Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:05

‘Gəncə işi’ məhbuslarının yaxınları polisə çağırıldıqlarını deyirlər


Ötən il Gəncə şəhərində baş verən olaylar zamanı həbs edilən şəxslərdən bəzilərinin yaxınları polisə çağırıldıqlarını bildirirlər.

Onların AzadlıqRadiosuna verdikləri məlumata görə, bu gün, avqustun 27-də Gəncə şəhər Nizami Rayon Polis Şöbəsinə çağırılıblar, izahatları alınıb. Həmin şəxslər vurğulayıblar ki, dünən, avqustun 26-da “Gəncə işi”ndə günahlandırılanların bəzilərinin yaxınları Gəncə Şəhər İcra Hakimiyyətinin önünə toplaşmaq istəyiblər.

Verilən məlumata görə, onlar "Saxta ittihamlara son" şüarı səsləndirərək, yaxınlarının günahsız yerə tutularaq mühakimə edildiklərini bildiriblər.

Həmin vaxt heç kimin saxlanmadığı söylənir. Şikayətçilərdən birinin AzadlıqRadiosuna bildirməsinə görə, onları İcra Hakimiyyətində qəbul ediblər:

"İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Apellyasiya Məhkəməsinin hakim köməkçisi, Gəncə Şəhər Polis İdarəsinin rəisi bizi qəbul etdilər. Vəziyyəti izah etdik. Bu gün, avqustun 27-də isə bizi Gəncə şəhər Nizami Rayon Polis Şöbəsinə çağırıb, izahat aldılar".

Həmin şəxsin bildirilməsinə görə, onlardan narazılıqlarının səbəbləri soruşulub.

Amma bu deyilənlərə, hələlik, Gəncə Şəhər Polis İdarəsi və icra hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlamayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır.

Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Avqustun 23-də isə onlardan daha bir nəfəri - Elvin Əliyev də apelyasiya şikayətinə baxılarkən azadlığa buraxılıb.

Apelyasiya prosesi zaman bir çoxunun da cəzaları azaldılıb.

Yunis Səfərov və daha bir neçə şəxsin məhkəməsi isə, hələ, başlamayıb.

“Gəncə işi” üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər. Həbs olunanlar isə məhkəmədə saxlanarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

XS
SM
MD
LG