Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:35

'The Washington Post' ABŞ generallarının Azərbaycan biznesindən yazır


General Uilyam III Freyzer Əfqanıstanın Tacikistanla sərhədində, may, 2012-ci il
General Uilyam III Freyzer Əfqanıstanın Tacikistanla sərhədində, may, 2012-ci il

"The Washington Post" qəzeti yazır ki, Əfqanıstan müharibəsinin qızğın vaxtlarında ABŞ-ın hərbi liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə tələsirdilər. Azərbaycanda korrupsiyanın geniş yayılmasına baxmayaraq, Pentaqon rəsmiləri Əliyevi ölkəsinin sərhədlərini və hava məkanını ABŞ və NATO-nun təchizat marşrutu üçün açılmasına sövq etməli idilər, məqalədə deyilir.

Qəzetin iddiasına görə, bu sövdələşmədə Əliyevə daha sıx diplomatik münasibətlər vəd olunurdu və Azərbaycanın Silk Way Airlines şirkətinə 369 milyon dollarlıq hərbi kontraktlar veriləcəkdi.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Məqalədə söhbət ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan iki generalından – Dankan Maknab (Duncan McNabb) və Uilyam III Freyzerdən (William Fraser III) gedir.

Qəzet iddia edir ki, 2008-2014-cü illərdə Əfqanıstana gedən təchizat yollarına nəzarət edən generallar hətta fəal hərbi xidmətdən getdikdən sonra da Silk Way Airlines şirkəti ilə konsaltinq sövdələşmələrindən mənfəətlənməyə çalışıblar.

"The Washington Post" yazır ki, onda olan informasiyaya görə, generallardan biri günə 5 min dollar qazanırmış.

Məqalədə deyilir ki, Pentaqon və Dövlət Departamenti adətən xarici dövlətlər və şirkətlərlə işləyən pensiyaçı hərbi heyət üzvlərinin ricalarını sorğu-sualsız icra edir. Qəzetin yazdığına görə, 2015-ci ildən bəri belə ricaların 95 faizinə razılıq verilib. Lakin Maknab və Freyzerin Azərbaycan sövdələşmələrindən xəbər tutan ABŞ Hərbi Hava Qüvvələri bu məsələdə potensial milli təhlükəsizilik problemi ola biləcəyinə dair xəbərdarlıq edib.

Şantaja bənzəyən xəbərdarlıq

Qeyd olunur ki, bu məsələyə görə sözügedən generallarla Hərbi Hava Qüvvələrinin (HHQ) mülki işlər vəkili R. Filip Divelin (R. Philip Deavel) arasında uzun çəkişmə olub.

Bu da bildirilir ki, HHQ rəsmiləri 2016-2021-ci illər arasındakı sorğulara ya cavab verməyiblər, ya da bildiriblər ki, soruşulan sənədləri tapa bilmirlər.

Qəzet yazır ki, yalnız bu il HHQ-ni məhkəməyə verəndən sonra nəhayət 400 səhifəlik sənədləri ala bilib.

Bu sənədlərdən bəlli olur ki, HHQ-nin kəşfiyyat rəsmiləri Azərbaycanla biznes əlaqələrinin əleyhinə olublar. Bunun səbəblərinə dair materiallar hələ də məxfi saxlanır.

Divel rəislərinə bildirib ki, nə Konqresdə, nə də mediada Silkway şirkətinə axan milyonlarla dolların yalnız milli təhlükəsizlik üçün lazım olmadığı barədə fikir yaranmamalıdır.

Buna baxmayaraq, generallar Hərbi Hava Qüvvələrinə öz konsaltinq bizneslərinə icazə almaq üçün təzyiqlər göstəriblər.

Məsələn, 2015-ci ilə aid bir memoda Freyzer xəbərdarlıq edib ki, ABŞ hökuməti onun Silk Way şirkəti üçün işləməsinə mane olarsa, Azərbaycandan buna sərt reaksiya verilə bilər. General əlavə edib ki, Əliyev hətta cavab olaraq ABŞ və NATO-nun Əfqanıstana təchizat yolunu bloklaya bilər.

Azərbaycan “açar” idi

The Washington Post yazır ki, ABŞ-ın Əfqanıstanda iki onillik davam edən müharibəsi Amerikanın hərbi veteranları üçün sərfəli bazar yaradıb. Freyzer və Maknab konsaltinq işindən ötrü hərbi hava qüvvələrinə icazə üçün müraciət edən 500-dən çox veterandan yalnız ikisi idi.

Hazırda 70 yaşları olan generallar ABŞ Nəqliyyat Komandanlığının (U.S. Transportation Command -Transcom) rəhbəri olduqları vaxtlarda çox sayda bu sayaq kontraktlara imza atıblar.

Maknab Transcom-un rəhbəri təyin ediləndə "The Washington Post" qəzetinə demişdi ki, onun ilkin vəzifələrindən biri də Əfqanıstana Rusiyadan yan keçən nəqliyyat marşrutlarının tapılması idi. Bu məsələdə yeganə ağlabatan variant Azərbaycan da daxil bir neçə keçmiş sovet respublikalarından keçən marşrutlar idi. Maknab demişdi ki, Azərbaycan bu mənada “açar” idi.

General deyib ki, Əliyev hökuməti təchizat yollarını açmağa hazır idi, amma qarşılığında nəsə istəyirdi.

Maknab Azərbaycan rəsmilərinə izah etmişdi ki, ABŞ belə məsələlərə görə heç kimə ödənişlər etmir.

"The Washington Post" iddia edir ki, Azərbaycan hər halda istədiyini “başqa yollarla” alıb.

Üç-beş aydan bir Bakıya baş çəkməli idi

ABŞ bazarına çıxış istəyən Silk Way Airlines şirkəti Maknabın Transcom-a komandanlığı dövründə ABŞ-dan 269 milyon dollarlıq müdafiə kontarktları alıb.

Qəzet yazır ki, bu kontrakt prosesində Maknab birbaşa rol oynamayıb. Lakin o bir dəfə Silk Way şirkətinin rəhbərinə İllinoys ştatında Scott Hərbi Hava Bazasındakı evində şam yeməyi verib.

General bildirir ki, “bu şirkət çox yaxşı işlər görüb”.

Maknab hərbi hava qüvvələrindən 2011-ci ildə tərxis olunub. Bundan 18 ay sonra onunla Silk Way Airlines şirkətindən əlaqə saxlayaraq mümkün biznes barədə təklif veriblər.

General bildirir ki, Silk Way Heydər Əliyev beynəlxalq hava limanındakı əməliyyat mərkəzinin modernləşdirilməsini istəyirdi. O 2013-cü ildə Azərbaycana gəlib və ona məsləhətçi vəzifəsi təklif olunub.

Maknab burada Ares Mobility Solutions konsaltinq firması yaradıb. Bu firma Silk Way şirkətindən əməkhaqqı kimi aya 10 min dollardan çox pul alırdı. General bu işin icraçısı kimi Bakıya hər üç-beş aydan bir gəlməli idi.

Federal qanunlara görə

Qəzet yazır ki, ABŞ-ın federal qanunlarına görə, ABŞ hərbiyyəsindən 20 ildən çox müddətdə qulluqdan sonra təqaüdə çıxan heyət üzvləri xarici hökumətdən iş təklifi alanda bunu silahlı qüvvələrə və Dövlət Departamentinə bildirməlidirlər.

Lakin Maknab bildirir ki, Silk Way Airlines holdinqin 23 şirkətindən biri idi və bu holdinqin tamamilə özəl olduğuna görə ABŞ hökumətindən icazə almağa ehtiyac qalmırdı.

Lakin ABŞ müstəntiqləri bununla razılaşmırlar.

Məqalədə deyilir ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2014-cü ildə Transcom başçısı kimi vəzifəsini başa vurmaqda olan Freyzerlə İllinoys ştatında görüşüb.

Qəzetin yazdığına görə, bu görüş zamanı Süleymanov deyib ki, Azərbaycan və ABŞ arasında hərbi və kommersiya əməkdaşlığı üçün geniş imkanlar var.

Freyzer də ordudan tərxis olunan kimi, 2014-cü ilin iyununda Silk Way Group şirkətindən iş təklifi alıb.

Maknabdan fərqli olaraq Freyzer bu təkliflə bağlı ABŞ hökumətindən icazə istəyirdi.

O 2014-cü ilin avqustunda yazırdı ki, bu şirkətin Azərbaycan hökumətinə bağlılığı barədə heç nə bilməyib.

Prezidentin qızı

AzadlıqRadiosunun 2010-cu ilə aid təhqiqatında bildirilirdi ki, İlham Əliyevin 21 yaşlı qızı Arzu Silk Way Group şirkətinə daxil Silk Way Bankın sahiblərindən biridir.

Freyzer ABŞ hökumətinə bildirmişdi ki, o, şirkətdə müxtəlif məsələlər barədə məsləhətlər verəcək və ayda 5 min dollar məvacib alacaq.

Lakin generalın müraciəti Pentaqonda dərhal diqqəti cəlb edib. Vəkil Divel bu qənaətdə idi ki, Freyzerin dediyinin əksinə olaraq Silk Way Group holdinqinin Azərbaycan hökumətinə bağlılığını göstərən aşkar əlamətlər var.

Bu da qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin Xüsusi Təhqiqatlar ofisindən Divelin sorğusuna gələn cavabda Silk Way şirkəti ilə bağlı ABŞ-ın “milli təhlükəsizlik narahatlığının” olduğu bildirilirdi.

Qəzet yazır ki, Freyzer ABŞ hökumətindən Silk Way şirkətində işləmək üçün uzun müddət icazə ala bilməyib.

'Mənə qaraciyər köçürülməsə, iki balam yetim qalacaq'
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Oğlu da Azərbaycanda işləyib

ABŞ Nəqliyyat Nazirliyinin 2015-ci ilə aid sənədində deyilir ki, Silk Way Group 100 faiz başqa bir özəl şirkətə aiddir və Silk Way Development LLC adlı bu şirkətin 95 faizi Zaur Axundovundur.

Freyzer hökumətdən icazə üçün yazdığı ərizədə Silk Way holdinqinin yox, Silk Way West Airlines şirkətinin məsləhətçisi olacağını bildirirdi.

Məqalədə vəkil Divelə istinadla deyilir ki, Freyzer bu müraciətində başqa bir faktı – oğlu Uilyam IV Freyzerin (William Fraser IV) də Azərbaycanda aviasiya sahəsində işlədiyini yazmayıb.

“Mak” ləqəbi ilə tanınan oğul Freyzer atasının tərxis olunmasından iki il əvvəl AZAL dövlət şirkətində şirkət prezidentinin ictimai əlaqələr və starteji kommunikasiyalar üzrə köməkçilərindən biri kimi işə başlamışdı.

Mac Freyzer deyib ki, o da Silk Way West Airlines şirkətində yarımştat vəzifədə çalışıb və daha sonra bu şirkətin Hyustonda mənzillənən marketinq direktoru kimi işə başlamaq üçün AZAL-dakı işini tərk edib.

Oğlu həmin vaxt atasına da bu şirkətdə iş təklif olunduğundan xəbərsiz olduğunu iddia edib.

O iddia edib ki, ümumiyyətlə atası ilə peşə və biznes yolları heç vaxt kəsişməyib.

Dövlət Departamenti də təəccüblənib

Qəzet yazır ki, keçmiş hərbçi olan Mak Freyzerin Azərbaycanda işləmək üçün ABŞ hökumətindən icazə almasına ehtiyac yox idi, çünki o orduda cəmi 4 il xidmət etmişdi.

Divel bidlirib ki, Dövlət Departamenti Silk Way və onun törəmə şirkətlərinin Azərbaycan hökumətinin nəzarətində olması faktı ilə razılaşıb.

Vəkilin sözlərinə görə, təqaüddə olan generalın bu iş təklifindən niyə belə israrla yapışması Dövlət Departamentini də təəccübləndirib.

Divelin dediyinə görə, o Maknabın Silk Way şirkətinə federal icazə olmadan məsləhətçi kimi işlədiyini bu yaxınlarda öyrənib.

Vəkilin hesabatında deyilir ki, Transcom Maknabın rəhbərliyi dövründə Silk Way şirkətinə 2,230, Freyzerin rəhbərliyi dövründə isə 1117 yükdaşımma missiyası sifariş edib. Bu sifarişlər şirkətə toplam 369 milyon dollar gəlir gətirib.

Vəkil bildirir ki, buna heç bir iradı yoxdur, amma Konqres və media generalların sonrakı məsləhətçi vəzifələrinə “haqq ödənişi” kimi baxa bilər.

Pensiyasını dayandırıblar

Məqalədə deyilir ki, bu məsələ ətrafında söz-söhbət 2015-ci ildə Hərbi Hava Qüvvələrinin baş müstəntiqi Maknabın Silk Way Airlines üçün federal icazə olmadan işləməsinin rəsmi araşdırmasına başlayanadək davam edib.

Bu da qeyd olunur ki, Maknab 2015-ci ilin 23 oktyabrında Pentaqonda üç müstəntiq tərəfindən dindirilib.

O israr edib ki, Silk Way Airlines şirkətinin Azərbaycan hökumətinə bağlılığı barədə heç nə bilməyib.

Maknab habelə qəzetə müsahibəsində deyib ki, o özünün Silk Way şirkətindəki işini bu şirkətə verilmiş müdafiə kontraktları üçün əvəz ödəməsi hesab etmir.

Hərbi Hava Qüvvələrinin baş müstəntiqi 2015-ci ilin noyabrında təhqiqatın nəticəsində bu qənaətə gəlib ki, Maknab federal hökumətdən icazə almadan işlədiyinə görə qanunları pozub.

Bu da qeyd olunur ki, bu qanunların pozulması cinayət əməli hesab olunmur, amma hərbiyyə generalları onların təqaüdünü dayandırmaqla cəzalandıra bilər.

Maknab ABŞ Müdafiə Nazirlyinin onu bu şəkildə cəzalandırdığını təsdiq edib.

Bu məqalədə deyilənlərə Azərbaycandan, hələlik, hər hansı münasibət bildirməyib.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP)də 2018-ci ildə yazırdı ki, vaxtilə hakim Əliyevlər ailəsinə bağlı olan SilkWay şirkəti ABŞ ordusu da daxil olmaqla müxtəlif biznes tərəfdaşlarından qeyri-şəffaf kontraktlar əldə edib.

XS
SM
MD
LG