Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:56

Azərbaycanda istiliklə təmin edilən binaların sayı azalıb


Binaya mərkəzi sistemdən istilik verilmir, amma sakinlərə qəbzi gəlir
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Binaya mərkəzi sistemdən istilik verilmir, amma sakinlərə qəbzi gəlir (Arxiv. 2021)

Noyabrın 15-də Azərbaycanda istilik mövsümü başlanır. "Azəristiliktəchizat" ASC bildirib ki, 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı min km-dən çox istilik xətləri hidravlik təzyiqə yoxlanılıb. O da bildirilir ki, 10 km-dən çox müxtəlif diametrli magistral və məhəlləiçi istilik xətləri dəyişdirilərək yenilənib. Açıqlamada vurğulanır ki, Bakıda və regionlarda 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 min 863 yaşayış binasının, 184 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2 min 500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur. İstilik mövsümü ilə əlaqədar qurumun işçi sayı da artırılıb. Rəsmi açıqlamaya görə, cəmiyyətdə 1 min 90-a yaxın daimi əməkdaş var. İstilik mövsümündə işçi sayı 2 min 279 nəfərə çatır.

Açıqlamada ən çox diqqət çəkən məqamlardan biri istiliklə təmin edilən binaların sayıdır. "Azəristiliktəchizat" ötən il bildirmişdi ki, ölkədə istiliklə təmin edilən bina sayı 3 min 866-dır. Bu il həmin rəqəmin 3 min 863 olması o deməkdir ki, istiliklə təmin edilən binaların sayı artmaqdansa azalıb. Daha bir il öncə - 2021-ci ildə ölkədə isidilən bina sayı 3 min 871 idi. Deməli, son iki ildə istiliklə təmin edilən bina sayında azalma qeydə alınıb.

Tutulmayan vədlər

Unutmaq olmaz ki, istiliklə təmin edilən bina sayına dair hökumətin bundan öncəki illərdə vədləri vardı. 2016-ci ildə ölkədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" hazırlanmışdı. Həmin sənəddə hökumət bildirirdi ki, 2020-ci ilədək Azərbaycanda istiliklə təmin edilən bina sayının 5 min 689-a çatdırılması hədəflənir. Strateji yol xəritəsinin qəbul edildiyi dövrdə - 2017-cı ildə Azərbaycanda 3 min 750 bina isidilirdi. Strateji sənədin fəaliyyət müddətinin sonunda - 2020-ci ildə eyni göstərici 3 min 870 idi. Deməli, dörd il ərzində hökumət toplam 1 min 939 binanı istiliklə təmin etməyi planlasa da, sonda belə bina sayında artım cəmi 130 oldu. Başqa deyimlə, hədəflənən göstərici ilə müqayisədə 15 dəfə daha az. 2020-ci ildən bəri ölkədə isidilən bina sayında, əksinə, azalma gözə çarpır.

İstilik enerjisi istehsalı nə yerdədir?

2016-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə istilik enerjisi ilə bağlı daha bir vəd verilmişdi. Orada qeyd edilirdi ki, görüləcək tədbirlər nəticəsində 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq. Ancaq rəsmi rəqəmlər göstərir ki, həmin il ölkədə istehsal edilən istilik enerjisinin həcmi 1 milyon 503 min Qkal olub. Bu, hökumətin hədəflədiyi göstəricidən 15 faiz aşağıdır. Son açıqlanan göstəricilərdən bəlli olur ki, ötən il ölkədə istilik enerjisi istehsalı aşağı düşüb və toplam 1 milyon 367 min Qkal elə enerji istehsal edilib. Bu baxımdan, bəlli olur ki, heç sonrakı illərdə də hökumət istilik enerjisi ilə bağlı hədəflədiyi göstəriciyə (1 milyon 767 min Qkal) çata bilməyib.

Ötən ilə dair açıqlamada bildirilir ki, Azərbaycanda istehsal olunan istilik enerjisinin 99.5 faizi qazdan, 0.5 faizi elektrik enerjisi və dizel yanacağından yararlanmaqla istehsal edilib. 2022-ci ildə istilik itkiləri 12.7 faiz olub. Deməli, ilboyu istehsal edilən istilik enerjisinin təxminən səkkizdə biri itkiyə gedib.

Ötən il ölkədə göstərilən istilik xidmətlərinə görə formalaşan haqların 94.7 faizi toplana bilib. Büdcədən maliyyələşən təşkilatlarda istilik haqlarının ödənməsi daha yüksək – 99.3 faiz olub. Digər özəl müəssisələrdə isə istilik haqlarının yığım səviyyəsi 81.7 faizi keçməyib. Əhalininsə 88.6 faizi istilik haqqını ödəyib.

Bu ildən tətbiq edilən yenilik

Azərbaycanda istilik mövsümü, ənənəvi olaraq, 15 noyabr – 15 aprel tarixlərini əhatə edir. Bu ildən etibarən bəzi ərazilərdə bu tarixlər dəyişdirilib. Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonu olsa da, Cəmiyyətin qazanxanaları doqquz dağ rayonunda var (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxıda). Həmin rayonlarda payız-qış mövsümü boyunca 39 qazanxana və bir istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nədək davam edəcək. Adı çəkilən rayonlarda 34 yaşayış binasının, 16 orta məktəb və üç uşaq bağçasının, iki səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfat hesablı obyektin istiliklə təmin edilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG