Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:40

AŞPA qərarını verdi. 'Qırmızı düymə basılıb'


Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxış edir. 2014
Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxış edir. 2014

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib. Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib.

Avropa İttifaqı (Aİ) yanında Azərbaycan Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov hesab edir ki, artıq Azərbaycanla bağlı qırmızı düymə basılıb: "Qərb sistemi bəzi məsələlərin üstündən keçməyə çalışırdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən ölkə kimi vacibliyini nəzərə alaraq bəzi məsələlərin üstündən keçirdi. Amma artıq qırmızı düymə basılıb. Son zamanlar Azərbaycan hakimiyyəti öz öhdəliklərini yerinə yetirmir, insanları səbəbsiz həbs edir. Biz görürük ki, bütün bu təşkilatlar uzlaşdırılmış formada təzyiqləri artırırlar. Burada mən əminəm ki, Avropa Parlamentinin, AŞPA-nın, ATƏT-in, Fransa Senatının, Almaniyanın verdiyi bütün qərarlar uzlaşdırılıb".

E.Nəsirov
E.Nəsirov

"AŞPA-ya yalvarmalıyıqmı bizə nümayəndə göndərsin deyə?"

Azərbaycanın Avropa Şurasının (AŞ) tələblərini pozması ilə bağlı göstərilən səbəblərdən biri rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün AŞPA nümayəndə heyətini dəvət etməkdən imtinasıdır. Bunun səbəbini YAP-çı deputat Elman Nəsirov belə izah edir: "Avropa Parlamenti bizə (seçkini izləməyə) nümayəndə göndərmir. Belə olan vəziyyətdə biz AŞPA-ya yalvarmalıyıqmı bizə nümayəndə göndərsin deyə?! Onlar da koordinasiya edilmiş şəkildə, eyni fəaliyyəti göstərirlər. Nəticələri isə bizə bəri başdan məlumdur. 2018-ci ildə prezident seçkilərində biz ATƏT-in də, AŞPA-nın da hazır hesabatla gəldiyinin fərqində idik. Onlar bir dənə də pozitiv nüans, pozitiv hadisə ortaya qoymurdular, ancaq qərəzli davranırdılar. İndiki yaranmış vəziyyətə görə bütün məsuliyyət AŞPA və Avropa Parlamentinin öz üzərinə düşür".

E.Nəsirovun sözlərinə görə, Azərbaycanın öz torpaqlarını təkbaşına işğaldan qurtarması Qərbi narahat edir və buna görə də Azərbaycana qarşı qərəzli mövqe tuturlar.

Halbuki Azərbaycanda demokratik prinsiplərin və insan haqlarının pozulması problemi zaman-zaman gündəmə gəlib, 2020-ci ildə 44 günlük müharibədən öncə də Azərbaycan hökumətindən beynəlxalq təşkilatlar qarşısında öhdəliklərinə, imza atdığı beynəlxalq sənədlərə əməl etməsi istənilib. Məsələn, 2015-ci ildə AŞPA-da Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı müzakirələrdə də Azərbaycanda insan haqlarının, AŞ dəyərlərinin pozulduğu vurğulanıb.

Avropa Şurası Avropanın İkinci Dünya müharibəsindən sonra yaradılan ən köklü institutlarından biridir, başlıca məqsədi insan hüquqlarının, demokratiyanın və qanunun aliliyi prinsipinin qorunmasıdır. Əsas qurumları Nazirlər Komitəsi və Parlament Assambleyasıdır. Rusiya qurumdan çıxdıqdan sonra Avropa Şurası 46 ölkəni və 670 milyon insanın yaşadığı coğrafiyanı əhatə edir. Avropa Şurasına üzv olan dövlətlər Avropa Konvensiyalarına qoşulur, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul edirlər.

Azərbaycan ölüm cəzasını və mətbuat üzərində senzuranı ləğv edəndən sonra - 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olundu. AŞPA-da nümayəndə heyətinin ilk rəhbəri indiki prezident İlham Əliyev olub.

Avropalı məruzəçi şikayət edir:"Azərbaycan əməkdaşlıq etmir"
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Dəyişən rəsmi ritorika

O dövrdə bu hadisə Azərbaycanın milli maraqları baxımından iqtidarlı-müxalifətli böyük uğur kimi dəyərləndirilmişdi. Son illərə qədər hakimiyyətin nəzarətində olan media qurumları Avropa Şurası haqqında danışanda onu beynəlxalq nüfuzlu təşkilat kimi qeyd edirdilər. Lakin son bir neçə ildə Azərbaycanla Qərb arasında münasibətlərin kəskin soyumasından sonra Avropa Şurasına yanaşma da dəyişdi.

