Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:53

'Yeni subsidiya da oliqarx-məmurlara xidmət edəcək və adi kəndlilər…'


'Məzlum camaatı əzirlər' - Goranboydan reportaj
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

'Məzlum camaatı əzirlər' - Goranboydan reportaj (2022)

Aqrar Subsidiya Şurası yeni növ subsidiyaların veriləcəyini elan edib. Qurumun qərarına əsasən, gələn ildən müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat əlavə əkin subsidiyası veriləcək. Bildirilir ki, təkrar əkinlərə görə subsidiya 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil olunacaq.

Rəsmi məlumatlara görə, Azərbaycanda 2020-ci ildə 68.6 min, 2021-ci ildə 42.2 min, 2022-ci ildə 101.4 min, 2023-cü ildə isə 178.3 min hektar sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub.

"Vedrə ilə…"

Saatlı rayonundan adının çəkilməsini istəməyən fermer AzadlıqRadiosuna 3 hektarlıq ərazini illərdir vedrə ilə suvardığını deyir: "Qarpız və yemiş əkib becərirəm. Elə əziyyətlə bunu edirəm ki. Əkdiyim qarpızın yarısı məhv olur, yanır. Su yoxdur. Hərdən baxırsan, qarpız-yemiş acı çıxır, çünki məcburam şor su ilə suvaram".

Onun sözlərinə görə, müasir suvarma sistemini quraşdırmağa imkanı yoxdur: "Güclə ailəmi dolandırıram. Bu sistemlər isə bahadır".

Nazirlikdən açıqlama…

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, "yaşıl" subsidiyanın məqsədi kənd təsərrüfatı sektorunda 2025-ci ildən sudan səmərəli istifadəni və ətraf mühitin qorunmasını dəstəkləməkdir: "Ölkəmizin torpaq və su ehtiyatları məhduddur. Bu səbəbdən su və torpaq resurslarından səmərəli istifadə kənd təsərrüfatının ana xəttini təşkil edir".

Nar bağları məhv olur
Gözlə
Embed

No media source currently available

0:00 0:05:38 0:00

Vurğulanıb ki, ölkədə müasir suvarma sistemlərin qurulması üçün dövlət fermerlərə dəstək verir: "Bu il iyunun 5-də Nazirlər Kabineti... Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib. Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 milyon manat kredit portfeli 168 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir".

Qurumun məlumatına görə, hazırda ölkə üzrə 119 min 500 hektarda innovativ suvarma sistemləri tətbiq edilir: "Bununla yanaşı, 60 min hektarda pivot suvarma sistemləri və damcılı sistem tətbiq olunur. Azərbaycanda son illər müasir suvarma sistemləri tətbiq edən təsərrüfatlarda məhsuldarlığın iki dəfəyə yaxın artdığı, su sərfiyyatının 2.5 dəfə azaldığı müşahidə olunur. Son beş ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 38.2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93.3 milyon manat subsidiya ayrılıb". (Pivot suvarma çoxlu boru və avadanlıqdan istifadə etmədən, ümumiyyətlə, səyyar tipli suvarma maşını ilə sahəni gəzərək həyata keçirilən suvarma növüdür)

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Nəticədə buğda istehsalı azaldı"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna xatırladıb ki, iki il bundan əvvəl ölkə başçısı ərzaqlıq buğdanın istehsalının artırılması məqsədilə sərəncam imzalayıb: "Orada da analoji olaraq şərt qoyulmuşdu ki, müasir suvarma sistemindən istifadə edən və Kənd Təsərrüfat Nazirliyi ilə müqavilə bağlayan buğda istehsalçılarına həm buğda istehsalına, həm də əldə olunan məhsula görə əlavə subsidiya veriləcək".

Ekspertin sözlərinə görə, bu sərəncam on və yüz minlərlə hektar torpaqları zəbt edən, satın alan oliqarx-məmurlara sərf edib: "Bu gün müasir suvarma sistemini quraşdırmağa kimin imkanı var? Kim dövlətin təklif etdiyi güzəştli şərtlərlə müasir suvarma avadanlığı ala bilir? Yalnız oliqarx məmurlar! Adi kəndlilərin buna imkanı yoxdur. Nəticədə isə buğda istehsalı azaldı. Sərəncam imzalandı, 2022-ci ildə büdcədən əlavə 180 milyon manat vəsait ayrıldı, növbəti il isə buğda istehsalı azaldı".

V.Məhərrəmovun fikrincə, yeni veriləcək subsidiya da oliqarx-məmurlara xidmət edəcək və bundan adi kəndlilər faydalana bilməyəcəklər: "Çünki müasir suvarma sistemindən onlar istifadə edir. Ölkədə müasir suvarma sisteminin tətbiqi cəmi 8 faizdir. Bu da iri fermer təsərrüfatlarıdır. Adi kəndlilərin müasir suvarma sistemini quraşdırmağa imkanı yoxdur".

O hesab edir ki, su probleminin həlli dövlətin üzərinə düşən bir vəzifədir və müasir suvarma sistemini dövlət quraşdırmalıdır.

XS
SM
MD
LG