Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:38

İranlı aşpaz: 'Bəzən azərbaycanlılar yeməyi bəyənmirlər, ruslar üçün fərqi yoxdur'


İran Azərbaycanından gələn turistlər: 'Tiflis burdan ucuzdur'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

İran Azərbaycanından gələn turistlər: 'Tiflis burdan ucuzdur' (Arxiv. 2018)

"İranda vəziyyət elə gərginləşib ki, başımızı götürüb qaçırıq. Hər gün öz evimizdə ölüm təhlükəsi ilə üz-üzəydik. Hələ ki, qonaq gəlmişik. İran hakimiyyəti yavaşlamasa, bir dəfəlik burada qalacağıq", – bu sözləri AzadlıqRadiosuna İrandakı son etirazlardan sonra Azərbaycana üz tutan, adını anonim saxlamaq istəyən 48-yaşlı qadın deyib.

"İran cəhənnəmə çevrilir..."

İki aydan çoxdur ki, İranda mövcud rejimə etirazlar səngimək bilmir. İğtişaşlardan dolayı bəzi iranlılar digər ölkələrə üz tutur. Elə həmsöhbətimiz də qohumlarından yardım umaraq Azərbaycana qonaq gəlib. Deyir, evindən ötrü də darıxır, qoyub gəldiyi xatirələrindən ötrü də.

İranda baş verənlər

Ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22-yaşlı Məhsa Əmini bu il sentyabrın 13-də həbs olunub. O, əxlaq polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb. Sentyabrın 16-sı Məhsa Əmini xəstəxanada vəfat edib. Şahidlər, ailəsi və xəstəxana əməkdaşları gəncin saxlanarkən döyüldüyünü bildirib.

Gənc qızın ölümü və bu iddialar ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini etiraz aksiyaları bürüyüb.

Müstəqil mənbələr indiyədək azı 445 etirazçının, o cümlədən 61 azyaşlının öldürüldüyünü bildirir. İran hökuməti həftələrdir itkilərlə bağlı rəqəmlərdən danışmayıb.

İranda etiraz və toqquşmalar davam edir, yeni itkilər var
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

"Azərbaycan bizə doğmadır, çünki qohumlarımız burdadır. Bu ölkənin dilini, mədəniyyətini bilirik. Gəlinim azərbaycanlıdır, dili o öyrədib. Amma burada daimi yaşamaq fikrim heç vaxt yox idi. Ta ki son olanlara kimi. İranda sentyabrdan vəziyyət gərginləşdi. Qızım daxil olmaqla, yüzlərlə qadın meydanlara axışdı, haqlarını tələb etdi. Amma düz söz acı olar, rejim bu acıya dözmədi. Qızımı polis saxladı, hicabını açdığı üçün psixoloji zorakılıq gördü. Bütün bunlardan sonra Bakıya gəlməyi düşündük", – həmin qadın söyləyir.

Altı nəfərlik ailə 2 min manata yaxın xərcə düşərək Bakıya gəlib çıxıb. Müsahibimiz danışır ki, İranda etirazlar başlayandan orada qalmaq gün keçdikcə qorxulu olub. Ancaq qızı və həyat yoldaşı Bakıya gəlmək istəmirmiş: "Hətta buraya gəlməzdən bir gün öncə də qızım küçədə etirazlar edirdi. Sonra gəlinimin ailəsi də bizimlə danışdı, mənim də təzyiqlərimdən sonra razılaşdılar. Düzdür, hava yolu ilə gəlmək baha çıxırdı, amma tək çarə bu idi, gəldik Bakıya. İrandan hələ ki müvəqqəti gəlmişik, amma vəziyyət düzəlməsə, daimi qalmaq fikrindəyik. Evim üçün ilk gündən darıxıram, xatirələrimiz var. Ora mənim vətənimdir, hər səhər gözümü orada açmaq istəyirəm, amma İran hazırda cəhənnəmə çevrilir, qadınlar isə o cəhənnəm odunda ilk yananlardır".

"Məktəblər normala qayıtsa..."

İrandan Azərbaycana gələnlər arasında universitet müəllimi S.M. də var. O, ölkəsindəki nisbətən sakit həyat üçün darıxdığını, Bakıda qalmaq istəmədiyini dilə gətirir.