Məsələn, yeddi il öncə AZƏRTAC yazırdı ki, "Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb...".

"Torpaqlarımız işğal altında olan zaman susan qurumlar indi ölkəmizə təsir göstərmək üçün yeni mexanizmlər tətbiq edirlər.... Bizə lazım olan vaxtı bu təşkilatlar susmuşdu, kor olmuşdu". Bu isə AZƏRTAC-ın 2024-cü ildə yaydığı məqalədəndir.

"Susmuş, kor olmuş, qərəzli qurumlar" ifadələrindən ibarət eyniməzmunlu ritorika Azərbaycanda Qərbi pisləyən bütün tərəflərə məxsusdur. Məsələn, E.Nəsirov AŞPA-dakı son qərarı şərh edərkən mövqeyini eyni ifadələrlə izah edir: "30 il ərzində torpaqlarımızın işğalda olmasına göz yumanlar bu gün dil açıblar. Kor olanlar bu gün görməyə başlayıblar. Kar olanlar bu gün eşitməyə başlayıblar. Bu, acı reallıqlardır yəni. Xalqımız, ictimaiyyətimiz bunları çox gözəl bilir".

Yeni 'kürü diplomatiyası' iddiası
Gözlə

No media source currently available

0:00 0:07:55 0:00

Rusiyanın AŞ təcrübəsi

Keçmiş sovet respublikaları arasında Avropa Şurası ilə ciddi problemi olan ölkələr Belarus və Rusiyadır. 2022-ci ildə Rusiya Ukraynada müharibəyə başladıqdan sonra, digər Qərb institutları kimi, Avropa Şurası da Rusiyaya qarşı sərt addımlar atdı. Rusiyanın nümayəndə heyətinə daha öncə Çeçenistanda insan hüquqlarının pozulmasına, Krımın ilhaqına görə qadağalar tətbiq edilmişdi. 2017-ci ildə Rusiya nümayəndə heyəti sanksiyaların uzadılması səbəbi ilə AŞPA-dakı fəaliyyətini dayandırdı, Kreml quruma ödədiyi illik 33 milyon avroluq üzvlük haqqını da dondurdu. 2019-cu ildə isə Rusiya nümayəndə heyətinin səlahiyyətləri yenidən bərpa edildi və Rusiya da üzvlük haqqı ilə bağlı yığılıb qalan 54.6 milyon avronu ödədi. Və nəhayət, 2022-ci ildə Ukrayna müharibəsi başlayanda Avropa Şurası Rusiyanın Komitədəki və Parlament Assambleyasındakı bütün hüquqlarını dondurdu. Bunun ardından Rusiya həm Avropa İnsan Haqları Konvensiyasından, həm də Avropa Məhkəməsinin yurisdiksiyasından çıxdı.

Rusiya ilə bağlı Avropa Şurasının davranışları əslində müəyyən suallar doğurur. Məsələn, Çeçenistanda insan haqları və demokratiya təmin olundumu ki, AŞPA əvvəl verdiyi qərardan geri çəkildi? Eyni sual Krımın ilhaqına da aiddir. Yaxud Ukraynaya hücum edən Rusiyanın işğalçılıq aktına görə hüquqlarını donduran AŞPA Ermənistanın da işğalçılıq siyasətini sənədlərdə qəbul etdiyi halda, bəs ona qarşı niyə məhdudlaşdırıcı tədbirlər görməmişdi?

Əslində, Ukrayna müharibəsinə qədər Avropa Şurasının Rusiyaya münasibətdə addımları birmənalı qarşılanmadığı kimi, AŞPA-dakı son müzakirələr də eyni şəkildə Azərbaycanda suallar yaratdı. Çünki 2023-cü ildən öncə də Azərbaycanda ictimai-siyasi fəallara qarşı kütləvi həbslər həyata keçirilib. 2013-2014-cü illərdə neçə-neçə qeyri-hökumət təşkilatları qapadıldı, AzadlıqRadiosunun Bakı ofisi bağlandı, xeyli sayda beynəlxalq təşkilatlar ölkəni tərk etmək məcburiyyətində qaldılar. Sonrakı illərdə azad medianın fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik qanun çıxarıldı və siyasi partiyalar haqqında mürtəce qanun qəbul olundu. Bu qanunlara Venesiya Komissiyası müsbət rəy verməyib. "Tərtər hadisələri" adlanan işgəncə faktları ilə ciddi səs-küyə səbəb olan hadisələr baş verdi.

