Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 09:30

"Bizim rayon hələ də keçmiş əsrlərdə qalıb"


İllüstrasiya
İllüstrasiya

►“Beyləqanda qaz xətləri gözdağına çevrilib."

“1 ildir ki, qaz xətti çəkiblər. Təntənəli açılış da olub. Beyləqanın bütün məmurları, icra hakimiyyətinin başçısı bəh-bəhlə söz verdilər ki, camaat, rayonun qaz problem kökündən həll olundu. Ancaq vaxt keçdikcə anladıq ki, bütün vədlər boş, çəkilmiş qaz xətləri ilə gözə kül üfürmək imiş”.

Bunu AzadlıqRadiosunun“Qaynar xətt”inə Beyləqan sakini Mansur Bədəlov deyir. Örənqala kəndinin sakini olan Mansur Bədəlovun sözlərinə görə, kənd sanki ibtidai icma dövrünü yaşamaqdadır:

“Bizim rayon hələ də keçmiş əsrlərdə qalıb. Gündə bir qanun çıxarıb əhalini cərimələrlə, vergilərlə yükləyən hökumət bircə gün də xalqın rahatlığını düşünsəydi…”

Buna da bax: Əli Həsənov manatdan danışdı

“ƏLİMİZƏ NƏ KEÇDİ, YANDIRIRIQ”

Kənd sakini Nazim Fərəcov deyir, hələ də odunun ümidinə yaşayırlar:

“Qazancımızın çox hissəsi oduna gedir. Qaz xətlərinə baxıb köks ötürürük. Elə bil əhaliyə gözdağıdır. Ordan-burdan odun alırıq. Əlimizə təzək, odun – nə keçdisə, yandırırıq ki, canımız donmasın. Elektrikdən istifadə edə bilmirik. Naqillər çürük-çürükdür deyə, plitə yandırıb xətləri yükləyə bilmirik. Neçə dəfə yanğın olub. İş orasındadır, kənd yolları elə vəziyyətdədir ki, yanğın olanda dadımıza yanğınsöndürən də çata bilmir”.

Beyləqanın Qaz İdarəsindən AzadlıqRadiosunun abonentlərin şikayəti ilə bağlı suallarına münasibət bildirən olmayıb.

Elə sakinlərin də yerli icra hakimiyyətinə və qaz idarəsinə dəfələrlə etdikləri şikayətlər cavabsız qalıb.

Bu ilin iyununda Bərdə, Tərtərlə yanaşı Beyləqanın bəzi kəndlərinə, o cümlədən, Örənqala və Baharabad kəndlərinə çəkilmiş qaz xəttinin açılışı olub. Ancaq bu kəndlərin heç birində qaz yoxdur. Təkcə Örənqalanın 361 abonenti var.

XS
SM
MD
LG