Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:06

«Pis bankları təcili bağlamaq lazımdır»


►Ekspert Əkrəm Həsənov deyir ki, bank sektoru çökə bilər

"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın bəzi banklarının reytinqini aşağı salıb.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosunun bankların və əmanətlərin taleyi ilə bağlı sualları cavablayır.

– Reytinqin salınmasını necə şərh edərdiniz?

– Bu, olacaqların elanıdır. Banklarımızın acınacaqlı vəziyyəti çoxdan bəlli idi. Problemli kreditlərin həcminin artması, əmanətlərin kütləvi çıxarılması, bərbad idarəetmə, risk-menecmentin və daxili nəzarətin zəifliyi, korrupsiya - bütün bunlar banklarımızın ciddi problemidir. Xüsusilə diqqəti ona yönəltmək istərdim ki, bu, hələ reytinqi olan banklarımızdır. Onların reytinqi salınıb. Bəzi banklarımızın adı həmin reytinqlərdə heç yoxdur da. Yəni onların vəziyyəti daha da pisdir.

Buna da bax: Teleradio Şurası Mirşahinin proqramını qapatdı

– Əkrəm bəy, əmanətlərin qorunması ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik oldu. Prezident də imzalayandan sonra ölkədə bütün əmanətlər sığortalanmış sayılacaq. Bu, banklara etibarı artırırmı?

– Xeyr, etibarı artırmayacaq. Əvvəla, ona görə ki, indinin özündə də bir sıra bank əmanətləri qaytarmır. Buna Mərkəzi Bank göz yumur. Sığorta mexanizmi işləmir. Yəni qismən sığorta işləmirsə, xalqı necə inandırmaq olar ki, tam sığorta sistemi işləyəcək? Qismən ödənişi etməyən Əmanətlərin Sığortalanması Fondu tam ödənişləri necə edəcək? Digər tərəfdən, həmin Fond valyuta əmanətlərini axı necə tam sığortalaya bilər? Heç indinin özündə belə Mərkəzi Bank bankları kifayət qədər xarici valyuta ilə təmin edə bilmir. Sığortalanmış xarici valyutadakı əmanətlər üzrə bunu necə edəcək? Xalqımızın maliyyə savadı get-gedə artır. Bu cür sualları yaranır. Nəhayət, artıq çoxları gözəl bilir ki, əmanətlərin sığortalanması sisteminin dövlətə heç bir aidiyyəti yoxdur. Dövlət əmanətlər üzrə məsul deyil. Cavabdehliyi faktiki özəl Fond daşıyır. Həmin Fond özü də müflis ola bilər. Olsa, əmanətlər də batacaq.

– Müşahidələriniz nə deyir, əmanətlər banklardan geri çəkilib “yastıq altına” yığılır, ya əksinə, dollara çevrilib banka qoyulur?

– Əsasən yastıq altına yığılır. Bank sisteminə etibar yoxdur indi çünki. Hansısa bir biznesə də qoymaq istəmir çoxları, çünki böhrandır. Daşınmaz əmlak almaq istəyən də azdır, çünki daşınmaz əmlakın qiyməti düşür və hələ düşəcək. (Ardı aşağıda)

Elman Rüstəmov: "Məzənnə üzür, üzməkdə davam edir"
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Buna da bax: Avropa Məhkəməsi Xədicənin daha bir şikayətini araşdırır

– Bəzi iri banklar hələ də dollar satmır. Baxmayaraq ki, Neft Fondunun Mərkəzi Bank vasitəsilə keçirdiyi hərracda dolların ən çox bu bankların aldığı xəbərləri yayılır. Sizcə, dolları alan banklar nədən onları yenidən dövriyyəyə buraxmır?

– Devalvasiyanın növbəti dalğasını gözləyir və bundan qazanmaq istəyirlər. Mərkəzi Bankın mövcud qaydaları, təəssüf ki, buna tam şərait yaradıb. Hələ birinci devalvasiyadan sonra Mərkəzi Bank açıq valyuta mövqeyi limitini ləğv etdi və bununla da banklara valyuta bazarında tam sərbəstlik verdi. Buna görə də banklar bir ildir ki, faktiki, manatı boykot edirlər. Devalvasiyanın ikinci dalğası da, əsasən, bunun nəticəsi oldu.

– Bir çox banklar dollarla qoyulan əmanətlərə faiz dərəcəsini endirib. Məsələn, Beynəlxalq Bankda dollar depozitinə illik 2,25 faiz təklif olunur. Sizcə, vəsaitləri banka yatızdırmaq üçün bunu cəlbedici rəqəm saymaq olarmı?

– Faiz dərəcəsinin endirilməsi başa düşüləndir. Axı cəlbedilən pulu yerləşdirmək lazımdır. Dollarla kredit almaq istəyən isə azdır. Almaq istəyənə isə bank verməyə qorxur. Amma istənilən halda, əmanət qoymaq istəyən yenə də indi depozitə manat qoymaz. Buna görə də hətta 1 faizlə olsa belə, əmanət qoymaq istəyən, əsasən, dollarda qoyacaq.

– Kredit portfelində “problemli kredit”lərin həcmi artır. Bunun təbii və inzibati həlli yolları nə ola bilər?

– Əslində, elan olunan rəqəm olduğundan azdır. Və problemli kreditlərin həcmi get-gedə artacaq. Bu problemin həlli yolu ilk növbədə odur ki, qeyri-sağlam banklar bağlanmalıdır. Problemli kreditləri isə sağlam banklar arasında bölüşdürülməlidir. Bu zaman bank sahiblərinin və rəhbərlərinin süni yaratdığı problemlər və faktiki oğurladıqları pullar banklara qaytarılmalıdır. Əhalinin və sağlam sahibkarların kreditlərinə gəldikdə isə ciddi güzəştlər olmasa, belə kreditlərin çoxu batacaq.

– Baş verən proseslər bank sektorunu çökdürə bilərmi?

– Təbii, çökdürə bilər. Çıxış yolu dediyim kimi, pis bankları təcili bağlayıb, sağlam bankları saxlamaqdır. Bu, artıq xərçəng xəstəliyidir. Kəsib atmaq lazımdır, yoxsa lap pis olacaq. Amma bu əməliyyatı savadlı və əli təmiz "cərrah" etməlidir. Mərkəzi Bankın mövcud rəhbərliyi isə bu keyfiyyətlərə malik deyil.

XS
SM
MD
LG