Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:32

Paytaxtla əyalətlərdə qiymət fərqlərinin səbəbləri


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycanın kənd rayonları ilə paytaxt Bakının bazarlarında meyvə-tərəvəzin qiymətlərində kəskin fərq olduğu bildirilir. Məsələn, xiyarın bir kiloqramının qiyməti bəzi rayonlarda 10 qəpik olsa da, paytaxtda bu məhsul 1 manata yaxındır.Bəzi rayonlarda bir kiloqramı 40 qəpiyə təklif edilən pomidoru isə Bakının bir sıra satış məntəqələrində 1 manatdan ucuz almaq mümkün deyil. Paytaxt və əyalətlər arasında digər meyvə-tərəvəzin qiymətlərində də ciddi fərq müşahidə edilir.

Bakı bazarından izah...

Bakının mərkəzində yerləşən bazarlardan birində satıcılar AzadlıqRadiosuna deyib ki, topdansatış məntəqəsindən xiyarı 0,6-0,7 manatdan, pomidoru isə 0,8-1 manatdan alırlar ki, bu da son nəticədə qiymətlərə təsir edir.

Arxiv fotosu
Arxiv fotosu

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan" Agentliyinə bildirilib ki, qiymət tənzimlənməsi nazirliyin səlahiyyətində deyil və qurumun belə bir funksiyası yoxdur.

Nazirlikdən əlavə olunub ki, bazarda qiymətlər tələb-təklif qanunu əsasında formalaşır.

Həmçinin qeyd olunub ki, tez-tez Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edilir.

Nazirlikdən habelə vurğulanıb ki, yarmarkaların əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir:

“Fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edir. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi avadanlıqlarla təmin olunur. Məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev də "Turan"a mövzu ilə bağlı açıqlamasında kənddə fermerlərin yetişdirdiyi məhsulların ucuz, Bakıda isə dəfələrlə baha satıldığı barədə fikirlə razı olduğunu bildirib.

Deputat: "Bununla da qiymətdə artım olur"

Onun sözlərinə görə, həmin məsələ parlamentdə də müzakirə olunub və keçən ildən öz aktuallığını itirməyib: “Müzakirə zamanı müəyyən olunub ki, ortada bir neçə broker şirkətlər var ki, onlar kəndlidən istehsal etdikləri məhsulları çox ucuz qiymətə alır, həmin məhsulların çeşidləməsini, soyuducularda saxlanılmasını təmin edir sonra da Bakıya daşınmasını təşkil edir. Burada da əlavə xərclər var. Bununla da qiymətdə artım olur”.

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

Deputatın deməsinə görə, bu sahədə hansısa nizamlayıcı mexanizmə ehtiyac var ki, kənddə istehsal olunan əmtəə şəhər bazarlarına çatanda o qədər də yüksək qiymətə satılmasın: “Xərclərin harada daha çox qeydə alındığı nəzərdən keçirilməli və o sahədə boşluq varsa, onun aradan qaldırılması üçün əlavə tədbirlər görülməlidir”.

Kənd təsərrüfatı məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, kəndli öz məhsulunu böyük bazara çıxara bilmir: “Ölkədə bir topdansatış bazar var. Bu bazar da istehsalla bağlı vəziyyəti izləyir və qiyməti onlar müəyyən və diktə edir. Həmin bazardan bütün supermarketlərə, xırda ticarətlə məşğul olan məntəqələrə gedir”.

Vahid Məhərrəmov, 2014-cü il
Vahid Məhərrəmov, 2014-cü il

"Bu monopoliyanı aradan götürmək üçün..."

Ekspert hesab edir ki, bu monopoliyanı aradan götürmək üçün Bakıda ən azı 3 belə topdansatış bazar olmalıdır: “Onların arasında rəqabət olmalıdır”.

Onun fikrincə, hökümət indiki vəziyyətdə kənddən şəhərə fermerlərin məhsullarının çatdırılmasını təmin və əhalinin sıx yaşadığı yerlərdə satışını təşkil etməlidir: “Hökümət hətta bəzi xərclərini öz üzərinə götürə bilər. Bununla da kəndli gəlir əldə edər və məhsulun istehsalında maraqlı olar. Əkin sahələri azalır. Ona görə azalır ki, kəndli məhsulunu sata bilmir, mal qaldıqca xarab olur və kəndli ziyana düşür”.

XS
SM
MD
LG