Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Fazil Mustafaya görə ömürlük həbsi tələb olunan şəxs: ‘Nə siyasi motiv?!’


Fazil Mustafa
Fazil Mustafa

Fazil Mustafaya sui-qəsdə görə prokurorun ömürlük həbs cəzası istədiyi Azər Səricanov deyir ki, bu hadisədə heç bir siyasi motiv yoxdur. O, məhkəmədəki son sözündə iddia edir ki, bu hadisənin İrandan gələn sifariş əsasında baş verməsi barədə ittihamda yazılanlar yalandır:

“Nə siyasi motiv?! Mən şəriətimə, əqidəmə, milli-mənəvi dəyərlərimə görə bu addımı atmışam. İnsanların dəyərləriylə oynamaq olmaz. Bizə ağır cəza verməklə başqalarının gözünü qorxutmağa çalışırsınız. Bir neçə dəfə Fazil Mustafanı vurmaq imkanımız yaranıb, amma həmin vaxt ailəsi, uşağı yanında olduğundan, bunu eləməmişik. Çünki dəyərlərimiz var”.

F.Mustafaya sui-qəsdlə bağlı 8 aydır Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar yekunlaşıb. Prokuror təqsirləndirilən 5 nəfərdən birinə ömürlük, üçünə 20 il, birinə də 5 il həbs cəzası istəyib. Avqustun 7-də məhkəmədə təqsirləndirilənlər son sözlərini söyləyiblər.

A.Səricanov bildirib ki, F.Mustafa müsahibələrində səsləndirdiyi fikirlərlə, sosial şəbəkələrdəki yazılarıyla onların dini inancını təhqir edib. Bu üzdən, onu cəzalandırmağa qərar veriblər.

“Bu haqda bir dənə də sübut yoxdur”

Təqsirləndirilənlərdən biri - sui-qəsdin icrasından ötrü İrandan 30 min dollar pul gətirməkdə suçlanan Rəşad Əhmədov son sözündə ittihamı doğru saymadığını deyib: “Nə vaxt gətirmişəm, necə keçirmişəm – bu haqda bir dənə də sübut yoxdur”.

Ali təhsilli olduğunu, uzun müddət neft sektorunda çalışdığını söyləyən R. Əhmədov vurğulayıb ki, hazırda Azərbaycanda minlərlə insan dini inancına görə həbsxanada cəza çəkir.

F. Mustafaya atəş açmaqda ittiham edilən Səbuhi Şirinov da onu siyasi fəaliyyətinə görə öldürmək istəməsi haqda ittihamı qəbul etmir: “Siyasi fəaliyyətinin nədən ibarət olduğunu mən burada bilmişəm...”.

Daha bir təqsirləndirilən - Elşad Əsgərov son sözündə bildirib ki, Azərbaycanda onlarla deputat İran əleyhinə fikirlər səsləndirsə də, onların heç biri nə cəzalandırılıb, nə də təhdid olunub:

“Bu da onu göstərir ki, baş verənlərin İrandan gələn sifarişlə əlaqəsi yoxdur. Biz ya onun təhqirlərinə susmalıydıq, ya da cəzalandırmalıydıq. Avtomatda 20 güllə qalmışdı, öldürmək lazım olsaydı, elə atıb öldürərdik”.

Təqsirləndirilən şəxslərdən prokurorun 5 il cəza istədiyi Emin Əliyarov avqustun 9-da son sözünü deyəcək, ardınca da hökm oxunacaq.

Xatırlatma

Fazil Mustafa ötən il martın 28-də axşam saatlarında paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı evin önündə gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisəyə görə 5 nəfər - Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov, Emin Əliyarov və Rəşad Əhmədov cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində iddia olunur ki, F. Mustafaya sui-qəsd planı İranın Rey şəhərində müzakirəyə çıxarılıb. Həmin planın icrası barədə tapşırıq verilib və Bakıya bundan ötrü 30 min dollar göndərilib.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar verilib.

Onlar özlərini qismən təqsirli bilir, deputatı vurduqlarını təsdiqləsələr də, bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər vurğulayıblar ki, deputatı öldürmək niyyətləri olmayıb, onu dini mövzuda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq qərarına gəliblər. İddia edirlər ki, bu üzdən də həyati önəmli orqanlarına yox, çiyin və ayaq hissəsinə atəş açılıb.

XS
SM
MD
LG