Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:53

Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədov ifadə verməkdən imtina edib


Əhməd Əhmədov
Əhməd Əhmədov

Ata-anasını, azyaşlı qardaşını və bacısıyla onun 3 yaşlı qızını öldürməkdə suçlanan Əhməd Əhmədov məhkəmədə ifadə verməkdən boyun qaçırıb. O, ailə üzvlərini öldürdüyünü etiraf etsə də, iyulun 4-də hakimin ifadə verməklə bağlı təklifinə, cavab olaraq, danışmaq istəmədiyini deyib.

"Mən eləmişəm...", - Ə.Əhmədov prokurorun onunla bağlı məhkəmədə elan etdiyi qərara münasibət bildirərkən belə deyib.

Ə.Əhmədovun 25 yaşı var. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işi üzrə iyulun 4-də başlanan məhkəmə istintaqında Baş Prokurorluğun Ə.Əhmədov haqqındakı qərarı açıqlanıb. Sənəddə vurğulanıb ki, təqsirləndirilən şəxsin anlaqsız olduğu istintaq dövründə iki dəfə keçirilmiş ekspertiza ilə sübuta yetirilib. Bu üzdən, onun cəzadan azad edilməsi və ixtisaslaşmış müalicə müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilməsi məsləhət görülür.

Qərarda yazılanlara görə, Ə.Əhmədov kiçik yaşlarından psixi xəstəlikdən əziyyət çəkir. Orta məktəbdə 9 il təhsil alsa da, onun Moskva universitetinin məzunu olması barədə diplomu var.

O, istintaqa ifadəsində ailə üzvlərini ona qarşı saymazlığa, biganəliyə görə öldürdüyünü söyləyib.

Olaydan bir müddət öncə valideynləri ona paytaxtın Əhmədli yaşayış sahəsində ayrıca mənzil alıb və o, tək yaşayırmış. Bir müddət taksi fəaliyyəti ilə məşğul olan Ə.Əhmədov daha öncə barmen, ofisiant işləyib.

Atasını öldürəndən sonra…

Olayın necə baş verməsinə gəlincə, qərarda yazılıb ki, həmin gün atası Mehman Əhmədov onu evlərinə çağırıb və səhər yeməyi üçün süfrə hazırlayanda oğlu onu qətlə yetirmək qərarına gəlib. Atasını öldürəndən sonra Əhməd maşınını bacısıgilə sürüb. Orada da bacısıyla qızını öldürəndən sonra geri qayıdıb. Bu zaman binanın yaxınlığında anasıyla balaca qardaşının birlikdə evə gəldiklərini görüb. O ərazidəki mağazadan aldığı balta ilə onları da qətlə yetirib.

Qərar açıqlanandan sonra hakim ondan özünü təqsirli bilib-bilmədiyini soruşub. Əhməd özünü təqsirli bilsə də, ifadə verməkdən boyun qaçırıb.

Qətl olayı bu il fevralın 13-də saat 16.30 radələrində baş verib

Ə. Əhmədovun anası Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi.

Ə.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Məhkəmə də onun anlaqsız olduğu qənaətinə gəlsə, Ə. Əhmədov cəzadan azad ediləcək və məcburi müalicəyə göndəriləcək.

XS
SM
MD
LG