Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:50

Azərbaycanda hərbçilərin pensiyaya çıxması çətinləşir


Xankəndidə hərbi parad. 2023
Xankəndidə hərbi parad. 2023

Milli Məclisə hərbçilərin pensiya təminatı ilə bağlı qanun layihəsi daxil olub. Layihədə "Hərbi qulluqçuların statusu haqqında", ""Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanunlarında dəyişiklik nəzərdə tutulur.

Dəyişikliklər arasında hərbi qulluqçuların pensiyaya çıxa bilməsi üçün tələb edilən xidmət müddətinin artırılması daha çox diqqət çəkir. Belə ki, indiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçəndən sonra pensiyaya çıxmaq hüququ əldə edirdilər. Qanun layihəsinə təklifdə həmin müddətin beş il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur. Başqa deyimlə, qanuna dəyişiklik təklifi qəbul edildikdən sonra hərbi qulluqçular pensiyaya çıxmaq üçün indiki ilə müqayisədə beş il daha çox işləməli olacaqlar. Qanun layihəsinin gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Xidmət müddəti tələbi niyə artırılır?

Hərbçilərin pensiyaya çıxa bilməsi üçün nəzərdə tutulan xidmət müddətinin artırılmasına dair rəsmi açıqlamada bu addım "hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək" ilə əlaqələndirir. Ancaq müstəqil ekspertlərin fikrincə, son illərdə hökumətin pensiya şərtlərini ağırlaşdırmaqda əsas məqsədi büdcə vəsaitlərinə qənaət etməkdir. Pensiyaçılarla bağlı açıqlanan rəqəmlər də ölkədə pensiya sistemindəki dəyişikliklərin hökumətin xərclərini azaltmağa kömək etdiyini təsdiqləyir.

2017-ci ildə ölkədə pensiya yaşı artırılmış və bu dövrdən bəri pensiyaçı sayında ardıcıl azalma qeydə alınmışdır. O vaxt Azərbaycanda yaşı 65-i aşan şəxslərin sayı 620 min nəfər idi. Ötən ilin sonunda bu rəqəm 803 min nəfərə yüksəlib. Başqa sözlə, bu dövr ərzində ölkədə 65 yaşdan yuxarı şəxslərin sayı 173 min nəfər artıb. Di gəl, yenə eyni dövrdə - 2017-2022-ci illər ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 782 min nəfərdən 707 min nəfərə geriləyib. 65 yaşdan yuxarı şəxslərin sayca artığı ortamda yaşa görə pensiya alanların sayca azalması pensiya sistemindəki dəyişikliklərin insanların 65 yaşa çatınca pensiyaya çıxmasını əngəlləməyə yönəldiyininin göstəricisidir. Hökumətin bu addımı atmaqda əsas məqsədi büdcədən sosial ödənişlərin maliyyələşməsinə xərclənən vəsaitə qənaət etməkdir. Onu da unutmaq olmaz ki, ölkədə son pensiya islahatları zamanı pensiya yaşı ilə yanaşı, staj və minimum pensiya kapitalı ilə bağlı şərtlər də sərtləşdirilib.

Azərbaycanda pensiya şərtlərini ödəyə bilməyən şəxslər yaşa görə müavinət alırlar. Müavinətin məbləği pensiya məbləği ilə müqayisədə daha azdır. Bu baxımdan, gələn ildən etibarən hökumət hərbçilərin pensiyaya çıxmasını çətinləşdirməklə pensiya alanların sayını bir qədər də azaldacaq.

DSMF-nin xərclərini hökumət yük kimi görür

Azərbaycanda pensiyalar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaiti hesabına ödənilir. DSMF-nin 2024-cü il büdcəsinin həm gəlirlərinin, həm də xərclərinin 6 milyard 920 milyon manat olması proqnozlaşdırılır. Azərbaycanda gəlir əldə edən işçilər və sahibkarlar gəlirlərinin bir hissəsini DMSF-yə yönəldir. DSMF-nin gələnilki büdcəsinin 76 faizi məcburi sığorta haqları, 24 faizi isə büdcə vəsaitləridir. DSMF-nin xərclərini qarşılamaq üçün dövlət büdcəsindən fonda ayrılan vəsaitin fondun toplam gəlirlərindəki payı əvvəlki dövrlərlə müqayisədə azalsa da, fondun gəlirlərinin hələ də hər dörd manatından biri büdcə hesabına qarşılanır. Müstəqil ekspertlərin fikrincə, Azərbaycanda pensiya şərtlərinin ağır olmasının əsas səbəblərindən biri məhz hökumətin bu xərclərdən yaxa qurtarmaq istəyidir. Gələn il DSMF-nin xərclərinin tam qarşılana bilməsi üçün büdcədən fonda 1 milyard 392 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, hökumət pensiya şərtlərini çətinləşdirməsəydi, həmin 1mmilyard 392 milyon manat bir neçə dəfə daha yüksək olacaqdı.

Bir çox gəlişmiş ölkələrdə pensiya məbləğlərinin qarşılanması üçün əlavə büdcə vəsaitlərinə o qədər çox ehtiyac duyulmur. Ancaq Azərbaycanda iş yerlərinin sayca azlığı, eləcə də ölkədə qeyri-rəsmi əmək münasibətlərinin geniş yayılması DSMF-nin xərclərini qarşılamaq üçün büdcədən əlavə vəsait ayrılmasını şərtləndirir. Bu baxımdan, hökumətin pensiya sisteminin dayanıqlı maliyyələşməsi üçün ata biləcəyi addımlardan biri ölkədə iş yeri sayının artırılması və qeyri-rəsmi əmək münasibətlərini aradan qaldırılması ola bilər. İş burasındadır ki, hökumət rəsmiləri uzun müddətdir yeni iş yerlərinin açılmasından və iqtisadiyyatın ağardılmasından söz açsa da, bu sahədəki rəqəmlər ciddi dəyişikliklərin olmadığını göstərir. Hökumətin fəaliyyətinin uğursuzluğu isə son nəticədə daha az insanın pensiya almasına səbəb olur.

Ölkədə əhalinin yaşlanma prosesinin sürətlənməsi də Azərbaycanın pensiya sistemi ilə bağlı yeni çağırışları ortaya çıxarır. Hesablama Palatasının DSMF-nin 2024-cü il büdcəsi ilə bağlı rəyində deyilir ki, pensiya təminatı sisteminin dayanıqlığının təhlili zamanı nəzərə alınan elementlərdən biri də əməkqabiliyyətli yaşda (20-64 yaş) olan hər 100 nəfərə düşən 65 və yuxarı yaşda olan şəxslərin sayıdır. Azərbaycanda uyğun göstərici 2020-ci ildə 10.4 faiz, 2021-ci ildə 10.9 faiz, ötən il 11.5 faiz, bu ilsə 12.2 faiz olub. Nisbətin artan tendensiya üzrə davam etməsi Azərbaycanda da yaşlanmanın baş verdiyini əks etdirir.

XS
SM
MD
LG