Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:34

Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur


ABB
ABB

-

Bu ilin fevralında keçirilmiş növbədənkənar ümumi toplantıda Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarları özəlliklə nizamnamə kapitalının 500 milyon manat artırılmasını müzakirəyə çıxarmışdılar. Dörd aya yaxın vaxt ötsə də, nə səhmin buraxılışına dair emissiya prospekti dövlət qeydiyyatına alınıb, nə də bu barədə tək kəlmə kəsən var.

MƏQSƏD NƏ İDİ?

ABB yeni səhm buraxmaqla, nizamnamə kapitalının həcmini 1 milyard 141.3 milyon manata çatdırmağı hədəfləyirdi. Məqsəd bankın kapital adekvatlığını təmin etmək idi.

Bankın mətbuat xidmətində AzadlıqRadiosuna emissiyanın ləngimə səbəblərini şərh etməyiblər. Beləliklə, bankın bu il əlavə səhm buraxılışına gedib-getməyəcəyi suallı qalır.

Ötən il buraxılan 100 milyon manatlıq səhmlərin 51 milyon manatlığı alınmışdı. Əsas alıcı Maliyyə Nazirliyi idi.

HƏR SƏHM 8-9 QƏPİYƏ ALINIB-SATILIR

Bankın açıqladığı son maliyyə hesabatına görə, 2015-ci ildə zərər 823.6 milyon manat olub. Dövriyyədəki hər səhmə 35 qəpiklik zərər dəyib. Bir səhmin nominal qiyməti, yəni arxasında duran səhmdar kapitalı isə 27 qəpikdir. Başqa sözlə, ABB nizamnamə kapitalını da aşan məbləğdə zərərə düşüb. Zərər təkcə «ABB Qrupu»na daxil Azərbaycandakı bankın deyil, «ABB-Moskva» ASC-nin də hesabına yaranıb.

Fond bazarı iştirakçılarının sözlərinə görə, hazırda Bakı Fond Birjasında ABB-nin səhmləri 8-9 qəpikdən alınıb-satılır. Belə bir şəraitdə investorların bankın səhmlərinə maraq göstərəcəyi də şübhə doğurur.

ABB-DƏ DÖVLƏTİN PAYI ÇOXALIB

Maraqlıdır ki, ötən il Maliyyə Nazirliyinin timsalında dövlətin «ABB» ASC-də iştirak payı 60 faizdən 82.23 faizə yüksəlib.Tutalım, günü sabah səhmlər yerləşdirilərsə, Maliyyə Nazirliyi dövlət büdcəsindən ABB-yə, azı, 400 milyon manat əlavə vəsaitödəyəcək.

Bunu da xatırlatmağa dəyər ki, 2015-ci ildə ABB-nin 5.6 milyard manatlıq problemli kreditləri «Aqrarkredit» Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilib.

XS
SM
MD
LG