Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:31

'Azərbaycanın bu göstəricisi Avropa Şurasında ən aşağıdır'


Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanat yayaraq bu qurumda iştirakını dayandırdığını bildirib
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanat yayaraq bu qurumda iştirakını dayandırdığını bildirib

İndiyə qədər Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı 469 qərar qəbul etdiyi bildirilir. Bu barədə AzadliqRadiosuna danışan hüquqşünas Xalid Ağalıyev həmin qərarların 148-nin icrasına nəzarətin qapadıldığını, yəni bütün qərarların 25 faizinin icra olunduğunu deyib: "Qərarların yerdə qalan 75 faizi isə icra edilməsini gözləyir. Azərbaycanın bu göstəricisi Avropa Şurası (AŞ) məkanına daxil olan ölkələr arasında ən aşağıdır".

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. AİHM-in Azərbaycanla bağlı ilk qərarı isə 2006-cı ildə çıxarılıb.

X.Ağalıyev Azərbaycanı bir neçə il əvvəl AŞ-dan çıxarılan Rusiya və başqa qonşuları ilə müqayisə edir: "Amma Rusiya belə AİHM qərarlarının 64 faizini icra edib... Gürcüstan qərarların 43 faizini icra etməyib... Ermənistan isə 40 faizini icra etməyib. AİHM-in Türkiyə ilə bağlı qərarlarının cəmi 11 faizinin icrası problemlidir".

Əli Kərimli
Əli Kərimli

30 ilin açıq işi...

Haqqında verilən AİHM qərarlarının icra olunmadığını deyən şəxslərdən biri də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. O, AzadliqRadiosuna bildirib ki, AİHM 2017-ci ildə onun seçki hüquqlarının pozulması ilə bağlı qərar çıxarıb: "Şikayət 2010-cu il parlament seçkilərindəki pozuntularla bağlı idi... 22 məntəqədə qələbə protokolunu əldə etdiyimdən AİHM seçki hüququmun pozulması ilə bağlı qərar verdi və 10 min avro da kompensasiya təyin etdi. Kompensasiyanın bir hissəsini hesabıma köçürəndən sonra qalan hissəsi saxlanıldı. 2017-ci ildən 4 min 500 avro kompensasiyanı ala bilmirəm".

Ə.Kərimli deyib ki, 2016-cı ildə AİHM-nin onun xarici pasport ala bilməməsi ilə bağlı verdiyi qərarı da icra edilmir: "Bu il pasportla bağlı bəhanə göstərilən cinayət işinin 30 illiyi olacaq. 1994-cü ilin 10 sentyabrında Bakıda Cabbarlı meydanında mitinq təşkil etmişdim, həbs olundum, ardınca saxtalaşdırdılar ki, cibimdə qumbara olub".

Ə.Kərimli xatırladır ki, Cinayət Məcəlləsinə görə, həmin işdə məsuliyyətə cəlbetmə müddəti 5 ildir: "1999-cu ilə qədər ya ittiham hökmü çıxarılmalı idi, ya da imtina edilməli idi. Halbuki ondan sonra Milli Məclisə deputat da seçildim və 30 il keçsə də, məsələ eləcə qalıb...".

AXCP sədrinin dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma istər Mərkəzi Seçki Komissiyası (MSK), istərsə də başqa rəsmi qurumlar seçkilərlə bağlı şikayətləri bir elə də əsaslı saymırlar. Elə sonuncu-2020-ci ildə keçirilən parlament seçkilərində MSK dörd dairədə pozuntuları səbəb göstərərək nəticələri ləğv etsə də, bütünlükdə hesab edirlər ki, ölkədə gerçəkləşən seçkilər azad və ədalətli olur.

Pasport məsələsinə gəlincə, bununla bağlı AXCP sədrinin şikayətlərinə cavab olaraq bir neçə il əvvəl Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, Azərbaycan məhkəmələri artıq Kərimlinin iddiasına baxıb və pasportun verilməməsini qanuni hesab edib: "Həmin məhkəmə qərarları ləğv edilməyib...".

Xalid Ağalıyev
Xalid Ağalıyev

Qərarların icra edilməmə səbəbləri...

Hüquqşünas X.Ağalıyevin fikrincə, qərarların icra edilməməsinin müxtəlif səbəbləri ola bilər: "Məsələn, AİHM ötən 15-20 ildə qaçqın və məcburi köçkünlərin Bakıda müxtəlif evləri tutmasını mülkiyyət hüququnun pozuntusu kimi tanıyıb. Həmin qərarların icrası problemli idi və problemin səbəbi də bəlli idi - qaçqın və məcburi köçkünlərin zəbt etdikləri evlərdən çıxarılması lazım idi ki, qərar icra edilmiş sayılsın. Bunu reallaşdırmaq müharibəyə (2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsi) qədər çox çətin və anlaşılan idi. Ancaq indi durum tamamilə dəyişib".

"İslahatlar aparılmalıdır"

Hüquqşünas vurğulayır ki, qərarların icrası yalnız təzminatların ödənilməsi və ya işlərə məhkəmələrdə yenidən baxılması ilə başa çatmır: "Məsələn, mövzu fərdlərin azadlıq hüququna siyasi motivlərlə müdaxilə edilməsidirsə, qərarın tam icra olunmuş sayılması üçün hüquqlara siyasi motivlərlə müdaxilə mühitinin aradan qaldırılması lazımdır. Yaxud jurnalistə yazısına görə cinayət cəzası verilibsə və AİHM bunu pozuntu sayıbsa, jurnalistə təzminat ödənilməsi və bəraət verilməsi ilə iş bitmir. Jurnalistlərə yazılarına görə cinayət cəzası verilməsinə imkan verən qanunlar dəyişdirilməlidir".

Hüquqşünasın fikrincə, ona görə AİHM qərarlarının icrasında tərəqqiyə nail olmaq üçün ciddi addımlar atılmalı, həm qanunvericilikdə, həm də təcrübədə islahatlar aparılmalıdır.

Fazil Mustafa
Fazil Mustafa

"Qərar siyasi xarakterlidirsə..."

Hüquqşünasın fikirləri ilə bağlı Məhkəmə-Hüquq Şurası və başqa rəsmi qurumlarla danışmaq mümkün olmayıb. Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, hüquqşünas Fazil Mustafa AzadlıqRadiosuna deyib ki, qərarların icra olunmamasının müxtəlif səbəbləri var, amma çox az səbəb hüquqidir. Onun sözlərinə görə, hökumət hüquqi səbəb olanları icra edir və hər hansı problem yoxdur: "Siyasi səbəb olanlarda müəyyən məqamlar var. Yəni siyasi məqsədlə qəbul olunan, hüquqdan kənar mülahizələrlə çıxarılan qərarlar var ki, bütün ölkələr onlara birmənalı yanaşmırlar. Sadəcə, nəyi və hansı qərarı icra etməkdən söhbət gedir. Qərar siyasi xarakterlidirsə, Azərbaycan onsuz da qərarlarda olan müəyyən qeyri-obyektivlik amillərini dilə gətirir. Görünür, bununla bağlı nüanslar var və bunu istənilən ölkə nəzərə almağa meylli olur, çünki strateji maraqlara və ölkənin mənafeyinə uyğun gəlməyə bilir".

F.Mustafanın fikrincə, son 30 ildə nə qədər ədalətsiz mövqe sərgiləndiyini görmək üçün Azərbaycan-Ermənistan münaqişəsi kontekstində olan qərarlara baxmaq kifayətdir: "İndi də Avropa Şurası Parlament Assambleyasından (AŞPA) Azərbaycanın uzaqlaşdırılması ona görə gülüncdür ki, heç bir ərazini işğal etməyən ölkə uzaqlaşdırılır. Amma 30 il işğalçı olan Ermənistan AŞPA-da bəslənib saxlanıb. Deməli, qərarların çoxu siyasi xarakter daşıdığından dövlətlər də öz müqavimət potensialını və impulslarını ortaya qoyurlar. Ona görə də bu cür qərarlar icra olunmur".

Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib. Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan 2020-ci ilə qədər - 19 il ərzində onun ərazisini işğalda saxlayan Ermənistan qınanmayıb. Bəyanat müəlliflərinə görə, ancaq Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra "qarayaxma kampaniyası" ilə üzləşib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Ötən il Qarabağda aparılan bir günlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

XS
SM
MD
LG