Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

MTN şefinin gedişi ətrafında sirr pərdəsi


Eldar Mahmudov
Eldar Mahmudov

►Mehman Əliyev: “Bu, böhranla bağlıdır, ikincisi də narazılıq var. Üçüncüsü, Rusiya amilidir. Bu qərar MDB dövlət başçılarının görüşündən dərhal sonra verildi”

Şənbə günü, 17 Oktyabr, saat 19.50. Prezidentin rəsmi saytında Milli təhlükəsizlik nazirinin işdən çıxarılması haqqında sərəncam yerləşdirilir. Nazirin istirahət günü istefaya göndərilməsi, üstəlik yerinə təyinatın olmaması xeyli ehtimallara yol açdı. Prezident nazirin yerinə yenisini tapmadan niyə onu işdən azad etdi? Milli təhlükəsizliyə cavabdehlik edən qurumu niyə başsız buraxdı? Naziri dərhal işdən uzaqlaşdırmaq üçün prezidentin əlində yetərli dəlil-sübutu olmalı idi hər halda.

Əvəzində mətbuatda keçmiş nazirin və komandasının “həbsi, talançılığı”, “qeyri-peşəkarlığı” haqqında təsdiqlənməmiş məlumatlar yer almaqdadır.

Baş Prokurorluğa zəng vursaq da, bu məlumatların nə qədər əsası olub-olmadığını öyrənə bilmirik. Qalır rəsmi xronikanı və hüquq-mühafizə orqanlarının açıqlamasını gözləmək.

“İki məqama diqqət etmək lazımdır. Qərar Astanadakı görüşdən sonra verilib və bir də ölkə içindəki böhran. Bütün bunlar emosional qərarların qəbuluna səbəb verir”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosuna belə söyləyir. Onun qənaətincə, bu qərar iqtisadi böhranla bağlıdır:

“Mən hesab edirəm ki, bu, böhranla bağlıdır, ikincisi də narazılıq var. Üçüncüsü, Rusiya amilidir. Bu qərar MDB dövlət başçılarının görüşündən dərhal sonra verildi. Məncə, orda Azərbaycanla bağlı hansısa iradlar bildirilib”.

Buna da bax: Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır

“BU CÜR SİTUASİYALARDA BƏZİ ADAMLAR QURBAN GEDİR”

Mehman Əliyev
Mehman Əliyev

Azərbaycanla bağlı dövlət başçısına hansı iradlar tutula bilərdi? Mehman Əliyev deyir:

“Rusiya prezidenti Vladimir Putin bu il aprelin 26-da “Rusiya 24” kanalında bir məqama toxunub. O deyib ki, 2002-ci ildə ABŞ prezidenti George Bush-a zəng edərək deyib ki, Amerika kəşfiyyat idarəsi Azərbaycan ərazisindən Rusiyaya qarşı istifadə edir və Azərbaycan tərəfi kəşfiyyatçılara dəstək verir. Bush da ona tədbir görəcəyini deyib. Putin-in sözlərinə görə, bir ay sonra Dövlət Departamentindən “Biz harda, necə istəyirik, elə də işləyirik” məzmunlu məktub alıblar. Yəni bu o deməkdir ki, məsələ həll olunmamış qalıb. Bu çıxış olub aprelin 26-da – bazar günü. Ondan sonra, yəni aprelin 27-dən Azərbaycan mediasında, telekanallarında ABŞ-a qarşı böyük bir kampaniya başlandı. Sanki Azərbaycan tərəfi Amerikayla əməkdaşlıq etmədiyini, əksinə Ağ Evlə münasibətlərin kifayət qədər gərgin olduğunu göstərməyə çalışdı. Məncə, bax, bu məsələ Astanadakı görüşdə də qaldırılıb. Bizdə nurçularla bağlı da belə bir vəziyyət olmuşdu, Türkiyə məsələni qaldırmışdı. Az sonra Elnur Aslanov və bir sıra adamlar vəzifədən uzaqlaşdırıldılar. Samanyolu TV bağlandı, başqa ad altında keçdi bu tərəfin nəzarəti altına, başqa təsir ocaqlarını da nəzarət altına aldılar və s. Bu cür situasiyalarda bəzi adamlar qurban gedir”. (Ardı aşağıda)

Gözlə

No media source currently available

0:00 0:13:27 0:00
Direct-ə keçid

Eldar Mahmudov fotolarda

Buna da bax: Günel Mövlud. Biz nə edəcəyik?

“BU ÜZDƏN DƏ EMOSİONAL QƏRARLAR QƏBUL EDİLİR”

Bəs bu qərarda iqtisadi böhranın təsiri, payı nə qədərdi? Mehman Əliyevin sözlərinə görə, iqtisadi böhran ona gətirib çıxarır ki, günahkar axtarıb tapmağa, pulları hesablamağa başlayırlar.

