Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:03

2 stula 5 şagirdin sığışdığı məktəb


Hacıqədirli kənd məktəbi
Hacıqədirli kənd məktəbi

-

«Masallının kənd məktəbindən yazmısız. İstəyirik ki, bizim də kəndin məktəbinin vəziyyətini işıqlandırasız. Görsünlər ki, məktəb sarıdan zillət çəkən təkcə Masallı məktəbliləri deyil…».

Ağsunun Hacıqədirli kənd sakinləri AzadlıqRadiosuna kənddəki məktəbdən danışırlar. İbrahim Mirzəyevin deməsinə görə, kənddə yeganə təhsil ocağı hesab olunan bu məktəb mal tövləsindən seçilmir. Fərq bircə ondadır ki, bu birmərtəbəli və bir neçə sinif otağından ibarət binada bir neçə parta və canını dişinə tutub kitab oxuyan şagirdlər var:

«MƏMURLARIN BAŞI CİBLƏRİNƏ QARIŞIB»

«Rayonda məmurların başı onun-bunun əkin sahəsini, örüş yerini, fermasını əlindən alıb qohum-əqrəbasına peşkəş etməyə, ciblərini doldurmağa qarışıb. Təhsili düşünən yoxdur. Uşaqlarımızı harada oxudaq, bilmirik. Kənddəki məktəb yararsız vəziyyətdədir».

«Məktəbin tavanı çökmüşdü, gətirib dikt taxtalar vurdular, o da çürüdü. Yağış uşaqların başına yağır. Məktəbdən çox tövləyə oxşayır. Odunu elə «sinif otağı» adlandırdıqları tövlənin bir küncünə yığırlar. Uşaqlar özləri odunu sobaya yığırlar, alışdırırlar, sinfi qızdırırlar. Uşağı məktəbə göndəririk, nigaran qalırıq. Uşaqlar məktəbdə odla oynayırlar. Evə qayıdanda geyimlərindən ocaq iyi gəlir».

Hacıqədirli kənd məktəbi
Hacıqədirli kənd məktəbi

«UŞAQLARIN HƏYATI TƏHLÜKƏDƏDİR»

Sakin Ədilə Qədimova: «O gün getmişəm, görürəm uşaq əlində maşa sobaya odun atır. 3-cü sinif şagirdidir. Mən evdə onu sobaya yaxın buraxmıram. Uşaqların həyatını təhlükəyə atırlar. Məktəb deyil, sanki taxtadan bir «budkadır». Alışsa, o uşaqların heç birini oradan salamat çıxarmaq olmaz. Uşaqların həyatı ilə oynayırlar. Ona görə də mən uşaqlarımı məktəbə buraxmağa qorxuram».

Ədilə xanım düz məktəbin pəncərəsinin altında qaz xətti olduğunu bildirir. Ancaq siniflərə qaz verilmir.

Sinif otağını qızdıran soba.
Sinif otağını qızdıran soba.

Bir neçə ibtidai sinif səhər növbəsində eyni sinif otağını bölüşməli olur. Bir parta arxasına azı 3, bəzən 4-5 şagird sığışmalı olur. Ədilə xanım:

«1, 2, 3, 4-cü sinif şagirdləri eyni vaxtda, eyni sinif otağında yerləşdirilir. Eyni parta arxasında 2 stulda 4 şagird oturdurlar. Sizcə o uşaq dərs qavrayar?..».

İLANLAR SİNİFƏ GİRMƏSİN DEYƏ...

Sakinin deməsinə görə, may ayı gələndə məktəbin döşəməsindəki deşikləri əski ilə doldururlar ki, sinif otağına ilan girməsin.

Sinif otağının tavanı.
Sinif otağının tavanı.

Məktəbdə işıq da yoxdur. Ona görə də qaş qaralana qədər dərsləri yekunlaşdırırlar ki, şagirdlər zülmət siniflərdə qalmasınlar.

Məktəblilərin başqa problemi də var. Kənd sakininin sözlərinə görə, üç övladı kənd məktəbində oxuyur. Hər səhər saat 6-da evdən çıxırlar, 5 kilometr yolu piyada gedirlər. Sakinlər icra hakimiyyətinə və bələdiyyəyə kəndiçi avtobus xəttinin açılması üçün müraciət ediblər. Ancaq müsbət cavab almayıblar.

Ağsu rayon İcra Hakimiyyətindən bildiriblər ki, Hacıqədirli kənd məktəbi yenidən qurulacaq. Bundan ötrü Təhsil Nazirliyi Nazirlər Kabinetinə müraciət edib. Qurumun dediklərindən belə çıxır ki, tezliklə valideynlər övladlarını məktəbə arxayın yola sala biləcəklər. Şagirdlərin həyatına qışda odun, maşa, istilər düşəndə qurd-quş qənim kəsilməyəcək.

XS
SM
MD
LG