ABŞ Konqresinin demokrat millət vəkilləri oktyabrın 7-də Ağ Evə və Pentaqona prezident Donald Trump barədə keçirilən impiçment araşdırması çərçivəsində ABŞ-ın Ukraynaya hərbi yardımının gecikdirilməsi ilə bağlı sənədlərin təqdim edilməsi üçün tələbnamə göndəriblər.
Nümayəndələr Palatasının demokratları bundan əvvəl Ağ Evə, vise-prezident Mike Pence-ə, dövlət katibi Mike Pompeo da daxil Dövlət Departamentinin rəsmilərinə buna bənzər tələbnamə göndərmişdilər.
Nümayəndələr Palatasının impiçment araşdırması aparan üç komitəsi sözü gedən sənədlərin təqdim edilməsi üçün oktyabrın 15-dək vaxt verib.
Onlar xəbərdarlıq ediblər ki, bu tələbin yerinə yetirilməməsi icra hakimiyyəti rəsmilərinin ədaləti əngəlləməsi kimi qiymətləndiriləcək.
Demokratlar müdafiə naziri Mark Esperə göndərdikləri məktubda bildirirlər ki, onlar Trump-ın qarşıdan gələn seçkiyə xarici müdaxilə istəməsinin və Ukraynaya hərbi yardımı ləngitməsinin milli təhlükəsizliyə hədə olub-olmadığını araşdırırlar.
Konqresin Kəşfiyyat, Büdcə Nəzarəti və Xarici Əlaqələr komitələri Trump-ın iyulun 25-də Ukrayna prezidenti Volodymyr Zelensky ilə telefon söhbətindən qaynaqlanan impiçment araşdırması aparır.
Hökumət xəbərçisinin rəsmi şikayətinə görə Trump Zelensky-dən keçmiş vise-prezident Joe Biden-in və onun oğlu Hunter-in araşdırılmasını tələb edib.
Biden 2020-ci il ABŞ seçkisində Trump-ın əsas rəqibi ola bilər.
Şikayətdə deyilir ki, Trump “öz səlahiyyətlərindən xarici ölkənin 2020-ci il seçkisinə müdaxiləsinə nail olmaq” üçün sui-istifadə edib.