E.İbrahimov
E.İbrahimov

Geosiyasi səbəb

Keçmiş diplomat Emin İbrahimov bildirir ki, Azərbaycan hal-hazırda AŞ üzvləri arasında demokratikləşmədən ən uzaqda qalan ölkədir: "Xəzər dənizindən qərbə baxanda Azərbaycan yalnız Rusiya və Belarus ilə müqayisə oluna bilər. Bu iki ölkə isə Avropa Şurası üzvü deyillər. Azərbaycan hakimiyyətinin siyasəti Azərbaycanı faktiki olaraq Belarus, Rusiya ilə bir cərgəyə salıb".

Bəzi ictimai-siyasi fəallar, ekspertlər hesab edirlər ki, AŞPA-nın qərarı nə insan haqları və seçkilər, nə də Qarabağla bağlıdır. Bu qərar geosiyasidir. Yəni indiyə qədər avropalıların Azərbaycanda baş verənlərə göz yummalarının səbəbi əslində Azərbaycan prezidentinin Avropa ilə qoruduğu münasibətlərə bağlı idi. Lakin prezident İlham Əliyev sürətlə qütbləşməkdə olan dünyada avtoritar koalisiyadan yana seçim etdiyindən avropalılar da ona müvafiq cavab verirlər. E.İbrahimov bunu belə izah edir: "Səbəb ilk növbədə geosiyasidir. Belə ki, regionda qızışan geosiyasi rəqabətdə Əliyev Putinin yanındadır. Hər ikisi regionda Qərbin və demokratiyanın güclənməsinə qarşı birləşiblər. Qərbin Azərbaycan hakimiyyətinə artan təzyiqləri də bununla əlaqədardır. Qısaca desək, Qərbin Əliyevin üstünə getməsinin əsas səbəbi onun açıq rusiyayönümlü siyasətidir. Bu siyasətin səbəbi isə Rusiyanı öz hakimiyyətinin ən etibarlı dayağı hesab etməsi ilə bağlıdır. Avtoritarizm özünü qorumaq üçün Rusiyaya sığınmağa məcburdur. Nəticədə isə ölkəni daha da qaramata aparır və tərəqqi üfüqlərini bloklayırlar".

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Sanksiyalar gələcəkmi?

İndi ən çox səsləndirilən suallardan biri də budur: Azərbaycana qarşı sanksiyalar gözlənilirmi? Keçmiş diplomat A.Məmmədovun fikrincə, insan hüquqlarının pozulmasında, işgəncələrdə əli olan Azərbaycan rəsmilərinə qarşı fərdi sanksiyalara start verilə bilər.

E.İbrahimov da sanksiyaların tətbiq olunacağını istisna etmir: "Azərbaycana qarşı sanksiyaların qəbul olunması artıq real perspektivə çevrilir. Əslinə qalsa, Qərb çoxdan Cənubi Qafqazda avtoritarizmin əsas qalası olan Əliyev hakimiyyətinə sanksiyalar tətbiq etməli idi. Hazırkı gedişat bu kimi sanksiyaları aktuallaşdıra bilər. Sadəcə sanksiyalar eksklüziv olaraq rejimi hədəfləməli, sadə xalqa mənfi təsir etməməlidir".

Rusiya təcrübəsinə baxıb demək olarmı ki, indi Azərbaycanı da eyni tale – Avropa Şurasından çıxarılma perspektivi gözləyir? Bütün bu baş verənlər onu deməyə əsas verirmi ki, Azərbaycan Avropa ailəsindən uzaqlaşır və ölkəyə də münasibət Avropanın bir parçası deyil, Asiya ölkələrindən biri kimi olacaq? Avropa Şurasında olmaq hakimiyyətə demokratiyanı imitasiya etməyə rahat imkan verirdi. "Londramat" ("Azərbaycan pulyuyan maşını") qalmaqalı göstərdi ki, Azərbaycan hakimiyyəti bunun üçün milyardlarla avro xərcləyirdi.

Bu təşkilata üzvlük isə reallıqda daha çox Azərbaycan cəmiyyətinə, xüsusən ölkədə ədaləti tapa bilməyən və Avropa Məhkəməsinə üz tutan vətəndaşlara fayda verirdi.

AŞPA yalnız Azərbaycanın nümayəndə heyətini 2025-ci il yanvar sessiyasınadək səsvermə hüququndan məhrum edib. Yəni, Azərbaycan AŞPA-dan xaric edilməyib və ondan öhdəliklərinin yerinə yetirilməsi yönündə konkret addımlar gözlənilir. AŞPA deputatları dialoq və plüralizm üçün qapını açıq saxladıqlarını vurğulayıblar...

XS
SM
MD
LG