Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:59

Təhlilçidən: Azərbaycanın Çin və İranla münasibətləri istiləşir, bu kimin xeyrinədir


Azərbaycan prezidenti İlham Əliyev Pekindəki Xalq Yığıncaqları Sarayında keçirilən görüşdə ÇXR sədri Si Cinpinlə əl sıxır.
Azərbaycan prezidenti İlham Əliyev Pekindəki Xalq Yığıncaqları Sarayında keçirilən görüşdə ÇXR sədri Si Cinpinlə əl sıxır.

Azərbaycanın Çin və İranla münasibətlərini genişləndirməsi Moskvanın xeyrinədir, Qərbə ziyan vurur. Bunu amerikalı təhlilçi Pol Qobl (Paul Goble) Ceymstaun Fondunun saytında dərc olunmuş təhlildə yazır.

Müəllif son iki həftədə Azərbaycanın Çin və İranla əlaqələrində əhəmiyyətli istiləşməyə diqqət çəkir. Belə ki, Bakı və Pekin strateji tərəfdaşlıq elan ediblər. Bakı Tehrandakı səfirliyinin işini bərpa edib: "Bu razılaşmalar Cənubi Qafqazda həm şərq-qərb, həm də şimal-cənub tranzit marşrutlarının inkişafına təsir göstərəcək, Ermənistanın hesabına Azərbaycanın əhəmiyyətini artıracaq, həmçinin regionda güc balansını dəyişəcək".

Cənubi Qafqazda dəyişən güc balansı

Təhlilçinin fikrincə, Bakının Moskvanın təbliğ etdiyi antiqərb ölkələrlə daha sıx alyans yaratması Qafqazda və onun hüdudlarından kənarda Rusiyanı gücləndirir, Qərbin mövqeyini zəiflədir.

İyulun 4-də Azərbaycan və Çin liderləri Astanada strateji tərəfdaşlıqla bağlı deklarasiya imzalayıblar. Sənəddə iki ölkənin iqtisadi, hərbi və strateji baxımdan daha sıx işləməsi nəzərdə tutulur.

İyulun 15-də isə Azərbaycan Tehrandakı səfirliyinin işini bərpa edib. Səfirlik 2023-cü ilin yanvarında silahlı hücumdan sonra bağlanmışdı.

"Çin və İranla əlaqələri gücləndirən Bakı Cənubi Qafqazda güc balansını dəyişir, Qərbin mövqeyini zəiflədir, potensial olaraq Moskvaya öz nüfuzunu təsdiqlətmək imkanı açır", - yazan müəllif Çinin Qafqazda nüfuzunu genişləndirməyə, Qərblə özü arasında şərq-qərb tranzitini təmin etməyə, Türkiyənin regionda rolunun güclənməsini önləməyə çalışdığını vurğulayır.

Bakı limanı. Çin Bakıdan narazıdır?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Bakının niyyəti

P.Qoblun fikrincə, elə Azərbaycan da Qərbin Ermənistana dəstəyindən narazılığını bildirmək üçün Çinlə əlaqələrini vurğulamaqda maraqlıdır. Yəni, Bakı göstərmək istəyir ki, Azərbaycanın çoxlarının düşündüyündən daha çox manevr imkanı var.

Təhlilçi qeyd edir ki, Azərbaycan Çin sərmayəsi sayəsində daha çox hərəkət azadlığı qazanacaq, İranla əlaqələrin yaxşılaşdırılması isə "Syunik/Zəngəzur" dəhlizinin açılması yönündə daha çox irəliləyişə malik olmaq imkanı verər. Azərbaycan Ermənistanın Syunik bölgəsindən keçməsi nəzərdə tutulan marşruta "Zəngəzur dəhlizi" deyir, Yerevan isə öz ərazisindən heç bir ölkəyə dəhliz verməyəcəyini bildirir.

Ancaq müəllif Bakının üzləşə biləcəyi çətinlikləri də qeyd edir. Belə ki, Ankara və Tehranın davamlı qarşıdurması, həmçinin İranın İsrailə düşmən münasibəti Bakının iki müttəfiqi ilə sıx münasibətlərində əngələ səbəb ola bilər.

"Ermənistan öz ərazisindən keçən ticarət dəhlizlərində Çin və İranın dəstəyini itirəcək, çünki həm Tehran, həm də Pekin Moskvaya qoşularaq Azərbaycandan keçən marşrutları dəstəkləyə bilər. Belə bir dəyişiklik isə Bakı və digərləri ilə danışıqlarda Yerevanın mövqeyini zəiflədə bilər", - məqalədə deyilir.

ÇXR sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində
ÇXR sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində

Udan kimi, uduzan kim...

Müəllif regiondakı mənzərənin Qərb üçün daha ağır olduğunu yazır. Azərbaycanla əlaqələri gücləndirən Çin təkcə Cənubi Qafqazdakı ticarət marşrutları üzərində nüfuzunu artırmır, həm də İran və Rusiya ilə tərəfdaşlığı möhkəmləndirir. İran Moskvanın müttəfiqi və silah təchizatçısı olaraq mövqeyini gücləndirir. Rusiya isə bu vəziyyətin ən böyük benefisiarıdır. Əslində keçmişdə Moskva Çin və İranın regionda təsirinin artmasına qarşı çıxıb. Amma indi bu ölkələrin Azərbaycanı da antiqərb koalisiyasına cəlb etməsi onu məmnun edir.

Azərbaycan rəsmiləri isə ölkənin xarici siyasətdə dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq etdiyini bildirir.

Bu ay Azərbaycan BRICS-in tamhüquqlu üzvü olmaq istəyini də dilə gətirib. 2024-cü ilə qədər bu təşkilatın beş üzvü var idi - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. Bu il isə təşkilata Birləşmiş Ərəb Əmirlikləri, İran, Efiopiya və Misir də qoşulub.

XS
SM
MD
LG