Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 21:39

Əfv sərəncamına reaksiyalar gəlir


Azərbaycanda əvvəlki əfv fərmanlarından biri icra olunur (Arxiv)
Azərbaycanda əvvəlki əfv fərmanlarından biri icra olunur (Arxiv)

-

Müxbirimiz son əfv sərəncamına reaksiyaları öyrəndikcə, yazının əvvəlinə əlavə ediləcək.

“Biz gözlədiyimiz adların heç biri siyahıda yoxdur. Biz hətta fikirləşirdik ki, təqdim etdiyimiz siyahıdan əfvə yalnız bir-iki adamın adı düşərsə, o birilərinin qabağında pərt olarıq. Ancaq indi siyahımızdan heç kim yoxdur”.

Prezidentə əfv təklifi verən İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva belə deyir.

- Nə bizim sözümüzə dəstək verildi, nə də beynəlxalq təşkilatların. Bunun arxasında nə durur, bizim üçün anlaşılmazdır. O qədər müraciətlər oldu, həm xoşluqla xahiş olundu, həm də sanksiyalar məsələsi gündəmə gəldi. Müəmmalı vəziyyətdir. Nümayişkaranə şəkildə siyahıdakıları azad etməkdən imtina edildi. Niyə belə? Anlamıram.

- İşçi Qrupun üzvü Əliməmməd Nuriyev bunu “beynəlxalq qurumların hay-küy yaratması” ilə izah edir. Belə çıxır ki, dövlət başçısı inad edir?

- Ola bilsin inaddır. Bəs onda ədalət, vicdan, alicənablıq kimi prinsiplər harda qaldı?

- Bu məsələni İşçi qrupda müzakirə edəcəksiniz?

- Yəqin. Ancaq İşçi Qrup nə vaxt yığışacaq bilmirəm. Biz nadir hallarda toplaşırıq.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin sədr müavini Rövşən Ağayev Facebook sosial şəbəkəsində əvf sərəncamından təəssüfləndiyini yazıb:

“Siyasi məhbusları əfv etmək cəmiyyətdə yumşalmanın başlanmasına böyük təkan olardı. Açığı xeyli vaxtdı gözlənən bu əfv qərarını təkcə siyasilərin və vətəndaş cəmiyyəti təmsilçilərinin azadlığa qovuşması fürsəti kimi izləmirdim. Düşünürdüm ki, bu addım həm də hakimiyyətin cəmiyyəti yaxın zaman kəsiyində gözləyən ciddi porblemlərdən qaçmaq üçün islahata hazırlığının da nümayişi olacaq. Deməli, belə bir hazırlığın da olduğunu gözləmək əbəsdi."

Ərəstun Oruclu
Ərəstun Oruclu

Politoloq Ərəstun Oruclu "Facebook" hesabında əfv sərəncamına münasibətini açıqlayıb:

“Siyasi məhbusların heç olmazsa bir hissəsinin əfv olunması ölkəyə sanksiyaların tətbiqinin qarşısını ala bilərdi, amma İlham Əliyevin bu gün imzaladığı əfv fərmanında onların birinin də adı yoxdur, üstəlik də cinayətkar keçmiş MTN rəhbərlərinin quraşdırdığı saxta ittihamla həbs olunmuş daha bir nəfər - Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi”.

Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı musavat.com-a açıqlamasında əfv sərəncamına siyasi məhbus sayılan şəxslərin düşməməsinə münasibətini açıqlayıb:

