Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Həbsdəki cəbhəçi ölüm aclığına başlayacağını elan etdi


Elxan Əliyev
Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev mayın 15-dən həbsdə ölüm aclığına başlayacağını deyir. O, mayın 13-də Bakı Apellyasiya Məhkəməsində belə söyləyib: "Mən heç bir cinayət törətmədiyim halda, siyasi sifarişlə həbsdə saxlanılıram. Buna etiraz olaraq bir müddət əvvəl aclıq aksiyası keçirməyə başladım. O zaman Kürdəxanı təcridxanasının (Bakı İstintaq Təcridxanası nəzərdə tutulur -red.) rəhbərliyi məni əmin elədi ki, məhkəmədə işimə ədalətli baxılacaq. Ona görə dayandırdım. Amma bu dəfə elə olmayacaq. Mayın 15-dən ölüm aclığına başlayacağam".

E.Əliyev təkcə qidadan deyil, sudan da imtina edəcəyini bildirib.

Bir ilə yaxındır dələduzluq ittihamı ilə həbsdə olan E.Əliyevə aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası kəsilib. Apellyasiya şikayəti də həmin hökmdən verilib.

Mayın 13-də Bakı Apellyasiya Məhkəməsində E.Əliyevin vəkili yekun qəraradək onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq onun həbsdə insult keçirdiyini, himayəsində üç azyaşlı uşağının olmasını hakimlərin diqqətinə çatdırıb.

Ancaq hakimlər E.Əliyevi ev dustaqlığına buraxmaqdan imtina ediblər.

Cəbhəçi fəal daha iki nəfərlə - Vəfadar AxundovYusif Əliyev ilə birlikdə mühakimə olunur.

Cinayət işinin materiallarında iddia edilir ki, adları çəkilən təqsirləndirilən şəxslər Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluğa yol veriblər.

Y.Əliyev satılan torpağın sahibidir. E.Əliyev isə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olub. Təqsirləndirilən şəxslərdən V.Axundov da bu işə vasitəçilikdə suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində cəbhəçi fəal istisna olmaqla, digər iki təqsirləndirilənə şərti cəza verilib. E.Əliyevin fikrincə, bu ayrıseçkiliyin özü də ona qarşı qərəzli münasibətin, siyasi sifarişlə cəzalandırılmasının sübutudur.

"Bilmirəm hakimiyyətin bir oyunudur, nədir"

Bu işə birinci instansiya məhkəməsində baxılanda E.Əliyevin vəkili onun həbsindən bir neçə gün öncə çəkdiyi və sosial şəbəkələrdə yayılmış videonu təqdim etmişdi. Cəbhəçi fəal orada bildirir ki, bir nəfər ona israrla zəng edir, ev və ya bağ sahəsi tapmasını istəyir: "Zəng edir, əl çəkmir. Deyir, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm hakimiyyətin bir oyunudur, nədir...".

E.Əliyevin sözlərinə görə, videoda bəhs etdiyi şəxs hazırda zərərçəkmiş qismində tanınan R.Şükürovdur. İş materiallarına əsasən, ondan alınmış 57 min manatdan E.Əliyevə makler kimi 3 min 900 manat çatıb. Həmin pul da ona qaytarılıb. Ümumiyyətlə, 57 min manat tam şəkildə zərərçəkmişə ödənilsə də, R.Şükürov məhkəmədə yenə E.Əliyevdən şikayətçi olduğunu söyləyib.

E.Əliyev daha öncə bir neçə dəfə polisə müqavimət ittihamı ilə inzibati qaydada həbs edilib. Ona hər dəfə 20-30 sutka olmaqla, inzibati həbs cəzası kəsilib.

Xatırlatma

Hazırda AXCP-nin 10-dək fəalı müxtəlif ittihamlarla həbsdədir. Onların heç biri özünü təqsirli saymır, siyasi baxışlarına, etiraz aksiyalarına qatıldıqlarına və hökumətin ünvanına tənqidi fikir səsləndirdiklərinə görə şərləndiklərini söyləyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə deyilənləri təkzib edir, siyasi fəalların konkret faktlar əsasında saxlandığını bildirir.

Hökumət rəsmiləri də ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını bəyan edir.

XS
SM
MD
LG