Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:42

Azərbaycanda 20-25 yaş arasında hər 25 nəfərdən biri iş tapa bilir


Azərbaycan gənci: 11 dəqiqədə izah edirik
Gözlə

No media source currently available

0:00 0:11:05 0:00

Azərbaycan gənci: 11 dəqiqədə izah edirik

İşsizlik Azərbaycanda əhalinin ən çox dilə gətirdiyi sosial problemlərdəndir. Rəsmi rəqəmlərə görə, ölkədə işsizlik səviyyəsi 6 faiz civarındadır. Ancaq müstəqil ekspertlər hökumətin bu göstəricidə vətəndaşları yönləndirdiyini, manipulyasiyalara yol verdiyini düşünür. Pay torpağı olanların işsiz sayılmaması, evdar qadınların çoxluğu və digər bu kimi amillər hökumətə işsizliyin gerçək səviyyəsini gizlətmək imkanı verir. Bununla belə problem artıq gizlədilməz həddədir. Bugünlərdə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tərkibindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın açıqladığı rəqəmlər ölkədə iş tapmaqla bağlı çətinlikləri açıqca göstərir. Burada ən çox diqqətçəkən məqam gənclər arasında iş imkanlarının məhdudluğudur.

Qurumun nümayəndəsi bildirib ki, Azərbaycanda 20-25 yaş arasında olan və iş axtaran şəxslərin hər 25 nəfərindən biri (cəmi 4 faizi) iş tapa bilir. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərdən də görünür ki, ölkədə gənclər arasında işsizlik digər yaş qruplarıyla müqayisədə daha və kəskin dərəcədə yüksəkdir. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda 20-24 yaşlılar qrupundakı şəxslər arasında işsizlik qadınlar arasında 16.4 faizə, kişilər arasında isə 12.3 faiz olub. Bunlar ölkə üzrə orta göstəricidən iki-üç dəfə yüksək rəqəmlərdir.

Gənclərin işsizliyini coğrafi baxımdan gözdən keçirəndə məlum olur ki, şəhərlərdə işsizlik səviyyəsi daha çoxdur. Şəhərlərdə yaşayan 20-24 yaşlı kişilər arasında işsizlik səviyyəsi 22.3 faizdir. Şəhərlərdə yaşayan eyni yaş qrupundakı qadınlar arasında bu rəqəm 16 faizi ötür. Kəndlərdə isə, əksinə, qadınlar arasındakı işsizlik kişilərlə müqayisədə daha yüksəkdir. 20-24 yaşlılar arasında kəndlərdə yaşayan qadınların rəsmi işsizlik göstəricisi 16.5 faiz olduğu halda, kişilərdə bu göstərici 3.8 faizdir.

Yaş artdıqca iş tapmaq çətinləşir

Observatoriyanın açıqladığı rəqəmlər arasında yaş tələbi də diqqət çəkir. Qurumun araşdırmasında üzə çıxıb ki, Azərbaycanın əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. Qadınlara təklif edilən iş yerlərində tələb edilən orta yaş 30-a, kişilərdə 35-ə bərabər olub. Yaş qrupları üzrə ən çox problemlə üzləşən qrup yaşı 45-i aşanlardır. Onların ölkə əmək bazarında yeni iş tapmaq ehtimalı azalmaqdadır. Bütövlükdə insanlar yaşlandıqca onların əmək bazarının tələblərinə cavab verməməsi, təbii ki, hökumətin təhsil siyasətini gözdən keçirməsini qaçılmaz edir. Artıq dünyanın bir çox gəlişmiş ölkəsində işçilərin yeniliklərə uyğunlaşması və əmək bazarında rəqabətə tab gətirməsi üçün onların vaxtaşırı kurslara cəlb edilməsi, peşə bacarıqlarını artırması və məhz bu məqsədlə layihələr gerçəkləşdirilməsi normaya çevrilib. Azərbaycanda belə fəaliyyətin zəif olması ortayaşlı insanların əmək bazarında rəqabət qabiliyyətinin azalmasına və onların yaş artdıqca daha çox sosial problemlərlə üzləşmələrinə gətirib çıxarır.

Harada iş imkanları daha çoxdur?

Azərbaycanda ən çox hansı sektordan iş elanları gəlməsinə gəlincə, qurumun araşdırmasına görə, işəgötürənlərin hər beşindən biri bank-maliyyə sektorundakı şirkətlərdir. Sonrakı sırada pərakəndə sektor dayanır. Azərbaycanda əmək bazarında ən tələbatlı sahələr sırasında üçüncü yerdə informasiya texnologiyaları sektorudur.

İş elanlarının strukturunda təhsillə bağlı tələblər də diqqət çəkir. Hazırda təklif edilən iş elanlarının 70 faizində ali təhsil tələbi var. İşəgötürənlərin 23 faizi orta ixtisas diplomu tələb edir. İş elanlarının 7 faizində isə təhsil kateqoriyası göstərilmir. Digər diqqətçəkən məqam magistratura təhsili ilə bağlıdır. Ölkədə təklif edilən vakansiyaların cəmi 0.7 faizində namizədlərin magistratura təhsili alması tələb kimi göstərilib. Bununla belə, danmaq olmaz ki, son illərdə Azərbaycanda magistratura pilləsində təhsilə maraq çoxalır. 2017-2018-ci tədris ilində Azərbaycanda magistr təhsili almaq üçün 13 min şəxs üz tutubmuş. Ötən il bu rəqəm 20 minə yüksəlib. Deməli, dörd ildə magistratura oxumaq istəyənlərin sayı 50 faizdən çox artıb.

Təhsil bazarın tələblərinə uyğun deyil

İş elanlarının təhlili göstərir ki, ölkədə iş yerləri, demək olar, təkcə Abşeron yarımadasında yaranır. Qurumun açıqlamasına görə, işəgötürən şirkətlərin 92 faizinin ofisi Bakıdadır. İkinci yerdəki Sumqayıt şəhərinin payı cəmi 1.2 faizdir. İşəgötürənlərin 6 faizə yaxını digər bütün rayon və şəhərlərdə yerləşir.

Azərbaycanın əmək bazarında problem doğuran bir amil də ali təhsilin keyfiyyətidir. Araşdırmalara görə, iş axtaranların ixtisası ilə təhsili arasında tərs mütənasiblik var. Bu baxımdan, ölkədə ali təhsilli məzunlar da öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkir, məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar. Yalnız bundan sonra onların ixtisasları üzrə iş tapmaq ehtimalları artır.

XS
SM
MD
LG