Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:35

Azərbaycanda ikinci 'ən uca bayraq dirəyi' söhbətləri…


Əvvəlki bayraq dirəyinin hündürlüyü 162 metr idi.
Əvvəlki bayraq dirəyinin hündürlüyü 162 metr idi.

Bakıda yenə dünyanın ən hündür bayraq dirəyi quraşdırıla bilər. Yerli mətbuatda yazılanlara görə, Türkiyənin "Çimtaş" şirkətinin hazırladığı 191-metrlik bayraq dirəyi artıq Azərbaycana gətirilib.

2010-cu ildə də Azərbaycanda Ginnesin Rekordlar Kitabına düşən bayraq dirəyinin quraşdırıldığı açıqlanmışdı, lakin onun ömrü uzun sürmədi. 2018-ci ildə Bakıdakı Bayraq Meydanında həmin bayraq dirəyi söküldü. Rəsmilərin sözlərinə görə, dirəyin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub.

Bəs indiki layihə Azərbaycana neçəyə başa gələcək?

8 illik kompleksə gedən 30 milyon…

Rəsmilərdən, hələlik, bu suala konkret cavab almaq mümkün olmayıb. Əvvəlki bayraq dirəyinin hündürlüyü 162 metr idi. Ömrü cəmi 8 il çəkən kompleksə 20 milyon manatın Prezidentin Ehtiyat Fondundan, 10 milyon manatın isə birbaşa dövlət büdcəsindən ayrıldığı açıqlanmışdı.

E.Nəsirov
E.Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov "Turan"a bildirib ki, dövlətin dünyada imic məsələləri var: "Elə tikililər var ki, onlar həm simvollaşır, həm də dövlətin gücünün, potensialının bir ifadəsinə çevrilir".

"Xərc çəkilir və bu, millətə, xalqa qalır"

Deputatın fikrincə, istənilən atılan yeni addım cəmiyyətdə birmənalı qarşılanmır: "Mən xaricdə təhsil alan tələbələrimizlə söhbət edəndə onlar söyləyirlər ki, xaricilər onlara "Alov qüllələri" barədə suallar verirlər, çox gözəl olduğunu deyirlər. "Alov qüllələri" Bakının simvollarından birinə çevrilib. Bu cür layihələri dəstəkləməyənlər də var, deyirlər ki, ora müəyyən xərclər çəkilib. Amma bir şey bilmək lazımdır ki, xərc çəkilir və bu, millətə, xalqa qalır, simvola çevrilir, Bakımızı daha da gözəlləşdirir".

Cəmiyyətin bəzi kəsimindəki "Həmin xərclərin sosialyönümlü məsələlərə yönəldilməsi daha yaxşı olardı" fikrinə münasibət bildirən deputat qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsi sosialyönümlüdür: "Onun sosial yönümü 46.4 faizdir. Bu, bir daha onu göstərir ki, dövlətin siyasəti sosial siyasətdir. Azərbaycan prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır. Hər dəfə pensiyalar, maaşlar, müavinətlər qalxır, şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına diqqət ən yüksək səviyyədədir".

"Quru sərhədlər bağlıdırsa, aviabiletlərin qiyməti bahadırsa…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda Bayraq Meydanı ilk dəfə hazırlanarkən texniki qüsurlar, mühəndis səhvləri var idi və həmin qüsurlara görə bayraq dirəyi yerində qala bilmədi: "Buna görə bərkitmə və təmir işləri aparıldı".

N.Cəfərli
N.Cəfərli

Ekspertin fikrincə, söhbətin on milyonlarla manatdan getdiyi dəqiqdir: "Bunu açıqlamağa borcludurlar, çünki bu, dövlət vəsaiti hesabına tikilən obyektdir".

Onun sözlərinə görə, "ən hündür bina", "ən hündür bayraq dirəyi" kimi məsələlər turist cəlb etmək üçün atılan addımlardır, amma burada bir məntiq olmalıdır: "Əgər ölkədə quru sərhədlər bağlıdırsa, aviabiletlərin qiyməti çox bahadırsa və ölkəyə gələn turistlərin sayında ciddi artım olmursa, bu tipli layihələrin mənası da qalmır. (2020-ci ildən koronavirus pandemiyası ilə bağlı Azərbaycandan quru yolla qonşu ölkələrə gediş-gəliş məhdudlaşdırılıb) Ona görə də bu tipli layihələrin olması ictimai müzakirələr çərçivəsində olsa, daha yaxşı olar. Şəffaf xərcləmələrin açıqlanması daha yaxşı olar və bu, kompleks şəkildə olmalıdır".

Bayraq Meydanının rəisi həbs edilmişdi

Azərbaycanda bu məsələlər həbslə də nəticələnmişdi. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəhbəri Rəşad Məmmədov 2015-ci ilin martında həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələri ilə ittiham verilmişdi. R.Məmmədov ittihamları qəbul etmirdi.

2016-cı il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası onun işi ilə bağlı hökm çıxardı. Hökmə əsasən, R.Məmmədova 1 il 1 ay 8 gün cəza verildi və həmin müddət artıq başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxıldı.

Xatırlatma

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da qoyulub. 2010-cu ildə isə onun açılışı olub.

2016-cı il yanvarın 15-də də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilib. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

2017-ci ildə meydandakı bayraq çıxarılıb, 2018-ci ilin iyununda isə meydanın ümumən sökülməsi prosesi başlanmışdı.

XS
SM
MD
LG