Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:37

Dövlət ev tikmir, özəl şirkətlərsə…


arxiv foto
arxiv foto

“Şirkət 1 ilə təhvil verməli olduğu mənzili heç 8 ilə də verə bilməyib. Evin pulunun çox hissəsini ödəmişdim. 12 min manat qalmışdı. Bir də xəbər tutdum ki, mənimlə müqavilə bağlanmış mənzil başqasına satılıb”.

Bakı sakini İlhamə Abdullayeva deyir ki, 8 il öncə mənzil almaq üçün “İdeal-İ-İnşaat” MMC ilə müqavilə bağlayıb. Ancaq isti ev-eşik sahibi olmaq istəyi baş tutmayıb. Əvəzində 2 ilə yaxındır, məhkəmə qapılarında qalıb.

35 MİN MANATIN 23 MİNİNİ ÖDƏYİB

Xanımın sözlərinə görə, 2007-ci ildə mənzil almaqdan ötrü “İdeal-İ-İnşaat” MMC-yə ilkin 10 min manat ödəyərək ev alıb. Müqavilədə şirkətin S.Vəzirov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında ümumi yaşayış sahəsi 63,4 kvadratmetr olan mənzilin 24 ay müddətində tikilib payçıya təhvil verilməsi nəzərdə tutulub. Müqavilə üzrə payçı 35 min 500 manat məbləğin 23 min 423 manatını da şirkətə ödəyib, 12 min manat borcu qalıb.

İlhamə Abdullayeva deyir ki, 2008-ci ilin əvvəllərində vəsaiti ödəmək məqsədilə şirkətə gedərkən məlum olub ki, binanın tikintisi dayandırılıb:

“Tikintinin dayanma səbəbini öyrənmək üçün şirkətin vəzifəli şəxsləri ilə dəfələrlə əlaqə saxlasam da, hər dəfə aldadıldım. Son ödənişi 2008-ci ilin mayında elədim. Ev 24 aya təhvil verilməli idi. Pulu ödəyirdim, amma görürdüm ki, binanın heç özülü də qazılmayıb. Televizorda ev alqı-satqısı dələduzluğu ilə bağlı bəzi şeylər eşidirdim, özlüyümdə narahat olurdum. Şirkətin rəhbəri İsa müəllimdən soruşurdum ki, “bəs, ev niyə tikilmir. O da mənə söz verirdi ki, “tikiləcək”. İki uşağımla gah kirayədə, gah da ana-atamın evində qalırdım. İlkin ödənişə verdiyim məbləğ atamın illərlə yığdığı pul idi. 2007-ci ildə müqavilə imzalamışıq. Artıq 9 ildir ki, həmin binadan heç kimə ev təhvil verilməyib”.

“MÜQAVİLƏNİ ÖZLƏRİ POZMUŞDULAR”

Deyir, borcun çox hissəsi ödənilib, cəmi 12 min manatı qalsa da, ortada evin olmaması onu şübhəyə salıb və şübhələri özünü doğruldub. Ancaq çox keçməyib. Bu azmış kimi, bir də xəbər tutub ki, müqavilə ilə ona satılmış mənzil başqasına satılıb:

“Şirkətin rəhbəri İsa müəllim dedi ki, “evin satılıb”. Halbuki onlar özü bizimlə imzaladıqları müqaviləni pozmuşdular. Belə ki, müqavilə 24 aylıq idi, amma ev 8 il ərzində təhvil verilməmişdi”.

İlhamə Abdullayeva “İdeal-İ-İnşaat” MMC-yə qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsi qismən təmin olunub və sözügedən mənzilin tikilib İlhamə Abdullayevaya təhvil verilməsi ilə bağlı qətnamə çıxarılıb:

“Qarşı tərəf Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdi. Şirkət bu dəfə də məhkəmədə qanunsuz əməllərini davam etdirib köhnə tarixə başqa şəxsə saxta müqavilə hazırladı. Guya ödəniş etmədiyimə görə mənimlə bağlanan müqaviləni ləğv etdilər. Apellyasiya Məhkəməsi onların xeyrinə qərar çıxardı. Biz də Ali Məhkəməyə müraciət etdik. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 17 mart, 2015-ci il tarixli qətnaməsini ləğv edərək işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərdi”.

“QƏRAR XEYRİMİZƏ OLACAQ”

Şikayətçi deyir ki, növbəti apellyasiya şikayətinə ötən il sentyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə baxılıb:

“Məhkəmə başlamamışdan “İdeal-İ-İnşaat” MMC-nin nümayəndəsi mənə yaxınlaşaraq gülə-gülə məhkəmənin qərarının çoxdan hazır olduğunu, apelyasiya şikayətlərinin yenidən təmin olunacağını bildirdi. “Get nə edirsən et, qərar bizim xeyrimizə olacaq. Sabah sənə məhkəmənin qərarını göstərəcəyik ki, biz udmuşuq” dedi. Doğrudan da sabahı gün məhkəmə bizim əleyhimizə qərar çıxardı”.

“İdeal-İ-İnşaat” MMC-nin məhkəmələrə təzyiq göstərdiyini iddia edən İ.Abdullayeva ölkə başçısından kömək istəyir: “Üzümü prezidentə tutub deyirəm ki, “İdeal-İ-İnşaat” MMC-nin bu qanunsuz əməllərinin davam etməsinin, müxtəlif yollarla məhkəmələrə təzyiq və təsirlər etməsinin qarşısını yalnız Siz ala bilərsiniz”.

“İdeal-İ-İnşaat” MMC-dən “Qaynar xətt”ə bildirilib ki, İlhamə Abdullayeva ödənişləri gecikdirdiyindən onunla bağlanmış müqaviləyə xitam verilib. Yaranmış mübahisələrə hüquq müstəvisində qiymət verilib.

XS
SM
MD
LG