Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:38

Gəncə hadisələrindən hakimiyyət hansı dərsi çıxarmalıydı


Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir

Gəncədə iki polis zabitinin ölümü, onlarla insanın həbsinə səbəb olmuş hadisələrin bir ili tamam olur. Bu hadisələrdən sonrakı həbslər zamanı da xeyli mülki şəxs öldü. Rəsmilər bu rəqəmin 5, hüquq müdafiəçiləri isə 8 olduğunu bildirir. Onların arasında Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasovu qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyev də vardı.

Rəsmi məlumatlarda iddia olunur ki, Gəncə hadisələrinin törədilməsində şübhəli bilinən şəxslərdən bir neçəsi saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərdiklərinə görə öldürülüb. O da vurğulanır ki, 10 iyul aksiyası bir həftə öncə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və mühafizəçisini güllələməkdə suçlanan Yunis Səfərova dəstək məqsədi daşıyıb:

«Aksiyanı 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər...».

Öldürülənlər, həbs olunanlar «daha çoxdur»...

Öncə sabiq icra başçısı və mühafizəçisinin güllələnməsi, ardınca aksiyaya görə 77 nəfərin həbs olunduğu bildirilir. Hərçənd, hüquq müdafiəçisi Oqtay Gülalıyev öldürülənlər kimi, həbs olunanların sayının da əslində daha çox olduğunu bildirir:

O.Gülalıyev
O.Gülalıyev

«Prokurorluğun məlumatında 77 nəfər haqqında həbs qərarı çıxarıldığı, 11 nəfərin axtarışa verildiyi bildirilir. Bizim araşdırmalarımıza görə bundan kənarda da həbslər həyata keçirilib. Məsələn, Gəncə hadisələri ilə bağlı daha bir qrupun işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb hökm çıxarıldı. Təəssüf ki, aidiyyəti qurumlar bu barədə informasiyaları açıqlamırlar. Hazırda 56 nəfərin məhkəməsi gedir. Y.Səfərovun da daxil olduğu 17 nəfərlə bağlı istintaq gedir. Digərləri ilə bağlı da araşdırmanı davam etdiririk».

Hüquq müdafiəçisi deyir ki, üstündən bir il keçsə də, bu hadisələrlə bağlı bir çox suallar hələ də cavabsızdır. Onun sözlərinə görə, həbs olunan şəxslərə qarşı tutarlı sübutlar ortaya qoyulmayıb, üstəlik, irəli sürülən ittihamlar da adekvat deyil. Məsələn, Y.Səfərova Cinayət Məcəlləsinin 27 maddəsi ilə ittiham verilib – terrordan tutmuş, ölkənin konstitusiya quruluşunu zorla dəyişdirməyə, dini dövlət qurmaq cəhdinə qədər. Yaxud yalnız razılaşdırılmamış mitinqdə iştirak edən, hətta ümumiyyətlə, hadisələr vaxtı ölkədə olmayan xeyli adama polislərin ölümünə görə ittiham verilib.

10 iyul aksiyasında polis zabitlərinin öldürülməsindən danışan O.Gülalıyev bu hadisələrlə bağlı məhkəmə iclaslarında izlədiyi videogörüntülərə toxunub. Bildirir ki, videoda R.Böyükkişiyevin meydana əlində xəncərlə gəldiyi, xəncəri oynada-oynada getdiyi halda, ətrafdakı polislərin onun qarşısını almaq üçün heç bir hərəkət etmədiyi görünür: «Nəticədə o, iki nəfəri öldürür, üçüncüsünə hücum edir. Görünür ki, mülki şəxslərdən də ona dəstək verən yoxdur. Başqa heç kimin əlində silah da yoxdur».

«Psixikası tamam pozulmuşdu»

Gəncə hadisələrinə görə həbs olunanlardan birinin anası AzadlıqRadiosuna 1988-ci il təvəllüdlü R.Böyükkişiyev haqqında danışarkən bildirib ki, o, bundan öncə anasını öldürdüyünə görə uzun müddət həbsdə olmuşdu: «2007-ci ildə anasını öldürmüşdü. Qonşumun yaxın qohumudur. Ona 7 il cəza vermişdilər. Psixikası tamam pozulmuşdu...».

