Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:53

Hökumət Azərbaycanda 600 min yoxsul olduğunu hesablayıb


Bazarda satıcılar xarab tərəvəzləri ona verirlər ki, özünə yemək hazırlasın
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Bazarda satıcılar xarab tərəvəzləri ona verirlər ki, özünə yemək hazırlasın

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin sonuna ölkədə yoxsulluq səviyyəsini açıqlayıb. Rəsmi rəqəmlərə görə, indi ölkə əhalisinin 5.9 faizi yoxsuldur. Bu il yanvarın birinə ölkədə 10 milyon 156 min nəfər yaşadığı bildirilir (yerli əhali sayı). Bu o deməkdir ki, hökumətin hesablamalarına görə, Azərbaycanda 600 min yoxsul şəxs var. Bu rəqəm 2020-ci illə müqayisə aşağı olsa da, hələ də pandemiyaöncəsi göstəriciləri aşır. 2019-cu ildə ölkədə yoxsulluq göstəricisi 4.8 faiz idi. Pandemiya məhdudiyyətlərinin yayıldığı 2020-ci ildə yoxsul sayı təxminən 30 faiz artaraq 6.2 faizə yüksəlmişdi. Həmin göstərici 2011-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək yoxsulluq göstəricisi idi.

Cədvəl: 2001-2021-ci illərdə Azərbaycanda yoxsulluq göstəricisi

İl

Yoxsulluq səviyyəsi

2021

5.9

2020

6.2

2019

4.8

2018

5.1

2017

5.4

2016

5.9

2015

4.9

2010

9.1

2005

29.3

2001

49.0

Kimlər yoxsul sayılır?

Rəsmi bölgüyə görə, yoxsulluq fərdin və ya sosial qrupun bəlli iqtisadi durumunun xarakteristikasıdır. Belələri yaşamaq üçün zəruri azuqə, qeyri-ərzaq və xidmətlərin minimum toplusuna əli çatmır, eləcə də iş qabiliyyəti yetərsizdir.

Hökumətin hesablamasına görə, 2000-ci illərin başından bəri ölkədə yoxsulluq göstəricisi kəskin azalıb. Ancaq müstəqil iqtisadçıların çoxu metodologiyanı manipulyativ, yəni yönləndirici və yanıldıcı sayır. Azərbaycanda yoxsulluğu hesablamaq məqsədilə 1992-ci ildə "Minimal istehlak büdcəsi haqqında" Qanun qəbul edilmişdi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə ölkə üzrə istehlak büdcəsinin məbləği orta əməkhaqqı səviyyəsindən yüksək idi. Bu isə əhalinin mütləq əksəriyyətinin yoxsul olması anlamına gəlirdi. Dünya Bankının 1995-ci ildə apardığı hesablamada Azərbaycanda əhalinin 62 faizinin yoxsul olduğu üzə çıxmışdı. Kəskin yoxsulluqdan əziyyət çəkənlərsə ölkədə hər beş nəfərdən biri, yəni əhalinin 20 faizi idi.

Neft yatağının üstündəki kəndin kasıb camaatı: 'Toxun acdan nə xəbəri?'
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

205 manat

2000-ci illərin əvvəllərində ölkədə yoxsulluğun ölçülməsinə yanaşma dəyişdi. Bu dövrdən sonra artıq hökumət yoxsulluğu ölçməkdən ötrü DSK-nın hazırladığı "Ev təsərrüfatlarının müayinəsi" sənədinə istinad edirdi. Bu yanaşmaya görə, rifah göstəricisi kimi adambaşına düşən istehlak xərclərinin həcmi götürüldü. Belə hesablama əsasında 2001-ci ildə ölkə üçün yoxsulluq səviyyəsinin 49 faiz olduğu müəyyənləşdirilmişdi.

Hazırda istifadə edilən yanaşmaya görə, yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi üçün öncə ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali sayılır. Rəsmi açıqlamada bildirilir ki, 2021-ci ildə yoxsulluq həddi 204 manat 70 qəpik müəyyən edilib. Yəni ayboyu gəliri 204 manat 70 qəpikdən az olan şəxslər yoxsul sayılıb. Müstəqil ekspertlər elə bu rəqəmin reallığı əks etdirib-etdirməməsini dartışır.

'Prezident də, Mehriban xanım da gəlsinlər kasıb-kusubun evinə'
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

57 faiz yoxsulluq riski daşıyır

Dövlət Statistika Komitəsinin ev təsərrüfatları ilə bağlı araşdırmasında ortaya çıxan nəticələr də ölkədə yoxsulluğun real səviyyəsi ilə bağlı şübhələri artırır. Ev təsərrüfatları sorğusuna hər il ölkədə 17 minə yaxın insan qatılır. Həmin sorğuda iştirak edən şəxslər gəlir səviyyəsinə görə 10 bərabər hissəyə bölünüb. Ötənilki tədqiqatın nəticələrinə görə, ən az gəliri olan 10 faizlik əhali qrupunun orta gəliri 171 manat olub. Ən az gəlirə sahib ikinci 10 faizlik əhali qrupunun aylıq gəlir səviyyəsi isə 210 manatmış. Ölkədə 2021-ci ildə yoxsulluq həddinin 205 manata yaxın olduğu nəzərə alınsa və ev təsərrüfatı araşdırmasının nəticələri ölkə əhalisinin sayıyla müqayisə edilsə, bilinəcək ki, əhalinin 20 faizə yaxınının gəliri yoxsulluq həddindən aşağıdır.

Dünya Bankı da 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən dəfələrlə çox - 24 faiz olduğunu açıqlamışdı. Həmin hesabatda Bakıda yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə ortalama 20-30 faiz arasında olduğu qeyd edilirdi. Bankın yayımladığı digər bir hesabatda bildirilirdi ki, ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır. Kənd yerlərində yaşayan toplam əhalininsə 57 faizi yoxsulluq riski daşıyır. Başqa deyimlə, həmin əhali qrupu hazırda yoxsul sayılmasa da, gözlənilmədən üzləşəcəkləri iqtisadi və ya səhiyyə problemləri onları asanlıqla yoxsul əhali qrupuna sala bilər. Bu məqam Azərbaycanda iqtisadi çətinliklərin necə böyük miqyaslı sosial problemlər doğuracağının göstəricisidir.

XS
SM
MD
LG