Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:43

Bakının kanalizasiya problemləri insanların canını alır, səbəblər…


Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb.
Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb.

Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açdı. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirdi. Halbuki Bakıda seldən ölüm halları yaxın tarixdə baş verməmişdi.

Paytaxtda tunelləri, küçələri, evləri su basdı, bəzi yerlərdə kanalizasiyalar daşdı. Nəqliyyat iflic vəziyyətə düşdü, avtobusların marşrut xətləri dəyişdi. Nəticədə yağış Bakıda kanalizasiya sisteminin vəziyyətini bir daha "gün üzünə" çıxartdı.

Hələ 2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrup da yaradılmışdı. Onun sədri də o vaxt Prezident Administrasiyasının sədri olan Ramiz Mehdiyev təyin edilmişdi. Ancaq üstündən səkkiz il keçsə də, kanalizasiya problemlərinin həll edilməməsi bir yana, seldə insanlar ölməyə başlayıb.

Sözügedən sərəncamın icrası ilə bağlı 2017-ci ilin mayında baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki, ümumilikdə 14 layihənin həyata keçirilməsi planlaşdırılıb, 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Amma sonradan layihələrin icrası ilə bağlı məlumat verilməyib.

Deputat: "Biz hələ hazır deyilik"

Bütün bunlara, hələlik, Nazirlər Kabineti və ya konkret cavabdeh şəxslərdən ayrılıqda münasibət almaq mümkün olmayıb. Amma oktyabrın 23-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda, Abşeron yarımadasında yağıntının törətdiyi fəsadlar ilə bağlı iclasın keçirildiyi açıqlanıb. Nazirlər Kabinetinin məlumatına görə, iclasda vurğulanıb ki, yağışın fəsadları ilə bağlı vəziyyət araşdırılır, yekun qərar qəbul ediləcək

Milli Məclisin deputatı Elşad Musayev isə mövzu ilə bağlı "Turan"a bildirib ki, baş verənlərin müxtəlif səbəbləri var: "Onlar şəhərsalma, şəhərin yüklənməsi ilə bağlıdır. Oktyabrın 21-də yağışdan sonrakı hadisələr göstərdi ki, biz hələ hazır deyilik".

E.Musayevin sözlərinə görə, qarşıdan BMT-nin COP-29 iqlim konfransı gəlir (noyabrın 11-dən 22-nə kimi Bakıda keçiriləcək) və tədbirə qədər buraxılan səhvlər düzəldilməlidir: "Bununla bağlı aidiyyəti qurumlar daha yaxşı işləməlidir. Sözügedən işçi qrup 2016-cı ildə olub, indi 2024-cü ildir. Biz geriyə baxmamalıyıq. O işçi qrupun bəzi üzvləri indi yoxdur".

Milyardlar, milyardlar, milyardlar…

Əslində ölkədə vaxtaşırı olaraq su və kanalizasiya infrastrukturun qurulması, təkmiləşdirilməsi üçün pullar ayrılır.

Hələ 2013-cü ildə "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynov bildirmişdi ki, ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2.8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1.8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür.

Sonrakı illərdə də "Azərsu" ASC-yə subsidiyalar da ayrılıb.

Prezidentin sərəncamlarına əsasən, 2017-ci il yanvarın 13-ü və martın 17-də "Azərsu" ASC-yə üst-üstə 163 milyon manatdan çox subsidiyalar ayrılıb.

Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq həmin il infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14.7 milyon məbləğində maddi yardım da verilib.

'Bir də gördüz Bakıda binalar da çökdü'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Rəsmilər isə deyir ki, məsələnin həlli üçün hələ xeyli pul lazım olacaq. Bu ilin əvvəlində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə zamanı deyib ki, hazırda ölkədə sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş layihələrin miqdarı 2.7 milyard manatdır. Onun sözlərinə görə, təkcə Bakı və Abşeron yarımadasında su, kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsinə 10.5 milyard manat lazımdır.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında da göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Onlardan 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsinə lazımdır. Bəzi ekspertlər deyir ki, şəhərdə subasmaların əsas səbəbi adi kanalizasiya xətlərinin yağış kanalizasiya xətindən ayrı olmamasıdır.

Hələ 2018-ci ildə rəsmi olaraq bildirilmişdi ki, Bakı küçələrinin cəmi 16 faizində yağış kanalizasiya sistemi var. Sonrakı illərdə məsələ ilə bağlı heç bir rəqəm açıqlanmadı.

2040-cı ilədək...

"Bakı şəhərinin Baş planı-2040" sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

Zahid Oruc
Zahid Oruc

"Yağış sanki fəlakət effekti doğurur"

Milli Məclisin deputatı Zahid Oruc da "Turan"a deyib ki, heç bir şəhərdə planlama şəhərsalma şərtlərinə uyğun aparılmayıb: "Bir sıra rayonların ayrı-ayrı lokal hissələrində görülmüş işləri nəzərə almasaq, sistemli olaraq küçə və qəsəbələrin, onların bütün infrastrukturun yaranması prosesi getməyib".

Deputatın sözlərinə görə, paytaxtla bağlı komissiyaların yaradılmasına və mühüm işlərin aparılmasına rəğmən, yağışlar bir "diaqnostika" elementinə çevrilir: "Həmin hadisələr digər ölkələrdə də var. Amma inkişaf etmiş ölkələrindən danışsaq, biz orada fərqli mənzərəni görürük. Orada yağış sularının ayrıca ərazilərdə hövzələrdə toplanması, onların əkinlərin suvarılmasına və digər məsələlərə yönəlməsi mövcuddur. Bizdə isə bəzi ərazilərdə yağış sanki fəlakət effekti doğurur".

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Məsuliyyəti hökumət daşıyır"

İqtisadçı Zöhrab İsmayılın isə başqa səbəblər də sadalayır. Onun AzadlıqRadiosuna deməsinə görə, burada əsas problem ondan ibarətdir ki, Bakıda vaxtilə yolların təmiri bərbad şəkildə həyata keçirilib: "Bunu pulları mənimsəmək üçün şəhər infrastrukturunu tanımayan, bu işlərdən baş çıxmayan ayrı-ayrı şirkətlərə həvalə ediblər. Onlar da faktiki olaraq dağıdıb".

Ekspert vurğulayır ki, paytaxtda körpülərin bir hissəsi və tunellər təzə inşa olunub: "Burada yağış kanalizasiya xətləri qurulmayıb. Başqa ölkələrdə bunun üçün xüsusi infrastruktur yaradılır, ora nasoslar yerləşdirilir ki, ekstremal vəziyyət yarananda su oradan çəkilsin. Bizdə bu yoxdur".

Onun fikrincə, ən böyük problem odur ki, Bakıda yerli özünüidarəetmə institutu faktiki olaraq fəaliyyət göstərmir: "Bələdiyyələr şəhərin kommunal təsərrüfatına və nəqliyyatına cavabdeh olmalıdır. Onun da imkanı olmalıdır ki, dövlət büdcəsindən pul gözləmədən vergilər hesabına formalaşan özünün büdcəsi hesabına problemi həll etsin".

Z.İsmayıl Azərbaycanda dövlət layihələrin həyata keçirilməsində şəffaflıqla bağlı problemlərin olduğunu diqqətə çatdırır: "Biz indi araşdırsaq, ola bilsin, bunu tikən şirkətlərin heç biri ortalıqda yoxdur. Olsa belə, onlar heç bir məsuliyyət daşımır. Əslində isə bütün baş verənlərlə bağlı məsuliyyəti hökumət daşıyır".

XS
SM
MD
LG