sakinlərindən gəlir. Zaur İmranov deyir, oktyabrın əvvəlindən yağan fasiləsiz yağış kənddəki körpünü dağıdıb. 10 günə yaxındır ki, avtomobillərin hərəkəti dayanıb. Bu isə sakinlərinin sayı ümumilikdə min nəfərə çatan bir neçə kəndin həyatını iflic edib.

ƏLAQƏ KƏSİLİB

Kənd sakini davam edir:

«İcra hakimiyyətinin nümayəndələriylə Fövqəladə Hallar Komissiyasının üzvləri kəndə gəlib leysanın zərərlərini araşdıranda, körpünü də siyahıya alıblar. Ancaq indi icra hakimiyyətinə gedirik, deyirlər ki, körpünü bərpa etməyə hələlik imkan yoxdur. Bu «hələlik» nə vaxtadək davam edəcək, onu da bilmirik. Bilinən odur ki, kənd sakinləri günlərdir körpüdən o tərəf – bu tərəfə hərəkət edə bilmirlər. Körpünün o tərəfində iş yeri, sürüsü, məktəbi, bağçası olanlar çarəsiz qalıb».

Sel suları körpünün torpaq qatını və dəmir konstruksiyalı hissələrini «yuyub aparıb». Oktyabrın 4-dən Ovala, Ağ körpü, Xıçaso və daha bir neçə kəndin həm bir-biriylə, həm də rayon mərkəziylə əlaqəsi kəsilib.

Masallının Boradigah qəsəbəsi seldən sonra kömək gözləyir
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

​Ağ körpü sakini Vidadi İsayev:

«Körpüdən avtomobillə keçmək mümkün deyil, məcburuq ki, körpüyə qədər maşınla gələk, sonra da ətəklərimizi çırmalayıb piyada o taya keçək, rayon mərkəzinə gedək. Qəfil bir xəstəmiz düşsə, gərək xəstəni xərəyə qoyub körpüdən piyada keçirək. Ona görə də istəyirik ki, növbəti yağışlar yağanadək körpü düzəldilib istifadəmizə verilsin. Material versinlər, özümüz qollarımızı çırmalayıb işə başlayaq. Təki, sabah bəhanə etməsinlər ki, yağışlar başladı, körpünü düzəldə bilmədilər. Nəzərə alın ki, bir neçə kəndin ən vacib işi bu körpü ilə bağlıdır».

«YAXIN GÜNLƏRDƏ HƏLL OLUNACAQ»

Astara Rayon İcra Hakimiyyəti körpüdə təmir işləri aparılması üçün «Azəravtoyol» ASC-yə məktub göndərib. Qurumdan «Qaynar xətt»ə bildirilib ki, körpünün vəziyyəti ilə bağlı fotolar, videomateriallar çəkilib, akt tərtib olunub, məktuba əlavə olunaraq «Azəravtoyol»a göndərilib:

«Son vaxtların leysanları kəndlərdə bir çox yolları və körpüləri yararsız vəziyyətə salıb. «Azəravtoyol» hazırda siyahıya alınmış həmin yollarda, körpülərdə işlər aparır. Bu işlər növbəli qaydada gerçəkləşdirilir. Ovala kəndindəki körpü də diqqətdədir. Yəqin ki, yaxın günlərdə həll olunacaq».

Ovalalılara və daha bir neçə kəndin sakininə isə körpü bərpa olunanadək sınmış körpüdən xərəkdə keçməmək üçün səhhətlərini qorumaq qalır.

XS
SM
MD
LG