“Neft pulları gələndə buna ehtiyac yox idi. Sadəcə, böhran çox şiddətli, çox dərin və çox sürətlə gedir. Ona görə də əsəblər pozulub. Bu üzdən də bu cür emosional qərarlar qəbul edilir. Kimlərsə vəzifədən çıxarılır... Hələ nəqliyyat naziri Ziya Məmmədov problemi var ortada. Ondan bəzi pulların qaytarılmasını tələb edirlər. Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyevin məsələsi var ortada. Başqaları da yoxlanılır”.

Yeri gəlmişkən, bir sıra ekspertlər və media nazirin istefaya göndərilməsinin gözlənildiyini deyirlər. Səbəbsə qaytarılmayan kreditlərin ünvanı- Beynəlxalq Bankın keçmiş başçısı, bu ilin əvvəlində, manatın devalvasiyasından sonra istefaya gedən Cahangir Hacıyevlə Eldar Mahmudovun quda olmasıdır. Media və ekspertlər iddia edirlər ki, cənab Mahmudov milyonlarla vəsaitin talan olunmasına ən yaxşı halda göz yumub, ən pis halda iştirakçıya çevrilib.

“ÖLKƏ BAŞÇISINI QƏZƏBLƏNDİRƏCƏK İNFORMASİYA”

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

MTN sədrinin keçmiş müavini Sülhəddin Əkbər də söhbətə bu nazirlikdə baş verənlər və nazirin dəyişdirilməsi haqqında bir neçə aydır şayiələr dolaşdığını yada salmaqla başlayır. O da Mehman Əliyev kimi bu məsələdə bir məqama diqqət çəkir:

“Qərar MDB dövlət başçılarının sammitindən sonra, gözlənilmədən verildi. Gözlənilməzlik qərarın qəbulundə deyil, onun qəbul edildiyi zamanla bağlıdır. Parlament seçkilərinə cəmi iki həftə qalır. Mənə elə gəlir ki, nazirin işdən çıxarılması qərarı planlaşdırılırdı, sadəcə, onun tezləşdirilməsi MDB dövlət başçılarının sammitində ölkə prezidentinə həssas, konkret, onu qəzəbləndirəcək informasiyanın verilməsiylə bağlıdır”.

Buna da bax: Müsavat seçkidə iştirak məsələsinə yenidən baxa bilər

Həmçinin təhlükəsizlik eksperti İlham İsmayılın MTN şefinin işdən çıxarılması haqda şərhi

Sabiq MTN zabiti: "Eldar Mahmudovun getməsi çoxdan müzakirə olunurdu"
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

ON İL ƏVVƏLKİ HƏBSLƏR YENİDƏN XATIRLANIR

Ölkə başçısını qəzəbləndirəcək informasiya nə ola bilər? Sülhəddin Əkbərin qənaətincə, adətən, bu haqda cəmiyyətə informasiya verilmir.

“Ola bilsin, hüquq-mühafizə orqanları keçmiş nazirlə bağlı cinayət işi açsınlar. Ancaq bu cinayət işi belə əsl səbəblərlə əlaqələndirilməyəcək”.

Artıq mətbuatda keçmiş nazirin MTN-dəki komandasına qarşı “irimiqyaslı həbslərin başlanıldığı, nazirliyin Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevin və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşının həbsi” haqda təsdiqlənməmiş məlumatlar yer almağa başlayıb. “Eldar Mahmudov və bir qrup MTN-in yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi cinayətlər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib”, - “Qafqazinfo” yazır.

Sülhəddin Əkbər deyir ki, keçmiş nazirlə bağlı mətbuatda xeyli informasiyalar dolaşır:

“Bu cür informasiyalar həm ölkə daxilində, həm də xaricdə qalmaqala gətirib çıxara bilər. Ona görə də adətən belə situasiyalarda başqa yol tutulur. Məsələn, on il öncə də iki nazir həbs olundu. Onlar ilk öncə dövlət çevrilişinə cəhddə ittihamlarla həbs edilsələr də, sonradan nazirlərə qarşı başqa ittihamlar irəli sürüldü. İndi də analoji halın olacağını düşünürəm. Yeri gəlmişkən, düz 10 il qabaq da iki nazir həbs ediləndə İlham Əliyev MDB dövlət başçılarının sammitindən qayıtmışdı”.

Bundan başqa, o zaman mətbuat sabiqlərin ABŞ-ın dəstəyi ilə dövlət çevrilişinə hazırlaşmaları haqqında yazırdı və o zaman da parlament seçkilərinəiki-üç həftə qalırdı.

Həmçinin Zərdüşt Əlizadənin MTN şefinin işdən çıxarılması ilə bağlı şərhi

Z.Əlizadə: "MTN-nin izləmələri prezidentin masasının üstə gedirdi"
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

XS
SM
MD
LG