Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34

ICJ Azərbaycan və Ermənistanın şikayətlərinə baxmaq yurisdiksiyası olduğunu bildirir. Reaksiyalar


Beynəlxalq Ədalət Məhkəməsi (ICJ)
Beynəlxalq Ədalət Məhkəməsi (ICJ)

BMT-nın Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) noyabrın 12-də bəyan edib ki, Ermənistanla Azərbaycanın Qarabağla bağlı qarşılıqlı şikayətlərinə baxmaq üçün yurisdiksiyası var.

Məhkəmə kollegiyasının 17 üzvünün yekdilliklə qəbul etdiyi qərar ICJ-yə 2021-ci ilin sentyabrında göndərilən qarşılıqlı şikayətlərə aiddir.

Üstəlik, ICJ Ermənistanın iki etirazını təmin, birini isə rədd edib.

Ermənistan iddia edir ki, Azərbaycan irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozub və regionda "etnik təmizləmə" siyasəti aparıb.

Azərbaycan ittihamları rədd edərək ICJ-yə qarşılıqlı iddia göndərib. Rəsmi Bakı Ermənistanı nifrət və "irqçi" təbliğata təhrik etməkdə günahlandırıb.

Azərbaycan XİN-in mövqeyi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Ədalət Məhkəməsinin noyabrın 12-də verdiyi qərarla bağlı açıqlama yayıb.

XİN bildirir ki, "Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq".

Açıqlamaya görə, məhkəmə Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsinə dair iddiaların qərardan çıxarılması cəhdlərini rədd edib.

XİN hesab edir ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, sülh sazişini təhdid altında qoyur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Hazırda iki ölkə arasında sülh danışıqları gedir.

2021-ci ilin dekabrında ICJ təcili qərar çıxararaq hər iki tərəfi irqi nifrətin qızışdırılması və təşviqinin qarşısını almağa səsləyib.

Qarşılıqlı iddialara görə dinləmələrin nə vaxt keçiriləcəyi açıqlanmayıb.

ICJ-in bu işlərlə bağlı qərarları illər sonra verilə bilər. Məhkəmənin qərarlarının icrası məcburi hesab olunsa da, onları icra etdirmək mexanizmi mövcud deyil.

XS
SM
MD
LG