Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:28

«Əmanətçinin hər qəpiyi yubadılmadan qaytarılmalıdır»


Vüqar Bayramov
Vüqar Bayramov

-

Mərkəzi Bankın (MB-nin) statistikasına görə, əmanətlərdə azalmalar davam edir. Bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə qədəm qoyan banklar, elə ilk 3 aydaca 1 milyard 396 milyon manat itiriblər. İqtisadçı ekspert Vüqar Bayramov bunun banklara inamın kəskin azalmasından qaynaqlandığını düşünür: «Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə, birinci devalvasiyadan bəri əmanətlərin məbləğində azalmalar gözə dəyib. O vaxt ümumi əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi. Bu, həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar uyğun gəlirdi. Ötən ilin dekabrında həmin göstərici 7 milyard 89 milyon manata düşdü. İkinci devalvasiyadan bəri əmanətlərin məbləği manat ifadəsində artsa da, dollar ifadəsində azaldı».

Ekspert xatırladır ki, xarici valyuta ifadəsində yalnız son bir ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb: «Bütün bunlar MB-nin rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son bir ildə banklara inam ciddi şəkildə aşağı düşüb».

«HƏMİN İLLƏR MB SEYRÇİ MÖVQE TUTDU»

V.Bayramovun sözlərinə görə, bir sıra banklar hələ də əmanətləri qaytarmaqda çətinlik yaşayır: «Təəssüf ki, bankların, özəlliklə 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasəti bu sektorda ciddi problemlərin əsasını qoyub. Əslində, biz hələ o illər bir sıra bankların çayxanalarda kredit kartı paylamasının ciddi böhrana yol açacağını bildirirdik. Təəssüf ki, həmin illər MB, sadəcə, seyrçi mövqe tutdu. İndi başqa problem yaşanır: vətəndaş bəzi banklardan halal pulunu geri ala bilmir. Əmanətlərin müqaviləyə uyğun - zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının daha real addımlar atmasına ehtiyac var».

«PALATA BANKLARA İNAMI QAYTARMAQ İSTƏYİRSƏ…»

Ekspert bildirir ki, bankların problemli kreditlərinin həcminin artması əmanətçinin deyil, bank rəhbərlərinin günahıdır. Onlar uzun müddət MDB-də ən yüksək kredit faizləri ilə«inanılmaz qazanc» əldə ediblər: «Ona görə də, heç bir halda kreditlərin yubadılması əmanətlərin qaytarılmamasına bəhanə olmamalıdır. Palata əmanətlərin qaytarılmasının konkret meyarlarını müəyyənləşdirməli və bu prosesi nəzarətə götürməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara inamı qaytarmaq istəyirsə, o zaman pulunu geri almaq istəyən hər bir əmanətçinin hər qəpiyi yubadılmadan qaytarılmalıdır».

XS
SM
MD
LG