“Onu deyənlər, hüquq müdafəçiləri kimləri nəzərdə tutur, bilmirəm. Onlar hansı prizmadan baxırlar, hansı bucaqdan baxırlar, dəyərləndirirlər? Əfv Komissiyası üçün, onun sədri üçün ancaq məhkumlar baxımından, prizmasından baxırıq. Başqa söhbət ola bilməz axı. İndiyə qədər heç bir beynəlxalq təşkilatda siyasi məhbusun tərifini verən yoxdur, doğru-dürüst açıqlamasını verən yoxdur. Azərbaycana gələndə, bunu təzyiq kimi deyirlər. Cinayət törətmiş, hazırda cəza çəkən insanların yenidən doğru yola qayıtması üçün, mənəvi cəhətdən daha kamil vətəndaş olması üçün ona bir şans verilir. Ona görə prezident onları əfv edir. Siyasi məhbus məsələsini önə çəkənlər dövlətə xəyanətə siyasi həbs deyirlər? Siyasi məhbus anlayışını qəbul edə bilmirəm. Azadlığa çıxmaq üçün öz günahını qəbul edən, etdiyindən peşman olan, azadlığına qovuşmaq istəyən sağlam adamlardan gedir söhbət. Söhbət əfv olunanların törətdikləri cinayətdən peşman olmasından gedir. Siyasi məhbus məsələsindən danışanlar bu məsələni və əfv siyahısını siyasi alverə döndərməsinlər. İki yüz on nəfər elinə-obasına qovuşub, bunu dəyərləndirmək əvəzinə, buna qarşı çıxanların fikirləri başa düşülmür. Belə məna çıxır ki, siyasi alver, manipulyasiya ilə məşğuldurlar”.

Keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev "Facebook" səhifəsində əfv sərəncamına münasibətini açıqlayıb:

“Həbsdə olan siyasi məhbus üçün ən ağır anlar, ən ağır gün əfv sərəncamının imzalanmasını eşidib, siyahı açıqlanana qədər olan vaxtdır. Az-çox ümidlə gözləyirsən ki, bəlkə də adın var siyahıda, sabah artıq bu divarlar arasında olmayacaqsan, azad olacaqsan. Bir neçə saat sonra kimsə gəlir, "adın yoxdur" deyir və sən həmin axşam bəzən 40, bəzən 100 nəfərin saxlanıldığı baraka gedib uzanırsan və yatırsan. Səhər baxırsan müxtəlif cinayətlər törətmiş, adam öldürmüş, narkotika satmış adamlar əfv edilib və əllərini-qollarını sallayaraq, sevinc hissi ilə gedirlər, sən isə o divarların arasında qalırsan”.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev siyasi məhbus sayılan şəxslərin ABŞ Konqresində Azərbaycana qarşı sanksiya məsələsi gündəmə gəldiyi üçün azad edilmədiyi haqda fikirlərə də münasibət bildirib:

"Burası aydındır, hökümət xaricdən sərt dili, tənqidi, hədəni qəbul edib geri çəkilmək istəmir. Amma bu gəncləri, ziyalıları, jurnalistləri, hüquqşünasları ABŞ Konqresi, Avropa Parlamenti həbs etməyib axı. Özünüz deyirsiniz ki, bu qanun layihəsini, qətnamələri hazırlayanlar ermənipərəstlərdir, erməni lobbisinin işidir. O zaman, həbsdə olanları saxlamaq, bu dairələrin fəaliyyətinə təkan vermək deyilmi? ABŞ-ın, Avropanın təzyiqi, hədəsi ilə buraxmaq istəmirsinizsə, ziyalılarımız müraciət etsinlər, buraxın. Sonra da deyin ki, ABŞ və Avropanın hədəsindən qorxmuruq, ziyalılarımızın sözünə görə azad etdik. Amma azad edin...”

Həbsdə olan NİDA-çı Ömər Məmmədovun atası Əlyar Məmmədov:

“Hələ də şokdayıq, özümüzə gəlməmişik. Çox böyük ümidimiz vardı ki, Ömər bu dəfə azadlığa buraxılacaq. Məni Penitensiar Xidmətə çağırmışdılar, söhbət eləmişdilər ki, əmin olaq, Ömər artıq siyasətlə məşğul olmayacaq. Mən də demişdim ki, təhsilini davam etdirəcək. Ömərin nə yaşı var? Həbs olunanda 18 yaşındaydı. Heç kəsin adı siyahıya düşməyib. Bir şey başa düşmürəm, öz xalqına qarşı niyə belə rəftar edilməlidi? Bu qəddarlıq nəyə lazımdı? Qoy çıxıb desinlər ki, bu qəddarlığı buna görə edirik. Bu, dövlətçilik deyil, bu, düşmənçilikdir”.

Başqa bir "NİDA"çı Rəşad Həsənovun anası Almaz xanım məyusdur.