O.Gülalıyev Gəncə hadisələrinə görə həbs olunanların əksəriyyətinin ağır işgəncələrə məruz qaldığını, bəzilərinin dözməyib intihar etdiyini söyləyir.

Gəncə hadisələrinə görə həbs olunanların valideyinləri və yaxınları danışdı
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Gəncə hadisələrinə görə həbs olunanların bir çoxu inanclılardır. Biri də 8 il həbs cəzası kəsilən Şahlar Rzayevdir:

– Elmar Vəliyevin vətəndaşlara münasibəti, islam dinini təhqir etməsi, azana qadağa qoyması, Aşura günü «İmamzadə» ziyarətgahına girişi qadağan etməsi inanclı vətəndaş kimi məni narahat edirdi. Mən də bu özbaşınalığa etiraz etmək üçün aksiyaya qoşuldum.

Prokuror:

- Siz icazəsiz mitinqdə iştirak etmisiz.

- Buna görə adama işgəncə verib, 8 il azadlıqdan məhrum etmirlər. Bəli, mən icazəsiz aksiyada iştirak etmişəm. Buna görə mənə qanunlarımızın tələb etdiyi şəkildə cəza verilməliydi...

- Siz aksiyada dini şüar səsləndirmisiniz?

- Bəli, dini şüar səsləndirmişəm, «Ya Hüseyn», «Allahu Əkbər» demişəm. Amma mənə təsir edən o oldu ki, Azərbaycanda polis idarələrində məni polis əməkdaşları döymədi. Mənə polis idarəsində işgəncə verənlər saqqallı, «nakolkalı» adamlar idi. Mən hərbçi olmuşam. Bu mənə işgəncə qədər ağır gəldi. Məni saatlarla, gecə-gündüz dayanmadan döyüblər...

Ş.Rzayev Beyləqandakı hərbi hissələrdən birində xidmət edib. Deyir ki, həbsindən sonra məruz qaldığı işgəncələr nəticəsində ağciyərləri zədələnib, hazırda vərəmdən müalicə olunur.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.

İki versiya

Gəncə hadisələri ilə bağlı iki versiya qabardılır. Rəsmi məlumatlarda baş verənlər radikal dini qrupların törətdiyi terror aktları kimi dəyərləndirilir. Bir sıra ekspertlər və müxalifət təmsilçiləri isə bu hadisələrin Gəncədə məmur özbaşınalığından qaynaqlandığını düşünür.

«Gəncə hadisələrinə keçmiş icra başçısı Elmar Vəliyevin insanlara qarşı qanunsuz, etikadan kənar münasibəti səbəb olub. Məlumdur ki, o, hətta iclaslarda da təhqirlə danışırdı. Təsadüfi deyil ki, onun Gəncənin sabiq rəisi, mərhum Rasim Musayevlə də konflikti olmuşdu. Təəssüf ki, hakimiyyət bu ciddi faktoru görməzlikdən gəlir. Əksinə, baş verənlərdən insanların gözünü qorxutmaq, xof yaratmaq üçün sui-istifadə olunur. Bu yolla insanların içindəki etirazı, narazılığı yatırmağa çalışırlar», – O.Gülalıyev belə deyir.

