Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Çadırda yaşayan köçkün: 'Dedilər, çalışın, özünüzə bir gün ağlayın'


Arxiv fotosu
Arxiv fotosu

"Klub dağıldı, bəzi ailələr başqa evlərə yerləşdirildi, bəzi ailələr ortalıqda qaldı... Biz də ortada qalmışdıq. Dedilər, ‘sizi evə yerləşdirmək imkanımız yoxdur, çalışın, elə bu dağıntı yerində özünüzə bir gün ağlayın’. Biz də özümüzə alayarımçıq bir ev tikdik".

Bunu AzadlıqRadiosu-na Füzuli köçkünü Nurəddin Abbasxanov deyir.

Buna da bax:​ 'Bütün qışı qarın üstündə çadır qurub qaldıq'

“ÇÖL HEYVANLARINA YEM OLMAQ İSTƏMİRDİK”

Köçkünün ailəsi 1993-cü ildən Beyləqandakı köhnə klublardan birində məskunlaşıb. Çiy kərpicdən tikilmiş və azı 80 yaşı olan bina 7 il əvvəl tamamilə dağılıb. Nurəddin Abbasxanovun deməsinə görə, binadakı köçkün ailələrin bir hissəsi köçürülüb, bir neçə ailəyə isə tövsiyə olunub ki, "hələlik, başlarını saxlasınlar". Köçkün danışır:

"Biz tamamilə çöldə qalmışdıq. Çöl heyvanlarına yem olmaq istəmirdik, ailədə körpə uşaqlar vardı, bir daldalanacağımız olmalıydı. Məcbur qalıb elə dağılmış klubun yerində özümüzə kiçik bir ev tikdik. Bizdən aralıda bir mağaza var. 4 il əvvəl bir xanım çıxdı ortaya, dedi, ‘mağazanın sahibiyəm’. Sonra da bizim ev tikdiyimiz sahəyə iddia etməyə başladı".

Buna da bax:​ Köçkünlər: 'Taxta evlər hər an alışa bilər'

“KÖÇKÜNÜN PROBLEMİ ÇADIRLA HƏLL OLUNUR?”

Tofiqə Rüstəmova köçkün ailəsini ərazidən çıxarmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə də evin sökülüb, torpağın boşaldılıb T. Rüstəmovaya qaytarılması barədə qətnamə çıxarıb. Bu yaxınlarda isə "Qaçqınkom"dan (Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə dövlət Komitəsi) köçkünə məktub gəlib ki, ailəni başqa bir tikiliyə yerləşdirəcəklər. Ancaq köçkün deyir, onları yenə köhnə, istismar müddəti ötmüş, qəzalı, keçmiş idarə binasına yerləşdirmək istəyirlər:

"17 il köhnə, qəzalı klub binasında yaşadıq, axırda başımıza uçdu, əşyalarımızı da daşıya bilmədik. İndi yenə bizə eyni sarsıntını, aqibəti yaşatmaq istəyirlər. Bezmişik, yorulmuşuq. Övladlarım böyüdü, ailə qurdu, qocaldı, bircə gün də rahat həyat sürmədik. Dişimizlə-dırnağımızla tikdiyimiz evi sökürlər. "Qaçqınkom" deyir, ‘köçmürsünüzsə, çadır veririk, çadıra yerləşin’. Məgər köçkünün problemi çadırla həll olunur? Axı bunlar bütün dünyaya car çəkirlər ki, bizdə çadırda köçkün qalmayıb..."

Buna da bax:​ Köçkün: 'Sən demə, torpağı mənə satan yazılmamış qaydaları pozub...'

Beləcə köçkün ailəsinin tikdiyi ev sökülüb, ailəyə çadır verilib ki, orda məskunlaşsın. Üçüncü həftədir ki, ailə çadır həyatı sürür. Yağışlı günlərdə ailə üzvləri soyuğa və yağış sularına tab gətirməyərək çadırdan çıxıb yaxınlıqdakı evlərə paylaşıblar.

ZOBUCUQDA EV TƏKLİF OLUNUB?

Bəs çadırdakı köçkün ailəsinin aqibəti necə olacaq? "Qaynar xətt"in bu sualına "Qaçqınkom"dan bildirilib ki, hazırda ailənin mənzillə təmin olunması mümkün deyil. Buna görə də qurum məktubla məhkəməyə müraciət edib ki, qətnamənin icrası müvəqqəti dayandırılsın. Eyni məzmunlu məktub Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə də göndərilib. Lakin artıq gec olub, köçkünün məskunlaşdığı yaşayış yeri sökülüb.

Buna da bax:​ Şikayət: 'Xırdaoymaqda istifadəsiz torpaqlar var, özümüz acından ölürük'

Füzuli rayon İcra Hakimiyyətindən isə "Qaynar xətt"ə bildirilib ki, köçkün ailəsinə Füzulinin Zobucuq kəndində ev təklif olunsa da, ailə razılaşmayıb və illərdir məskunlaşdıqları yerdən tərpənməyəcəklərini bildiriblər. Lakin Abbasxanovlar icra hakimiyyətindən deyilənləri təkzib ediblər. Bildiriblər ki, ailəyə heç vaxt yaşayış yeri təklif olunmayıb.

Hazırda ailə qarşıdan gələn qış fəslində çadır həyatının "dadını" necə çıxaracaq, onu düşünür.

XS
SM
MD
LG