Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:40

Əlildən xaricdə pulsuz müalicə tələbi


arxiv foto
arxiv foto

-

“Məni müayinə etmədən cavab yazıblar ki, Azərbaycan daxilində müalicəm mümkündür. Əgər mümkündürsə, niyə etmirlər?”

“Deyirlər, hər il büdcədən xaricdə müalicəyə görə pul ayrılır. Ancaq 6 ildir müraciət edirəm, məni müalicəyə göndərmirlər”.

1-ci qrup əlil İsmayıl Vəliyevin 26 yaşı var. 14 ildir ki, miyopatiya əzələ xəstəliyindən əziyyət çəkir. Deyir, indiyədək çoxlu müalicələr qəbul etsə də, yeriməyi bərpa olunmayıb. Həkimlər ona cərrahiyyə əməliyyatı keçirməyi və yeriyənə qədər müalicə olunmağı tövsiyə edirlər. Azərbaycanda isə bu xəstəliyin müalicəsi və əməliyyatı mümkün deyil:

“NAZİRLİK MARAQLI DEYİL”

“Bu xəstəliyin müalicəsi ABŞ, Almaniya, Fransa, İtaliya, İsrail kimi ölkələrdə baş tutur. Dərmanlar da həmin ölkələrin istehsalıdır və çox bahadır. Mən vur-tut 67 manat pensiya alıram. Bu pensiya mənim heç bir dərmanıma çatmır. Xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə, Heydər Əliyev Fonduna yazmışam”.

Əlilə yazılan cavablar eyni məzmunludur: Vətəndaşları xarici ölkəyə cərrahiyyə əməliyyatı və müalicəyə göndərmək Səhiyyə Nazirliyinin vəzifəsidir. Bu işlə Səhiyyə Nazirliyi özü məşğul olmalıdır.

Prezident Administrasiyasından, Heydər Əliyev Fondundan Səhiyyə Nazirliyinə məktub yazaraq bildirilib, əlilin problemini araşdırıb həll etsinlər. Əlil iddia edir ki, Nazirlik onun dərdinə əlac etməkdə maraqlı deyil:

“MÜMKÜNDÜRSƏ, NİYƏ ETMİRLƏR”

“Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə milyonlarla pul ayrılır, mən bilmirəm ki, Nazirlik vətəndaşların problemini həll etmirsə, bu pulları hara xərcləyir? Dəfələrlə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət etmişəm. Məni müayinə etmədən cavab yazıblar ki, Azərbaycan daxilində müalicəm mümkündür. Əgər mümkündürsə, niyə etmirlər? Komissiyanın sədri açıq şəkildə dedi ki, Səhiyyə Nazirliyi vətəndaşları xarici ölkələrdə cərrahiyyə əməliyyatı və müalicəyə göndərmək üçün rəy verməyə qoymur. Biz də sizə rəy verə bilmirik".

Səhiyyə Nazirliyindən “Qaynar xətt”ə bildirilib ki, İsmayıl Vəliyevin müalicəsi Azərbaycanda mümkün olduğu halda o, xarici ölkələrdən birinə göndərilməsini tələb edir. Nazirlikdən deyilənə görə, əlil hətta prokurorluq orqanlarına da şikayət edib. Lakin araşdırmalardan sonra onun şikayətinin əsassız olduğu üzə çıxıb.

Səhiyyə Nazirliyi qeyri-iş günləri bitdikdən sonra əlilin müalicəsi ilə bağlı maraqlanacağını vəd edir.

XS
SM
MD
LG