İ.İsmayıl
İ.İsmayıl

Ancaq təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl düşünür ki, Gəncə hadisələrini təhlil edərkən həm dini faktoru, həm də məmur özbaşınalığını gözardı etmək olmaz. Bununla belə, hadisələrin məhz E.Vəliyev kimi məmurun rəhbərlik etdiyi Gəncədə baş verməsini nəzərə alaraq, hesab edir ki, məmur özbaşınalığı faktoru birinci yerdədir: ​«Dini zəmində radikal addımlar atırlar - məscidləri partladırlar, hansısa Qərb təmayüllü yerdə terror törədirlər, hicabla bağlı etirazlarını bildirirlər. Gəncədə baş verməsi isə Elmar Vəliyevin həddindən artıq kobud, zülmkar idarəçiliyi ilə bağlı idi. İnsanlara qarşı qəddar münasibətilə yanaşı, Aşura günü dindarların hisslərinə toxunması da əlavə qəzəb yaradırdı. Yunis Səfərov həm dindar olub, həm də kifayət qədər hərbi hazırlıq keçib».

Bu deyilənlərə E.Vəliyevin özündən münasibət almaq mümkün olmayıb.

«Radikalları qorxutmaq lazım idi»

10 iyul aksiyası və ondan sonra baş verənlərə gəlincə, İ.İsmayıl düşünür ki, bunun E.Vəliyev və güllələnməsinə aidiyyəti yox idi, sadəcə, radikalları qorxutmaq lazım idi.

Ə.Kərimli
Ə.Kərimli

AXCP sədri Əli Kərimli də o fikirdədir ki, Gəncə hadisələrindən qorxu mühiti yaratmaq məqsədilə istifadə olundu. Onun fikrincə, hakimiyyət, baş verənlərdən yanlış nəticə çıxardı: «Mən Gəncə hadisələri üzrə məhkəmə proseslərini izləmişəm. Suçu yalnız razılaşdırılmamış mitinqdə iştirak etmək olan insanlara ağır cəzalar verilib. Əslində, bu hadisələrdən belə nəticə çıxarılmalıydı ki, məmurlardan böyük narazılıq var, ədalətsizlik insanları hiddətləndirir, haqsızlıq, qəddarlıq eləyən, xalqla ünsiyyət qura bilməyən məmurlardan xilas olmaq lazımdır. Amma yenə də hakimiyyət səhv siyasət yürütdü, xalqı qorxutmağı yeganə çarə hesab elədi. «Gəncə işi» üzrə biz nahaqdan həbs olunan, cinayət törətməmiş insanları müdafiə edirik. Biz nə polislərin öldürülməsinə, nə silahdan mübarizə vasitəsi kimi istifadəyə haqq qazandırırıq. O hadisələrdən istifadə edib, sadə insanların əzilməsinə etiraz edirik».

F.Mustafa
F.Mustafa

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa isə fərqli fikirdədir. Hesab edir ki, Gəncədə baş verənlər kənardan idarə olunan proseslər idi, dövlət orqanlarını qorxutmaq, çaşqınlıq yaratmağa hesablanmışdı. Millət vəkili deyir ki, sübutlar da Gəncə hadisələrini törədən şəxslərin başqa ölkələrdə təlim keçdiyini ortaya qoydu, onların şəxsiyyəti ilə bağlı məsələləri aydınlaşdırmağa imkan verdi: «Bu məsələ birmənalı şəkildə dini radikallıqdan qaynaqlanır. Yəqin, istintaq orqanlarının əlində kifayət qədər əsaslar var ki, bu motivi qabardıblar. Həqiqətən Azərbaycanda xurafat və cəhalət tüğyan edir. Bunun da nəticəsində sosial narazılığı bəhanə edib, bu cür dini motivlərlə hərəkətlənmələr özünü göstərir. İcra başçısı ilə bağlı narazılıq vardı, bu fikirlərlə razıyam. Amma bu, o demək deyildi ki, kimisə öldürməyə cəhd eləmək, qətl törətmək lazım idi. Bu, təşkil olunmuş və kənardan idarə olunan hadisə idi».

Bu günlərdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncə hadisələrinin ildönümü ilə bağlı açıqlamasında həmin hadisələri «bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı» adlandırıb.

Təhlilçilərin fikrincə isə, 10 iyul mitinqini kimlərin təşkil etməsi sualı indiyədək açıq, hadisənin əsl səbəbkarları hələ də istintaqdan kənarda qalır.

XS
SM
MD
LG