Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:46

Narkotiklə şərləndiyini deyən I qrup əlil ev dustaqlığına buraxıldı


Famil Xəlilov
Famil Xəlilov

Hər iki qolu iflic olan I qrup əlil Famil Xəlilov ev dustaqlığına buraxılıb. Dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində buna qərar verilib. Məhkəmədə onun ev dustaqlığına buraxılması məsələsini həm vəkili Fariz Namazlı, həm də prokuror dilə gətirib. Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib.

Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və 7 aydır həbsdə olan ictimai fəal məhkəmə zalındaca azadlığa biraxılıb.

Onun işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

29 noyabr

I qrup əlil polisə: 'Şortikimin, ümumiyyətlə, cibi yoxdur, oradan necə narkotik çıxa bilərdi?'

Hər iki qolu iflic olan I qrup əlil Famil Xəlilov deyir ki, həbs olunarkən əynindəki şortikin, ümumiyyətlə, cibi yox idi. Amma polislər iddia edirlər ki, narkotik Familin şortikinin cibindən çıxıb. Özü də iflic olan əliylə özü çıxarıb.

Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və yeddi aydır həbsdə olan ictimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Noyabrın 28-də məhkəmədə F.Xəlilovun vəkilləri bir daha hökm çıxarılanadək onun ev dustaqlığına buraxılması məsələsini qaldırıblar.

"Bu vəziyyətdə olan adamı həbsdə saxlamaq ona işgəncədir. Bir daha xahiş edirik, onun haqqında həbs-qətimkan tədbirinin dəyişməsi məsələsinə baxılsın. Ev dustaqlığına buraxılsın, ailəsi qayğısına qala bilsin. Bu adam baxıma möhtacdır", - vəkili Fəxrəddin Mehdiyev vəsatətini əsaslandırarkən belə deyib.

F.Xəlilovun özü də bildirib ki, həbsdən çıxmaqla hökumətə heç nə edə bilməz. O vurğulayıb ki, əgər hökumət bunu təhlükə sayırsa, deməli, problem özündədir.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası hər iki əli iflic olan F.Xəlilovun ev dustaqlığına buraxılması haqda vəsatəti yenə təmin etməyib.

"Bir telefon, iki kompüteri hansı cibimdən çıxardınız?"

Məhkəmə iclasında Binəqədi rayonu 40-cı polis bölməsinin əməliyyatçıları Vüsal Bayramov və Ağaməmməd Vəzirov şahid kimi dindiriliblər. Onlar F.Xəlilovun üzərində narkotik olması haqda məlumat aldıqlarını iddia ediblər. Onu Ruslan Allahverdiyev küçəsində saxladıqlarını, bölməyə gətirdiklərini deyiblər. Şortikinin cibindən narkotik də orada - hal şahidlərinin yanında çıxarılıb.

F.Xəlilov polislərin yalan söylədiyini, onu evindən götürüb apardıqlarını deyir. İctimai fəalın sözlərinə görə, heç R.Allahverdiyev küçəsinin harada yerləşdiyini də bilmir: "Niyə yalan danışırsınız? Mən evdən heç vaxt tək çıxmıram, çünki tək yeriyəndə balansı saxlaya bilmirəm, yıxılıram. Səkkiz ay idi o evdə yaşayırdım, bir dəfə də çıxmamışdım. Mənim şortikimin cibi olmayıb, oradan necə narkotik çıxa bilərdi? Bir telefon, iki kompüteri hansı cibimdən çıxardınız?".

İctimai fəal əlavə edib ki, evindən götürülən telefon və kompüterlər bugünədək ailəsinə qaytarılmayıb.

F.Xəlilov sosial şəbəkələrdə hökuməti tənqid edən paylaşımlarına görə narkotiklə şərlənərək cəzalandırıldığını düşünür və bildirir ki, həmin paylaşımları ayaq barmaqları ilə yazırdı.

Xatırlatma

F.Xəlilov mayın 2-dən həbsdədir. İddia olunur ki, onun cibindən 13 qramdan çox metamfetamin (patı) tapılıb. Bu üzdən, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İctimai fəal özünü təqsirli bilmir və bu ittihamın saxta olduğunu deyir. Onun sözlərinə görə, mayın 2-də hamamda həyat yoldaşı onu yuyundurarkən polislər evlərinə basqın edərək özləriylə gətirdikləri narkotiki evinə qoyublar:

"Qapını qızım açıb. Məni yoldaşım geyindirdi, sürüyə-sürüyə pilləkənləri çıxardılar, əvvəlcədən göy salfetdə gətirdikləri narkotiki qoydular ki. guya evdən tapıblar. Əvvəl elə düzüb-qoşmuşdular ki. guya evdən tapıblar. Küçədə saxlamaq söhbəti sonra ortaya çıxdı".

Son üç il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs edilib. Onlar həbslərini mühacirətdə olarkən, Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqlarıyla izah ediblər.

Rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız izləndikləriylə bağlı deyilənləri qəbul etmirlər.

Readmissiya deyərkən, dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxsləri geri qəbul etməsi nəzərdə tutulur. Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.

XS
SM
MD
LG