"Məcburiyyətdən gəldim. Bir aydan çoxdur ki, İranda məktəblərdə dərslər yaxşı keçilmir. 4-yaşlı uşağımı nəzərə alıb Bakıya gələsi olduq. Hər bir halda Azərbaycan daha təhlükəsizdir, əvvəllər də burada olmuşam deyə, çox yad deyil. İranda bir gün məktəbə etiraz olaraq hicabımı açıb getdim, az qala əxlaq polisi məni də saxlayacaqdı. Burada hicabsız gəzə bilirəm, təhlükəsizdir. İki həftədir burdayam, dostumun ailəsi mənə çox yaxşı baxır. Hətta uşaqlarına farsca öyrədirəm. Amma öz şagirdlərim üçün darıxıram, nə yalan deyim. İranda məktəblər normala qayıtsa, günü bu gün gedərəm", – o, AzadlıqRadiosuna müsahibəsində deyib.

S.M. əlavə edir ki, İranda son günlər etirazlar səngiyib, məktəblilər və təhsil işçiləri isə etirazların aparıcı qüvvəsi olaraq qalır.

"Azərbaycanda yaşamaq bahalıdır"

Oktyabrın ortalarında Bakıya gələn, üç uşaq atası iranlı isə burada həyatın bahalığından gileylənir. O, İrana qayıtmaq istəyini də ən çox bununla izah edir.

"Mənim İranda qazancım Azərbaycan pulu ilə 2 min manat idi. Etirazlar başlayan gündən restoranlar, hostellərin işi dayandı. Artıq aşpazların işi çətinləşirdi. Qayınatam tövsiyə etdi ki, onların yanına – Bakıya gələk. Uşaqların dərsləri də yarımçıq qalmışdı, həyat yoldaşım narahat idi deyə, Azərbaycana gəldik. Burada məşhur restoranların birində işə başladım. Maaş azdır, xərc çox. İranda yaşamaq hazırda təhlükəlidir, amma vəziyyət bir az düzəlsin, qayıdacağam vətənimə. Ailəmi orada yaxşı yaşadıram", – o, AzadlıqRadiosuna söyləyir.

Sonda əlavə edib ki, Azərbaycanda ərzaq qiymətləri İranda onların yaşadığı yerlə müqayisədə azı iki dəfə bahadır.

Həmsöhbətimiz deyir ki, iki il əvvəl də Bakıda olub, o zaman, dediyinə görə, onu aldatmaq istəyənlər olub. İndi isə Azərbaycan dilini daha yaxşı bilir deyə, belə hallarla az üzləşir:

"İşlədiyim restoranda vəziyyət yaxşıdı. Müdirim də rusdu, ruslar uje (artıq) adamı başa düşürlər. Ora ruslar gəlir deyə, problem yaşamıram. Bəzən azərbaycanlılar yeməyi bəyənmirlər, ruslar üçün fərqi yoxdur".

İrana getmək istəməyənlər də var

İrandan gələn 20-yaşlı qadın deyir ki, valideynlərindən fərqli olaraq, o, Bakını sevib: "İran keçmişdə qalıb. Orada yaşamaq zülmdür mənə. Nə rahat gəzə bilirik, nə işləyə, nə oxuya. Son baş verənlər də onu sübut etdi ki, rejim insanları öldürəcək, amma düzəlməyəcək. İrana dönmək fikrim yoxdur. Sevdiyim oğlan da Gəncədə yaşayır. Yayda toy edib Azərbaycanda qalmağı düşünürəm. Valideynlərim buranı sevmir, qorxudan məcburi gəliblər. İlk sakit durumda geri dönəcəklər, mən isə getmək istəmirəm".

"İranda içdiyim su da dadlıdır"

İğtişaşlara görə Azərbaycana gələn iranlılar ən böyük arzularının qısa zamanda vətənlərinə qayıtmaq olduğunu deyirlər.

İlk müsahibimiz, gəlini azərbaycanlı olan qadın böyüdüyü yerlərin qoxusu, içdiyi suyun dadı üçün darıxdığını söyləyir.

"Deyirlər ki, suyun dadı yoxdur. İranda içdiyim su da dadlıdır axı, çünki vətənimdir. Amma suyu boğazımıza yığan rejimin dəyişməsini istəyirik. Etirazların bitməsini gözləyirik, bitməsə, məcburuq burada həyatımıza davam edək. Ya sığınacaq istəyək, ya da bilmirəm necə", – o, AzadlıqRadiosuna danışarkən qeyd edib.

İranlı xanım Azərbaycanda özləri üçün yaşayış və iş imkanlarını da götür-qoy etdiyini deyir.

XS
SM
MD
LG