“Gözləyirdik. Hər bir valideyn kimi biz də Rəşadın adının əfv sərəncamında olacağını gözləyirdik” deyir. Asta səsələ davam edir:

“Amma yenə də Allah bilən məsləhətdir. Xeyirlisi. Nə deyim? Martda gözləmirdim, ancaq keçən yeni ildə də, indi də gözləyirdim. Üçüncü əfv sərəncamı verilir, ancaq adı ora düşmür. Bu dörd uşağın valideynləri ilə görüş olmuşdu, demişdilər ki, yaxşı olacaq, ancaq bilmirəm niyə olmadı...”

Almaz Həsənova deyir ki, yoldaşının yaşı 60-ı ötüb, özü də 55 yaşındadır:

“Yaş öz işini görür. Gedib gələ bilmirik. Allah imkan versin balamızı azadlıqda görək. Təki onun canı salamat olsun”.

Həbsdə olan NİDA-çı Əbdül Əbilovun anası Nurcahan xanım:

“Gözləyirdim. Sizcə necə olaram? Bilmirəm, niyə adını siyahıya salmayıblar?! Adı çıxmayıb, mən hələ də gözləyirəm”.

Nigar Yaqublu
Nigar Yaqublu

Müsavatçı Tofiq Yaqublunun qızı Nigar Yaqublu deyir ki, əfv sərəncamı onu çaşdırmayıb:

“Gözlədiyim kimi də oldu. Heç təəccüblənmədim də. Bilirdim ki, buraxmayacaqlar. Çox rahat qəbul etdik. Çünki Tofiq Yaqublu ilə İlqar Məmmədovun məhkəməsini fevrala keçirmişdilər. Buna görə də hər ikisinin də adının siyahıda olmayacağına əmin idim”.

Həbsdə olan NİDA-çı Rəşadət Axundodun atası Fikrət Axundov:

“Gözləntimiz vardı, əlbəttə. Eyni maddə ilə mühakimə olunan 7-8 nəfərin 4-nü ötən əfv sərəncamı ilə azadlığa buraxıblar. Rəşadətin nə evini axtarıblar, nə evindən bir şey tapıblar. Evindən “Molotov” kokteyli çıxdığı deyilənləri buraxıblar, Rəşadətgili buraxmayıblar. Bu, Allaha, bəndəyə sığan iş deyil axı. Bir siyasi məhbusun da adı siyahıya düşməyib. Yəqin ki, ABŞ-ın, Qərbin səsləndirdiyi sanksiya tələblərinə görədir”

Buna da bax: İnəklərin devalvasiyadan sonrakı söhbəti

"NİDA"çı İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə AzadlıqRadiosuna deyir ki, onlar oğullarının adının əvf siyahısına düşəcəyini gözləyirdilər:

“Sakit qarşıladıq. Düzdür, gözləyirdik, heç olmasa, siyasi məhbus kimi tanınanlardan 10-20-ni azadlığa buraxsınlar. Nə bilim, indi Novruz bayramını gözləyək”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev:

“Adı hüquq-müdafiəçilərinin siyahısında olan şəxslərin azadlığa çıxmaması beynəlxalq hay-küylə bağlıdır. Bu məsələ ətrafında bir belə hay-küy, tələblər olmasaydı, onları da azadlıqda görərdik. Çox təəssüf ki, bəzən əfv sərəncamı ərəfəsində istər burda, istərsə də beynəlxalq qurumlar tərəfindən belə tələblər qoyulur. Mən düşünürəm ki, biz hər şeydən əvvəl həmin şəxslərin azadlığa çıxması üçün mümkün stimullaşdırıcı fikirlər söyləməliydik. Çox təəssüf edirəm ki, belə hay-küylər bizim məqsədimizə çatmağımıza mane olur. Ona görə gələcəkdə bu cür addımlar ərəfəsində beynəlxalq hay-küy olmasına ehtiyac yoxdur. Bizim Azərbaycanda bu məsələni həll etmək imkanımız var. Prezident səviyyəsində bəzi addımlar atılmışdı. Ancaq hay-küy salındı. Yəqin yaxın gələcəkdə yeni addımlar atılacaq. Ancaq 210 adama əfv sərəncamının şamil edilməsi yaxşı məsələdir”.

Əliməmməd Nuriyev İntiqam Əliyev, Tofiq Yaqublu, Anar Məmmədli, Rəsul Cəfərov, İlqar Məmmədov və başqalarını siyahıda görmək istədiyini bildirib.

XS
SM
MD
LG