Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:57

Gəncə məhbusları: "Sübut kadrları göstərin..."


Gəncə hadisələrinə görə həbs olunan daha bir qrupun - Bəkrəm Əliyev, Elmir Hüseynzadə və daha 6 nəfərin işi üzrə məhkəmə araşdırmaları yekunlaşır. Şahidlərin dindirilməsi başa çatıb, iyulun 4-də cinayət işinin materiallarındakı sənədlərin elanı başa çatıb, ardınca ötən il iyulun 10-da Gəncədəki meydanda aksiya zamanı lentə alınmış videogörüntülər nümayiş etdirilib.

Görüntülərdə təqsirləndirilən şəxslərdən bir neçəsi görünür. Amma onların bəziləri sadəcə, dayanıb, bir neçəsinin isə o ərazidən keçdiyi görünür. Yalnız Bəkrəm Əliyevin polis əməkdaşını itələdiyini görmək olar.

Aksiya zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenantı Səməd Abbasovu qətlə yetirdiyi bildirilən Rəşad Böyükkişiyevin meydanda əlində xəncər getdiyi, onun qarşısını ətrafdakılardan kimsənin, o cümlədən polislərin kəsmədiyi görünür.

Videogörüntülərin nümayişi zamanı təqsirləndirilən şəxslər etiraz ediblər. Bildiriblər ki, onlara aksiyada polislərə daş atmaları, R.Böyükkişiyevin polisləri öldürməsi üçün ona kömək edib şərait yaratmaları barədə ittiham verilib. Amma videolarda bunu təsdiqləyən heç bir fakt, sübut yoxdur.

“O görüntülər niyə yoxdur?”

Bəkrəm Əliyev deyib ki, video yarımçıqdır, onun polis əməkdaşı Samir Bayramovu necə itələdiyi görünür, amma əvvəlcə polis onu vurub: "O görüntülər niyə yoxdur?"

Vəkillər vəsatət verib ki, meydandakı Təhlükəsiz Şəhər Kameralarının qeydə aldığı görüntülər məhkəməyə təqdim olunsun. Çünki məhkəmədə nümayiş olunanlar həvəskar kameraların lentə aldığı, yarımçıq görüntülərdir.

***Buna da bax: Əli Həsənov Gəncə hadisələrindən danışdı

Hakim Dadaş İmanov vəsatəti təmin etməyib. Deyib ki, iş materiallarında olan görüntülər bunlardır, onlarla da kifayətlənəcəklər.

"Bizə cinayət törətdiyimizi sübut edən kadrlar göstərin. Küçədən keçmək, gördüyün nəyəsə baxmaq nə vaxtdan cinayət olub?", – təqsirləndirilən şəxslər etiraz ediblər.

Vəkillər bir sıra sübutların çıxarılması barədə də vəsatət qaldırıblar. Həmin sübutlar arasında təqsirləndirilən şəxslərin istintaqdakı etiraf xarakterli ifadələri, vəkillə təmin olunmaları, hüquqlarının izah edilməsi haqda sənədlər var. Təqsirləndirilən şəxslərin dediklərinə istinad edən vəkillər bildiriblər ki, onlara işgəncə altında həmin sənədlərə imza atdırılıb.

Bütövlükdə Gəncə hadisələrilə bağlı cinayət işinin materiallarında maddi sübut kimi 9 daş var. Vəkillər o daşların üzərindəki əl-barmaq izlərinin götürülməsi barədə də vəsatət qaldırıb. Müdafiəçilərin daha bir istəyi isə təqsirləndirilən şəxslərin onların iştirakıyla yenidən dindirilməsi haqda olub.

Təqsirləndirilən şəxslər arasında Emil Məmmədov var. O, həbs olunarkən 16 yaşı tamam olmayıb. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxs yalnız nümayəndənin iştirakıyla dindirilməlidir. Vəkillər deyir ki, nümayəndə ilk növbədə valideyn ola bilər. Emilin isə valideyni olduğu halda, iş materiallarında onun Gəncə şəhər İcra Hakimiyyətinin psixoloqunun iştirakıyla dindirilməsi əks olunub.

Məhkəmə bu vəsatətlərlə bağlı qərarını növbəti iclasda elan edəcək.

“Polisə aparıb işgəncə verdilər”

Gəncə hadisələrilə bağlı 7 nəfərlik daha bir qrupun işi üzrə araşdırma Bakı Apellyasiya Məhkəməsində gedir. Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə, Elvin Əliyev və digərlərinə 7 il 6 aydan 9 ilə qədər həbs cəzası verilib. Onlar ötən il iyulun 10-da Gəncədə iğtişaşların təşkili, polislərə qarşı müqavimət göstərmə kimi ittihamlarla cəzalandırılıblar. Amma onlar ittihamı qəbul etmir və hökmdən apellyasiya şikayəti veriblər.

Alim Yusifovun vəkili vəsatət vermişdi ki, onun əleyhinə ifadə vermiş polislər məhkəmədə dindirilsin. Hakim də vəsatəti təmin etmişdi. Amma iyulun 5-də hakim elan edib ki, polisləri dindirmək mümkün olmayacaq, çünki biri işdən çıxarılıb, başqa birinin mədəsində problem var, həkimlər ona gəlməyə icazə vermir.

Hakim polislərin ifadələrində xüsusi əhəmiyyətli məqamlar olmadığını desə də, vəkil razılaşmayıb: "Xeyr, kifayət qədər əhəmiyyətlidir. Yazır ki, guya iyulun 10-da onu polis idarəsinə dəvət ediblər, o da gəlib, idarədə söhbət zamanı iğtişaşların təşkilində iştirakını etiraf edib. Halbuki, bu adamı dörd gün sonra evindən götürüb Şəmkir rayon Polis Şöbəsinə aparıblar".

A.Yusifov da vəkilinin dediklərini təsdiqləyib: "Məni Şəmkir polisinə aparıb işgəncələr verdilər. Sonra məni Gəncəyə apardılar. Mən heç bilmirəm Zöhrab Məmmədov kimdir. Yalan yazıb orada..."

Bu məhkəmədə də videogörüntülər nümayiş etdirilib. Orada da təqsirləndirilən şəxslər etiraz edərək bildiriblər ki, ortada onların polisə daş atmasını, müqavimət göstərməsini sübut edən bircə kadr yoxdur.

Təqsirləndirilən şəxslərin etirazlarından sonra bu məhkəmə prosesi iyulun 19-na təxirə salınıb.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər.

Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb. Eyni zamanda məhkəmədə istintaq zamanı alçaldıcı işgəncələrə məruz qaldıqlarını bildirirlər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib.

XS
SM
MD
LG