Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:30

Prezident bankların birləşdirilməsini istəyir


Mərkəzi Bank
Mərkəzi Bank

►Ekspert bankların inzibati yolla birləşdirilməsini doğru saymır

Prezident İlham Əliyev bank sektorunda islahatlardan söz açıb və bildirib ki, bu sektorda konsolidasiya (birləşmə - red.) aparılmalıdır. O bu barədə Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında danışıb.

50 milyonluq tələbin, hələlik, 2 qurbanı var

Bank sektorunda konsolidasiya son 7-8 ildir müzakirə mövzusudur. Bankların birləşəcəyinə ümid, ən son, kapitala tələbin 5 dəfə artırılması zamanı yarandı. Bu barədə qərar qəbul olunarkən (2012-ci ildə), Mərkəzi Bankın sədri Elman Rüstəmov belə demişdi:

“Sektorun sabitliyi və inkişaf prioritetləri bankların kapitalına tələbin 5 dəfə artırılaraq 50 milyon manata çatdırılmasını zəruri edib. Bu, bankların risklərə dözümlülüyünü, maliyyə vasitəçiliyi dərinliyini və effektivliyini artıracaq. Bank sektorunun iqtisadiyyatın artan miqyasına uyğunlaşması təmin ediləcək. Kiçik və sağlam banklarınsa maliyyə, texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq, onların rəqabət qabiliyyəti güclənəcək”.

50 milyonluq tələbin, hələlik, 2 qurbanı var: «Azərbaycan Kredit Bankı» və «Eurobank». Ard-arda 2 devalvasiya da bankları birləşməyə məcbur edə bilməyib.

Buna da bax: "Bizi çək, İlham Əliyevə göstər!" Lənkəran aksiyasından VİDEO

“Bankların sayı… ən azı, 2 dəfə çoxdur”

İqtisadiyyat eksperti Vüqar Bayramov deyir ki, dünyada bankların sayı ilə bağlı konkret standartlar olmasa da, Azərbaycanda bankların konsolidasiyasına ehtiyac var:

“İqtisadiyyatı, ərazisi bizdən böyük və əhalisi bizdən çox olan Qazaxıstanda bankların sayı Azərbaycanla müqayisədə daha azdır. Ölkə iqtisadiyyatının həcmini nəzərə aldıqda, bankların sayı məqbul hesab ediləndən, ən azı, 2 dəfə çoxdur”.

“Bankların çoxluğu rəqabət yaratmayıb”

Ekspert təəssüflə bildirir ki, bankların say çoxluğu bu sektorda rəqabəti gücləndirməyib:

“Amma bu amil likvidliyə təsir edib və onu azaldıb. Banklar müştərilər qarşısında öhdəliklərini yüksək səviyyədə yerinə yetirə bilmirlər. Bu baxımdan bankların sayı azalmalıdır. Zəif bankların güclü banklara birləşməsindənsə, bir neçə zəif bankın birləşərək başqa adla bazarda iştirakını davam etdirməsi daha məqsədəuyğundur”.

Buna da bax: Siyəzəndə aksiyadır

“Bankların inzibati metodlarla birləşdirilməsi, əslində, mümkün deyil”

Vüqar Bayramov bunu da vurğulayır ki, banklar inzibati yolla deyil, həvəsləndirilmə və bəlli güzəştlər hesabına birləşdirilməlidir:

“Bank sektorundakı mövcud durumu nəzərə aldıqda, bankların inzibati metodlarla birləşdirilməsi, praktik olaraq, mümkün deyil. Kəskin devalvasiyalardan sonra bank sektorunda problemlər artıb, vaxtı keçmiş kreditlər çoxalıb. Mərkəzi Bank nisbətən zəif banklara aşağı faizli mərkəzləşdirilmiş kredit resurslarına çıxış vəd etməklə onları birləşməyə sövq edə bilər. Və yaxud birləşərək daha yüksək kapitalla bazara çıxacaq banklar 2 il müddətinə vergidən azad edilə bilər. Bu məsələnin hökumət qarşısında qaldırılması mümkündür. Bankların birləşdirilməsi reallaşmasa, problemli kreditlərin həcmindəki artım tempinin qarşısını almaq və bəzi banklarda əmanətlərin geri qaytarılmasına nail olmaq mümkün olmayacaq”.

XS
SM
MD
LG