Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

ATƏT DTİHB aralıq hesabat hazırlamayacaq


Arxiv fotosu
Arxiv fotosu

Bu gün, avqustun 1-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyası sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərlə bağlı fəaliyyətə başladığını elan edib.

Missiya rəhbəri, Albaniya təmsilçisi Ditmir Buşati mətbuat konfransında bildirib ki, onların tərkibinə seçkilər, hüquq, media və digər sahələr üzrə 11 ekspert, eləcə də 8 uzunmüddətli müşahidəçi daxildir.

Səsvermə günü ərəfəsində Azərbaycana daha 280 qısamüddətli müşahidəçi gəlməlidir.

Bundan əlavə, ATƏT-in xüsusi koordinatoru və qısamüddətli missiya başçısının rəhbərliyi altında qrup seçkilərə ezam olunacaq.

Müşahidəçilər Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyələrinin icra vəziyyətini də qiymətləndirməlidirlər

Missiya dövlət qurumlarının, siyasi partiyaların, vətəndaş cəmiyyətinin, medianın, beynəlxalq təşkilatların və maraqlı tərəflərin nümayəndələrilə görüşlər keçirəcək.

D. Buşati həmçinin bildirib ki, iyulun 31-də Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası rəhbərliyilə görüşlər keçirib və "bu əməkdaşlığın davam etdiriləcəyinə" ümid edir.

Missiya seçkilərin keçirilməsinin ATƏT üzvünün öhdəliklərinə,digər beynəlxalq öhdəliklərə və standartlara, eləcə də milli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək.

Missiyanın ilkin rəyi sentyabrın 2-də açıqlanacaq və bir neçə ay sonra yekun hesabatın elan edilməsi planlaşdırılır.

Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu aralıq hesabat açıqlamağı planlaşdırmır.

“Əgər hökumət ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyələrini yerinə yetirmirsə, Azərbaycanda seçkilərin monitorinqinin aparılmasının mənası varmı?” sualının cavabında Buşati deyib ki, missiya Azərbaycan hökumətinin dəvətilə gəlib və hər bir ATƏT ölkəsinin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçilərini dəvət etmək öhdəliyi var.

"Biz seçki prosesinə müdaxilə etmirik, heç kimi dəstəkləmirik. Biz prosesin özünü müşahidə edirik və qiymətləndiririk", - Buşati bildirib.


Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi.

Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi isə Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

ATƏT DTİHB bu vaxta qədər Azərbaycanda müşahidəsini apardığı seçkilərin əsasən rəqabət mühtündə keçmədiyini, çoxsaylı pozuntuların qeydə alındığını açıqlayıb. Qurum habelə seçkilərin beynəlxalq standartlara uyğun, rəqabət mühitində keçirilməsi ilə bağlı bir sıra tövsiyyələr də verib. Bu tövsiyələrdə seçki komissiyalarının yenidən formalaşması kimi məsələlər də yer alıb. Amma tənqidləri qəbul etməyən Azərbaycan hökumətinin təmsilçiləri tövsiyələrə də, hələlik, hər hansı müsbət münasibət bildirməyiblər.

XS
SM
MD
LG