Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Formula-1-də 400 minlik yeyinti işi: təqsirləndirilən şəxs sabiq nazirin oğlundan göstəriş aldığını deyir


Çingiz Mehdiyev
Çingiz Mehdiyev

Formula-1 yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə suçlanan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyev deyir ki, rəhbərlikdən xəbərsiz addım atmayıb. Rəhbərliyin kimliyinə gəlincə, Ç.Mehdiyevin cavabından məlum olub ki, söhbət şirkətin icraçı direktoru Arif Rəhimovdan gedir. O, həm də mərhum gənclər və idman naziri Azad Rəhimovun oğludur.

Ç.Mehdiyevin 49 yaşı var və həbs edilməsə də, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunur. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarında iddia edilir ki, Ç.Mehdiyev Formula-1 yarışlarının təşkilinə ayrılmış büdcə vəsaitlərinin bir hissəsini Seyşer adalarında anasının adına qeydiyyatdan keçmiş "Dayton Investment LTD" şirkətinin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürməklə mənimsəyib. İttihama görə, yarışların təşkilində gərəkli avadanlığın alınması, xidmətlərin göstərilməsi adıyla 2016-2018-ci illərdə bu hesablara 398 min manatın köçürülüb.

"Rəy verən ekspert ziyanı necə hesablayıb?"

Ç.Mehdiyev ittihamda yazılanlarla razılaşmır. O, iyunun 3-dəki məhkəmədə öncə prokurorun suallarını cavablandırmaqdan imtina etsə də, sonradan fikrini dəyişib.

"Heç bir dövlət orqanı mənim fəaliyyətimdən narazı qalmayıb. Zərərçəkmiş gəlsin, görək, mən kimə nə ziyan vurmuşam. Rəy verən ekspert ziyanı necə hesablayıb? Onun idman oyunları barədə nə məlumatı var? Məni də işə salıblar...", - Ç.Mehdiyev suallara cavab verməmək istəməməsini belə əsaslandırıb.

Ardınca deyib ki, Formula-1-in təşkili prosesinə 2015-ci ildən qatılmağa başlayıb, anası Leyla Əliyeva isə şirkəti bundan üç il öncə - 2012-ci ildə qurmuşdu və 4 milyon manatdan çox dövriyyəsi vardı.

Arif Rəhimov
Arif Rəhimov

Ç.Mehdiyevin söylədiyinə görə, 2015-ci ildə Formula-1 Azərbaycan Qran-Prisinin keçirilməsinə az müddət qalmış, ona təşkilati işlər həvalə edilib. Qısa müddətdə zəruri işlər görülməli, avadanlıq alınmalıydı. Deyir, Azərbaycanda bu sahədə avadanlıq satmaq, xidmətlər göstərmək təcrübəsi olan şirkət yox idi. Xaricdəki şirkətlərsə bu işi ikiqat baha görürmüş. O da "Dayton Investment LTD"nin prosesdə iştirakını təklif edib, rəhbərlik də razılıq verib: "Tələb qoyulmuşdu ki, yarışlar yüksək səviyyədə təşkil olunsun, dünyada 1.5 milyarddan çox adam izləyir. Yarış başlayana qədər "Dayton" bütün hazırlıq işlərini öz hesabına görürdü, sonradan onlara ödəniş edilirdi. Şirkət bizə yetərincə güzəşt edirdi. Mən qohumumun şirkəti olduğunu gizlətməmişəm. Əmin idim ki, yüksək səviyyədə xidmət göstərəcəklər".

O, şirkətə toplam büdcənin 0.2 faizi qədər - təxminən 900 min manat pul köçürüldüyünü də deyir.

Araşdırmalar təqsirləndirilənin keçmiş həyat yoldaşının müraciəti əsasında başlanıb

Ç.Mehdiyev haqqında araşdırmalar onun keçmiş həyat yoldaşı Nərminə Əkbərovanın müraciəti əsasında başlayıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ilkin araşdırmalardan sonra onun cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verilib.

Keçmiş həyat yoldaşı iddia edir ki, Ç.Mehdiyev Formula-1 üçün ayrılmış vəsaitlərin bir hissəsini ələ keçirərək özü və qardaşı Zaur Mehdiyevin adına xeyli əmlak alıb. Bu əmlaklar arasında Amerikada evlər də var.

C.Mehdiyevin suçlandığı maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

İstintaqda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə 7 il rəhbərlik etmiş Arif Rəhimov da dindirilib. O, Ç.Mehdiyevi vəzifəyə özü təyin etdiyini söyləyib və vurğulayıb ki, Ç.Mehdiyev qanunsuz addım atıbsa belə, onun həmin hərəkətlərindən xəbəri olmayıb.

A.Rəhimov 2022-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Onun yerinə Milli Gimnastika Arenasının icraçı direktoru Maqsud Fərzullayev təyin olunub.

XS
SM
MD
LG