Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:32

Çağırışlara məhəl qoymayan 'Gürcü arzusu' prezident vəzifəsinə sağçı namizədini irəli sürüb


Baş nazir İrakli Kobaxidze, "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili və prezidentliyə yenicə namizəd olmuş deputat Mixeil Kavelaşvili.
Baş nazir İrakli Kobaxidze, "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili və prezidentliyə yenicə namizəd olmuş deputat Mixeil Kavelaşvili.

Gürcüstanda artan konstitusion fikir ayrılığına və müxalifətin yeni parlamenti boykot etməsinə baxmayaraq, "Gürcü arzusu" dekabrdakı mübahisəli prezident seçkisinə avroskeptik namizədini irəli sürüb.

Keçmiş futbolçu, 53 yaşlı sağçı populist Mixeil Kavelaşvili "Gürcü arzusu"nun antiqərb qolu olan "Xalqın gücü" partiyasının qurucularından biridir. Məhz bu partiya, prezident Salome Zurabişvili veto qoysa da, ötən il ölkədə geniş etirazlar doğuran "xarici agentlər haqqında" qanunu qəbul etdirib.

Kavelaşvili hökumətyönlü etirazların birində qanun tənqidçilərinin ölkədəki durumu qızışdırmağa çalışdığını söyləyib.

"Gerçək gürcü kişisi"

Ölkənin ən varlı şəxsi, keçmiş baş nazir, milyarder Bidzina İvanişvili Kavelaşvilinin "gerçək gürcü kişisinə xas" bütün özəlliklərə sahib olduğunu və "prezidentlik institutundan müvəqqəti alınan ləyaqət"i yenidən qaytaracağını bildirib.

Ali təhsilinin olmadığı iddia edilən Kavelaşvili Zurabişvilini Gürcüstan Konstitusiyasını təhqir etməkdə və ona umursamamaqda suçlayıb.

"Gürcü Arzusu" yeni parlamentdə 150 yerdən 88-ni qazanıb. Dağınıq gürcü müxalifəti oktyabrdakı parlament seçkilərinin nəticələrini ədalətsiz sayır və mandatların ləğvinə çalışır.

2017-ci ildən sonra ilk dəfə Gürcüstan prezidenti birbaşa seçkilər yolu ilə seçilməyəcək. Daha çox rəmzi məna daşıyan bu vəzifəni indiki prezident Zurabişvili "Rusiya qanunları"na qarşı çıxmaq üçün istifadə edib.

Zurabişvili hakim partiyanı Gürcüstanı zəbt etməkdə, ölkə konstitusiyasında əksini tapan və əhalinin 80 faizinin dəstəklədiyi Avrointeqrasiya yolundan yayındırmaqda ittiham edir.

Avropa İttifaqı rəsmi Tbilisinin bloka qoşulmaq ərizəsini qeyri-müəyyən müddətə dondurub, ABŞ isə bu ölkə ilə münasibətləri yenidən gözdən keçirəcəyini bildirib.

Xatırlatma

Rəsmi bilgilərə görə, hakim "Gürcü Arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.

XS
SM
MD
LG