Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:49

Bakı Paşinyanın Çexiyada dediklərinə münasibət bildirib


Ermənistanın və Çexiyanın baş nazirləri Nikol Paşinyan və Petr Fiala birgə mətbuat konfransında
Ermənistanın və Çexiyanın baş nazirləri Nikol Paşinyan və Petr Fiala birgə mətbuat konfransında

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Çex Respublikasında səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

XİN bildirir ki, Ermənistan baş nazirinin mayın 4-də Çex Respublikasının baş naziri ilə mətbuat konfransında Azərbaycanın sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağda humanitar böhran yaratdığı ilə bağlı səsləndirdiyi iddiaları qəbul etmirlər.

Nazirlik hesab edir ki, “Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə” hər hansı bir şərh qəbuledilməzdir.

XİN etnik təmizləmə barədə baş nazirin fikirlərini də düzgün saymadığını bildirir və vurğulayır ki, Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir.

Bu il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti bəyanat yayıb ki, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Məlumatda bu addımın atılması "Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması" ilə izah edilir.

Ermənistan rəsmiləri isə hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Paşinyan nə deyib?

Mayın 4-də Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyada bu ölkənin baş naziri Petr Fiala ilə birgə keçirilən mətbuat konfransında demişdi ki, regionda vəziyyət mürəkkəb olaraq qalır.

O bildirmişdi ki, Laçın dəhlizində Azərbaycanın yoxlama-buraxılış postu qurması 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının kobud şəkildə pozulması deməkdir.

Paşinyan vurğulamışdı ki, beynəlxalq birlik Qarabağda yaranmış “humanitar böhrana” ünvanlı və dəqiq qiymət verməlidir.

O demişdi ki, Azərbaycanın hərəkətləri onun Qarabağ ermənilərinin etnik təmizlənməsinə hazırlaşması kimi qiymətləndirilə bilər:

“Bu kontekstdə Dağlıq Qarabağa və Laçın dəhlizinə faktların müəyyənləşdirilməsi üçün beynəlxalq qrupun göndərilməsini zəruri sayırıq. Eyni zamanda buna baxmayaraq Ermənistan hökuməti sülh gündəliyini qəbul edib”.

Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla tam şəkildə danışıqlar prosesinə qoşulub və bunu gələcəkdə də davam etdirəcək.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG