Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:40

Gültəkin Hacıbəyli onu məhkəməyə verənin Türkiyədən gəlməsini tələb edir


Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Leyla Arif özü məhkəmə iclaslarına gəlmir. Hacıbəyli və vəkili isə tələb edir ki, onun özü də mütləq məhkəmədə iştirak etsin.

Hacıbəylinin Facebook sosial şəbəkəsində müzakirələr zamanı onun ünvanına "separatçı" yazmaqla böhtan atdığını iddia edən Leyla Arif azərbaycanlı olsa da, Türkiyədə yaşayır. Hacıbəylinin vəkili Aqil Layıc dekabrın 16-da məhkəmədə bildirib ki, xüsusi ittiham qaydasında iddia qaldıran şəxs özü mütləq məhkəmədə iştirak etməlidir.

Leyla Arifin vəkili isə deyir ki, onun gəlməsinə ehtiyac yoxdur, çünki həm nümayəndə, həm də vəkil kimi onu təmsil edir.

Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov bu məsələni, ümumiyyətlə, baxılmamış saxlayıb. Hacıbəyli onun işinə Nəsimi rayon Məhkəməsində baxılmasına etiraz edib. Vəkili məhkəməyə bu haqda yazılı ərizə verib.

"Heç bir hüquqi əsası olmayan kağız parçası ilə..."

"Ötən illər ərzində bu məhkəmədə istər övladım, istərsə də özümlə bağlı yalnız qanunsuz, sifarişli qərarlar çıxarılıb. İndi də heç bir hüquqi əsası olmayan kağız parçası ilə barəmdə cinayət işi başlayıb. Dövlət Sərhəd Xidməti məhkəməyə arayış göndərib ki, ölkədə yoxam, amma mənsiz məhkəmə iclasları keçirilir, iş icraata götürülür. Mənim isə heç nədən xəbərim olmur", – Hacıbəyli bildirib.

O vurğulayıb ki, Leyla Arifin şikayətçi olduğu müzakirələr Fuad Cəlilov adlı şəxsin yazdığı paylaşımın altında gedib. Həmin paylaşım isə bir neçə gün sonra silinib, hazırda mövcud deyil. Hacıbəylinin sözlərinə görə, onu mövcud olmayan bir şeyə görə cinayət məsuliyyətinə cəlb edirlər.

Xüsusi ittihamçının nümayəndəsi də təsdiqləyib ki, Hacıbəylinin iştirakı olmadan beş dəfə məhkəmə iclası keçirilib.

Etiraz bütövlükdə Nəsimi rayon Məhkəməsinə verildiyinə görə buna Bakı Apellyasiya Məhkəməsi baxıb qərar verməlidir. Bu üzdən məsələ qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırlatma

Gültəkin Hacıbəyli CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunur. Bu maddədə 2 ilədək islah işləri və ya 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da eyni müddətə azadlıqdan məhrum nəzərdə tutulub.

Leyla Arif iddia edir ki, Hacıbəyli Facebook sosial şəbəkəsində müzakirələr zamanı onu Əlikram Hümbətovdan müsahibə aldığına görə "separatçı" adlandırıb.

Hacıbəyli isə bu məhkəmə işini siyasi sifarişin nəticəsi hesab edir, düşünür ki, məqsəd onu susdurmaqdır.

Ə.Hümbətov 1993-cü ildə ölkənin cənubunda "Talış-Muğan Respublikası" elan edərək hakimiyyət əleyhinə hərbi qiyam qaldırmaqda günahlandırılırdı. O, məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. 2004-cü ildə isə əfv olunan Ə.Hümbətov elə həmin il Azərbaycandan mühacirət edib.

XS
SM
MD
LG