Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Azərbaycanda koronavirusa yoluxanlarda 10 faizlik ölümün sirri…


COVID-19 testi - nə qiyməti, nə də nəticəsi vətəndaşı razı salır....
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

COVID-19 testi - nə qiyməti, nə də nəticəsi vətəndaşı razı salır.... (Arxiv)

Son həftələr Azərbaycanda koronavirusdan ölüm halları ilə bağlı xoş olmayan bir məqam özünü göstərməkdədir. Rəsmi statistikaya görə, yoluxmaların sayı az olsa da, yoluxanlar arasında ölüm 10 faizə çatır.

Mayın 3-ə olan rəsmi statistikaya görə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan beş nəfərin isə vəfat etdiyi bildirilir. Mayın 2-də də infeksiyaya yoluxanların sayının 28, bu virusa yoluxanlardan isə üçünün öldüyü açıqlanıb. Bu qəribə statistika aprelin sonlarından davam etməkdədir.

Dünya üzrə 1-2 faiz

Dünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, mayın 2-də dünyada 133 min 693 nəfər COVID-ə yoluxub, bu virusa yoluxanlardan 2 min 970 nəfər vəfat edib. Mayın 3-də isə 128 min 878 nəfərin həmin virusa yoluxduğu, 1 min 57 nəfərin də öldüyü bildirilir. Demək, Azərbaycandan fərqli olaraq dünyada bu virusa yoluxanlar arasında ölüm 1-2 faiz civarındadır.

M.İbrahimqızı
M.İbrahimqızı

"Azacıq da olsa, həyəcanvericidir"

Dəfələrlə cəhd edilsə də, bu ziddiyyətə Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan"a bildirib ki, son günlər koronavirusa yoluxanlarla müqayisədə həmin infeksiyadan vəfat edənlərin sayı həqiqətən çoxdur: "Bu, artıq azacıq da olsa, həyəcanvericidir. Pandemiya dövründə biz şahidi olmuşuq ki, əsas ölüm faizini verən ağır, xroniki xəstəlikləri olanlar, immun sistemi zəif olanlar və 65 yaşdan yuxarı şəxslərdir. Hazırda koronavirusdan vəfat edənlər bu kateqoriyalara aid deyilsə, bu, artıq düşündürücüdür".

Deputatın vurğulamasına görə, pandemiyanın bitməsi rəsmi elan olunmayıbsa da, qadağaların, demək olar ki, hamısı ləğv olunub və insanlarda arxayınçılıq yaranıb: "Hərdən baxırsan ki, insanlar xəstəliyini ağır, atipik formada keçirir, amma həkimə müraciət etmir".

"Ola bilsin, həmin şəxslər peyvənd olunmayıb"

Komitə üzvünün fikrincə, rəsmi qurumlar yüksək ölüm faizinin səbəblərini açıqlamalıdır ki, ictimaiyyət də bunu bilsin: "Ola bilsin ki, həmin şəxslər peyvənd olunmayıb. Amma istənilən halda bu, araşdırılmalıdır ki, pandemiyanın, demək olar ki, bitən dövründə ölüm faizi niyə 10 faiz üzərindədir. Müvafiq qurumlar bunu təhlil etməlidir, araşdırmalıdır".

Mövzu ilə bağlı, hələlik, bu virusdan öldüyü bildirilən şəxslərin yaxınları ilə də danışmaq mümkün olmayıb.

"Hamı Mersinə, biz tərsinə…"

Həkim-radioloq Aydın Əliyev isə AzadlıqRadiosuna bildirib ki, səslənən rəqəmlər şübhə doğurur: "Birmənalı olaraq bu, belə deyil. Ölənləri autopsiya etmədən, müxtəlif orqanlardan nümunələr götürüb yoxlamadan necə demək olar ki, həmin şəxslər koronavirusdan ölüb? Adamın, bəlkə, ağır ürək, böyrək xəstəliyi var? COVID də müsbət çıxıbsa, deyirlər, koronavirusdan ölüb. Təbii ki, bu yanlışdır".

A.Əliyev
A.Əliyev

Ekspertin sözlərinə görə, COVID-lə bağlı dünya statistika göstərir ki, Azərbaycandan başqa digər ölkələrdə ölüm statistikası aşağıdır. "Həmişəki kimi, necə deyərlər, hamı Mersinə gedir, biz isə tərsinə gedirik. Hətta pandemiyanın ən ağır dövrlərdə ölüm 10 faiz deyildi, təxminən 1-2 faiz üzərində idi. İndi heç elə deyil, çünki virus mutasiyaya uğradı və onun öldürücü qabiliyyəti getdikcə, ümumiyyətlə, sıfırlanır. Bu gün bir nəfərin COVID-19-a yoluxaraq sırf ondan ölməsi absurddur".

"Ehtimal kimi deyə bilərik ki…"

Mütəxəssis deyir ki, rəsmi statistikada bu rəqəmlərin göstərilməsi səbəbi ilə bağlı müxtəlif ehtimalları irəli sürmək olar: "Amma əlimizdə bir fakt, sübut olmadığına görə niyə bunu etdiklərini deyə bilmərik. Sadəcə ehtimal kimi deyə bilərik ki, karantinin uzadılmasına və quru sərhədlərin bağlı qalmasına bir əsas ola bilər. Amma səbəb dəqiq tibbi səbəb deyil".

2020-ci ilin martından Azərbaycanda koronavirusla bağlı karantin rejimi tətbiq edilir. Həmin vaxtdan ölkənin quru sərhədlərində gediş-gəliş də məhdudlaşdırılıb. Amma peyvəndləmə işlərinin sürətlənməsi ilə paralel olaraq, son illər karantin bir xeyli yumşaldılıb, bununla belə, quru sərhədlərlə bağlı məhdudiyyətlər dəyişmir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə mayın 4-nə kimi bu virusa 831 min insanın yoluxduğunun təsdiqləndiyi, onlardan 10 min 250 nəfərinin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG