Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:52

Baydendən demokratiya xəbərdarlığı


Co Bayden
Co Bayden

ABŞ Prezidenti Co Bayden (Joe Biden) noyabrın 2-də gecə çıxışında demokratiyanın təhlükədə olmasıyla bağlı xəbərdarlıq edib. O, amerikalıları gələn həftə Konqresə aralıq seçkilərdə yalanlara, zorakılığa, təhlükəli “ultra MAGA” seçki pozucularına qarşı dayanmağa çağırıb. Prezidentin sözlərinə görə, sonuncular 2020-ci il seçkilərini poza bilməyiblər, indi “buna nail olmağa” çalışırlar.

Kənara çəkilmək vaxtı deyil, prezident deyib: “Sükut əlbirlik deməkdir”.

“Ultra MAGA”

“The Associated Press” prezidentin son həftələr Amerika iqtisadiyyatı və inflyasiya haqda inandırıcı çıxışlar etdiyini, dünən isə daha qaranlıq və təcili mesaj səsləndirdiyini yazır. Prezident elan edib ki, ölkənin idarəçilik sistemi keçmiş prezident Donald Trampın (Donald Trump) seçkinin nəticələrini inkar edən yalanları, Baydenin təbirincə, bu yalanların ilham verdiyi zorakılığın təhdidi altındadır.

Bayden “ultra MAGA” respublikaçılarını xüsusi qeyd edib, onları respublikaçı partiyasında azlıq, amma “hərəkətverici qüvvə” adlandırıb. “MAGA” Trampın “Make America Great Again” (Amerikanı yenidən böyük edək) devizinə işarədir.

Bayden ötən cümə günü Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin (Nancy Pelosi) həyat yoldaşına hücuma toxunaraq deyib ki, Trampın oğurlanmış seçki haqda saxta iddiaları “son iki ildə siyasi zorakılığın təhlükəli yüksəlişi və seçicilərin qorxudulmasını alovlandırıb”.

“Bu ölkədə siyasi zorakılıqla barışan və sadəcə susan adamların sayı təhlükəli şəkildə artır. İliyimizə qədər bilirik ki, demokratiyaya risk var, amma onu da bilirik ki, demokratiyamızı qorumağa gücümüz çatar”, – Bayden vurğulayıb.

Xaosa aparan yol

Prezident 2020-ci il prezident seçkisinin nəticələrini rədd edən, indi də Konqresə seçkinin nəticələrini qəbul etməyəcəyini bildirən yüzlərlə namizədlə bağlı deyib:

“Bu aparıcı qüvvə 2020-ci ildə seçicilərin hüquqlarını, seçki sisteminin özünü poza bilmədilər, indi buna nail olmağa çalışırlar”.

“Bu, Amerikada xaosa aparan yoldur. Bu, görünməmiş hadisədir, qanunsuzdur, qeyri-amerikandır”, – Bayden vurğulayıb.

Tramp 2020-ci il prezident seçkisinin nəticəsini qəbul etməyərək tərəfdarlarını onu müdafiə etməyə çağırmışdı. 2021-ci il yanvarın 6-da Konqres seçkinin nəticələrinə baxan zaman Kapitoliyə basqın edilib, nəticədə beş nəfər həlak olub.

Bir neçə gün öncə Pelosini qaçırmağa çalışan bir kişi onun həyat yoldaşı Pol Pelosiyə (Paul Pelosi) onların San Fransiskodakı evində ciddi xəsarət yetirib.

Seçki günü öncəsi qorxutma və qısnama fonunda hazırda seçki işçiləri işə gedib-getməməyi sual edirlər. Erkən səsvermə başladığı bir vaxtda azı beş nəfərə işçilərin qısnanması ilə bağlı ittihamlar irəli sürülüb.

Seçki məntəqələrindəki durum

“AP” Arizonada seçki qutularını bəzən silahlı, yaxud ballistik jilet geyinmiş adamların göz qoyması haqda xəbərlər gəldiyini, bunun seçicilərin qorxudulması sarıdan narahatlıq yaratdığını yazır. Ölkə boyunca seçki rəsmiləri səsvermə məntəqələrində mümkün qarşıdurmalara hazırlaşırlar.

Bəzi respublikaçılar Baydeni tənqid edib. Palatada azlığın lideri, respublikaçılar qalib gələcəyi halda spiker olacaq Kevin Makkarti (Kevin McCarthy) tvitində yazıb ki, “Prezident Bayden Amerikanın birləşməyə ehtiyacı olduğu bir vaxtda bölücülüyə çalışır, diqqəti yayındırır. Çünki o, yaşam xərclərini artırmış siyasəti haqda danışa bilməz. Amerika xalqı buna inanmır”.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

ABŞ-da Konqresə aralıq seçki noyabrın 8-də başa çatır. Artıq 27 milyondan çox amerikalının səs verdiyi bildirilir.

“AP” bir çox amerikalının ölkədə demokratiyanın vəziyyətinə bədbin yanaşdığını yazır. Oktyabrda Associated Press-NORC İctimai İşlər üzrə Tədqiqat Mərkəzinin apardığı sorğuya görə, yetkin yaşlıların 9 faizi demokratiyanın “həddən artıq”, yaxud “çox yaxşı” işlədiyini, 52 faizi isə yaxşı işləmədiyini deyib.

XS
SM
MD
LG