Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:03

Ceyms O'Brayn: 'Tərəflər sərhəd xətlərini razılaşdırıblar'


Ceyms O'Brayn
Ceyms O'Brayn

Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn (James O'Brien) Senatda “Avropanın Gələcəyi” mövzusunda dinləmələr zamanı deyib.

Moskvanın iki ölkənin sülh səylərini əngəlləməsi barədə suala O'Brayn belə cavab verib ki, Rusiya hər şeyin onun şərtləri çərçivəsində gerçəkləşməsini istəyir.

“Səmimi deyim ki, hər iki ölkə bu durumdan məyusdur. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun”, -- amerikalı diplomat vurğulayıb.

Sülh sazişinin niyə vacib olmasına gəlincə, O'Brayn zəngin Orta Asiya ölkələrinin dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanına toxunub. Hazırda həmin ölkələr bu mənada Rusiya və Çindən asılıdırlar.

“Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasnı təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar”, -- O'Brayn deyib.

“Hər iki tərəfin hələ də nəzarətdə saxladığı ərazilər var”

O, Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası prosesinə razılaşdığını söyləyib.

“Onlar sərhəd xətlərinin haradan keçməsini razılaşdırıblar. Doğrudur, hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xətlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur”, -- deyən diplomat iki ölkənin bu məsələlər üzərində işlədiyini, hər iki tərəfin sərhəddə hər hansı dəyişikliyə əməl etməli olduğunu vurğulayıb.

Amerikalı diplomat Vaşinqtonun Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaratdığını söyləyib: “Minlərlə rusiyalı, FSB əsgərinin ölkədən çıxarılması üçün verilən vaxt bu həftənin sonunda başa çatır. Bu ona görə vacibdir ki, onların bir hissəsi aeroport ərazisində idi və sanksiyalarda yayınmalar orada baş verirdi. Rusiyanın Ermənistanın suveren xahişinə necə əməl edəcəyini görəcəyik”.

Sülh danışıqları

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib. Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

İyulun 10-da Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüş olub. Blinken tərəflərin ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxın olduğunu deyib.

XS
SM
MD
LG